Qazax sakinləri nazirə şikayət etdi: "Ağsaqqala qapaz vuranın..."-VİDEO
15-02-2017, 17:55
Qazax rayon sakinləri Qazax Məhkəməsi icra qrupunda işləyən Ramiz Şəmmədovdan şikayətçidirlər.
Qaynarinfo.Az-a məlumat verən rayon sakinləri bildirirlər ki, Ramiz Şəmmədov vəzifəsindən sui-istifadə edərək öz başınalıqlar edir. Qazaxlılar Ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazaraq xahiş edirlər ki, Ramiz Şəmmədovu tutduğu vəzifədən uzaqlaşdırsın. Redaksiyaya ünvanlanan açıq məktubu təqdim edirik:
"Hörmətli cənab nazir!
Qazaxlıların şikayəti Qazax Məhkəməsi icra qrupunda işləyən Ramiz Şəmmədovdandır. Qazaxlılar adından sizdən xahiş edirik Ramiz Şəmmədovu tutduğu vəzifədən uzaqlaşdırasınız. Çünki Ramiz Şəmmədovun Qazaxda etdiyi özbaşınalıqlardan hər kəs xəbərdardır..
Qazaxda İlham Civişov adlı şəxsin çayxanasını boşaltdırarkən ağsaqqal kişinin başına-başına vuraraq çıxarmasının Qazaxlılar şahidi oldu. Kişi ona sual verəndə ki “məni niyə vurursan” Ramiz Şəmmədov deyir ki “yaxşı eləyirəm”. Bu faktlar hamısı videoda əks olunub.
Məhkəmə icrası qapaz və yumruqla olunduğu qanunda varsa onda bizim bir sözümüz yoxdur.
Ən bağışlanmaz isə qadına qarşı etdiyi zorakılıq və Azərbaycan mentalitetinə sığışmayan ifadələri Qazax ziyalıları və ictimayyət tərəfindən çox pis qarşılanıb. Ramiz Şəmmədov məlum videoda ağbirçək qadına qarşı işlətdiyi “saçını da yolsan, özünü yerə də vursan çıxmalısan” ifadəsini bir qadına qarşı oluna biləcək hörmətsizliyin ən yüksək həddidir. Hər şeydən əvvəl Azərbaycan qadını Azərbaycan əsgərinin anasıdır, bizim və sizlərin bacısı, anası və qızıdır. Məmur öz işini icra etmək istəyirsə bunu zəhmət çəkib qanuni yolla və mədəniyyətlə icra etməlidir. Milli dəyərlərimizi tapdamamalıdır. Azərbaycan qadınını təhqir etməməlidir. Həmin qadını sakitləşdirmək əvəzinə ifadələriylə onu özünə qəsd etməyə sürükləmək qeyri-peşəkar yanaşma olmaqla yanaşı, həm də kobud səhvdir. Maraqlıdır ki, Ramiz Şəmmədov öz ana və bacısına və qapazladığı o kişinin yerində ata və qardaşı olsaydı, belə bir ifadənin və zorakılığın tətbiqinə dözərdimi?
Ramiz Şəmmədovun bu əməllərinə etiraz olaraq bir qrup ziyalılar və Qazax sakinləri 8 mart Beynəlxalq qadınlar günü ana və bacılarımıza hörmət və sayğı əlaməti olaraq Qazax Məhkəməsinin qarşısında piket keçirəcəyik və oradan cənab prezident İlham Əliyev cənablarına müraciət ünvanlayacağıq. Onun aliment alan qadınlarla faizə işləməsi də artıq heç kəs üçün sirr deyil. Bunu onun özü dəfələrlə aliment ödəyicilərinə bildiribdir. İcra işlərində yalnız öz maddi marağından çıxış edir. Haqlı haqsız ona rüşvət verənin tərəfini saxlayır.
Hörmətli cənab nazir!
Ramiz Şəmmədovun kobud şəkildə Azərbaycan qadınını aşağılaması düşünürük ki yolverilməzdir. Ona görədə bütün Qazax ziyalıları və Qazaxlılar adından Ramiz Şəmmədovun cəzalanmasını və tutduğu vəzifədən kənarlaşdırılmasını sizdən xahiş edirik.”