Usubov Vidadi Zeynalovun rəis qohumunu işdən qovub - Polkovnik hara qaçıb?

22-02-2017, 17:13           

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun vəzifədə işləyən qohumları, işbirliyində olduğu şəxslərin bir qismi görəvdən alınır.

BakiPost.az xəbər verir ki, belə şəxslərdən bir də Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyevdi. O, ötən ilin sentyabr ayında vəzifəsindən azad olunub. Həmin vaxt rəisin təqaüdə göndərildiyi deyilsə də, əslində, onun Daxili İşlər Orqanlarından xaric edildiyi məlum olub. İddia olunur ki, buna səbəb "Rabitə işi”ndə polis rəisinin də adının keçməsi olub. Mübariz Mehralıyev Vidadi Zeynalovun yaxın qohumu, eyni zamanda bacısı qızının əridir. Məlum olub ki, Vidadi Zeynalovun cinayət əməllərində rəisin, daha çox isə onun ailə üzvlərinin, yaxın adamlarının payı olub. Aparat rəhbəri öz imkanlarından istifadə edərək, qohumlarını vacib postlara yerləşdirib və müəyyən əməliyyatları onların adıyla həyata keçirib.

Elə buna görə də, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cəmi bir il əvvəl - 2015-ci ilin yanvarında təyin etdiyi rəisi DİN-dən qovub. Məlumata görə, bundan qorxuya düşən rəis ailəsini də götürüb Türkiyəyə qaçıb. Hazırda da xarici ölkələrin birində yaşadığı deyilən keçmiş rəisin bizneslə məşğul olduğu barədə məlumatlar var.

Mübariz Mehreliyev "Rabitə işi”ndə Zeynalovun ən yaxın qohumu kimi adı keçən, milyarder məmur, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyevin qardaşıdır.

Qeyd edək ki, V.Zeynalov nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham olunur.

O, 2015-ci ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə həbs olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.