“Tegeta Motors”u təbliğ edən Natiq Zərbəliyev: “Bu, alverdir” – VİDEO + FOTOLAR

22-02-2017, 09:39           
“Tegeta Motors”u təbliğ edən Natiq Zərbəliyev: “Bu, alverdir” – VİDEO + FOTOLAR
Bu yaxınlarda Badamdar qəsəbəsində “Aztech Tegeta Motors”un açılış mərasimi oldu. Gürcüstanda avtomobil bazarında monopolist kimi tanınan “Tegeta Motors”un nümayəndəliyi olan “Aztech Tegeta Motors”un açılışından əvvəl, ölkə mətbuatında bir çox maraqlı məlumatlar dərc olunmuşdu.
Belə ki, “Tegeta Motors”un sahibi Temur Koxodzenin Ermənistanla yaxın əlaqələri, habelə, şirkətlərində ermənilərə, xüsusilə də Suriya ermənilərinə qarşı diqqətlə yanaşması barədə məlumatlar ictimaiyyətin diqqətini cəlb etmişdi.
Bundan başqa, bu yaxınlarda “Tegeta Motors”un nümayəndələri LEGİON-a bildirdilər ki, “Tegeta Motors” həqiqətən də Bakıda filial açmağa hazırlaşır.

“Tegeta Motors” şirkətinin nümayəndəsi Georgiy Laladze bizə bildirib ki, onun şirkətində azərbaycanlılar işləmirlər. Şirkətin digər əməkdaşı Tata Qoqua bildirdi ki, “Tegeta Motors”un Ermənistanda filialı yoxdur. “Əvvəllər həqiqətən də bizim Ermənistanda filialımız var idi. Amma bu gün Ermənistanda öz filialımız yoxdur. Amma biz orada öz filialımızı açmaq niyyətindəyik”, – deyə Tata Qoqua bildirib.
Şirkətin əməkdaşı bildirdi ki, həqiqətən də “Tegeta Motors” şirkətində erməni millətinin nümayəndələri işləyir.

Xatırladaq ki, Youtube-da “Tegeta Motors”un İrəvandakı ofisinin açılışı barədə Ermənistan TV-lərinin hazırlaşdığı reportajlara rast gəlmək olar. News.am saytında bildirilir ki, “Tegeta Motors” Ermənistanda bir neçə mərkəz açmağa hazırlaşır. Daim Azərbaycana kin-küdurət püskürdən “Armenpress” saytında isə “Flash Tegeta Motors”un baş direktoru Suren Mixataryanın dilindən bildirilir ki, İrəvandakı törəmə şirkətin 80 işçisindən 10-u Suriya ermənisidir və bu rəqəm tezliklə artacaq (bu məqalə 2012-ci ildə dərc olunub – red.).

Həmçinin, bu günlərdə LEGİON-da dərc olunan “Lapşin Bakıya qandalla gəlir, Koxodze isə şarlarla?” başlıqlı yazıda qeyd olunurdu: “Fevralın 15-də “Aztech Tegeta Motors”un Badamdarda (köhnə “Saba Cars”ın bazasında) açılışı gözlənilir. Fevralın 26-da isə Azərbaycan xalqı Xocalı faciəsinin 25-ci ildönümünü anacaq… Fevral ayı artıq 25 ildir xalqımız üçün ağır və ağrılı bir ay olaraq qalır. İnanmaq istərdik ki, hörmətli Azərbaycan məmurları xalqımızın ağrılarını daha da artıran, düşünülməmiş addımlara yol verməyəcəklər”.

Lakin maraqlıdır ki, açılış baş tutdu və bu mərasimin sosial şəbəkələrdə və mətbuatda təbliğatında fərqlənənlərdən biri də, jurnalist Natiq Zərbəliyev oldu.
LEGİON əməkdaşı sosial şəbəkə vasitəsilə Natiq Zərbəliyevlə əlaqə saxlayaraq, ondan müsahibə almaq istədiyini bildirdi. Natiq Zərbəliyev telefon nömrəsini yazmasa da, sosial şəbəkədə bəzi suallarımıza cavab verdi (qeyd edək ki, bu yazışmadakı fikirlərin dərcinə Natiq Zərbəliyevin özü də razılıq verib – red.).

“Siz bu günlərdə “Aztech Tegeta Motors”un açılışında iştirak etmisiniz və hətta belə desək, təbliğatına dəstək vermisiniz. Bu şirkətin Ermənistanla da sıx əlaqələri, hətta Gürcüstandakı müəssisələrində azərbaycanlılara iş verməməsi barədə məlumatlardan xəbərdarmısınız?” – deyə soruşduq.
“Mən başqa mənbələrdən dəqiqləşdirdim, özüm məlumat topladım. Bu, böhtandır”, – deyə N.Zərbəliyev bildirdi.
“Bu şirkətin Dağlıq Qarabağa da avadanlıqlar satması barədə bəzi məlumatlar var”, – deyə qeyd etdik.
“Böhtandır, əlinizdə materiallar varsa, dərc edin”, – deyə həmsöhbətimiz bildirdi.

Biz N.Zərbəliyevə xatırlatdıq ki, Ermənistandakı təqdimat barədə LEGİON heç bir böhtan atmayıb və yazılar zamanı qarşı tərəfin fikri də öyrənilib. Həmçinin, şirkət rəsmilərinin öz etiraflarını da qeyd etdik.

N.Zərbəliyev isə “qarşı tərəfin mövqeyi” məsələsinin jurnalistikaya dəxli olmadığını, “alver məsələsi olduğunu” bildirdi, hətta ritorik sualla çıxış etdi: “Mən bunu sizə Həsən bəy Zərdabi mükafatçısı kimi deyirəm. Vətəni məndən çox kim sevə bilər ki?”.
Hətta onun fikrincə, peşəkar agentliklər və rəsmi dairələr bu “böhtan”lara əhəmiyyət vermədi. Onun sözlərinə görə, dövlət icazə verib və mətbuatın nə yazdığı artıq məna daşımır.

Həmsöhbətimiz “Tegeta Motors”da azərbaycanlılara iş verilməməsini, həmvətənlərimizin gürcü dili bilməməsi ilə əlaqələndirir: ”
“Bəlkə də, Tiflisdə işləmək üçün hər hansı şirkət gürcü dili bilənlərə üstünlük verir. Bu sadəcə mənim mülahizələrimdir. O ki qaldı yerli şirkətlərin sıxışdırılmasına, sizin fikrinizlə, hər hansı böhtan və şayiələrə əsasən, xarici şirkətləri bazara buraxmasaq, bu ölkə iqtisadiyyatına fayda vercəkmi?”, – deyə Natiq Zərbəliyev ritorik sual səsləndirdi.

O, sözügedən şirkətin “yayılan böhtanlara görə”, məhkəməyə də müraciət edəcəyi barədə məlumatı olduğunu əlavə etdi.

Sözardı: Hörmətli həmkarımız Natiq Zərbəliyevə qarşı tərəfin mövqeyini öyrənməyin qanunlarda yazıldığını desək də, həmkarımız bizə “həddi aşmayın” deyərək tövsiyə verdi. Həsən bəy Zərdabi mükafatçısı qarşı tərəfin mövqeyini öyrənməyə “alver” diaqnozu qoyursa, Natiq Zərbəliyevlə alış-verişimizi burda yekunlaşdırmağı lazım bildik. Allah bazar versin!





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.