"Parabank"-ın paralı "razborşik" dəstəsi - Bankirin adı qətl işində

7-07-2015, 21:08           
"Parabank"-ın paralı "razborşik" dəstəsi - Bankirin adı qətl işində
Xəbər verildiyi kimi, “Kia Motors Az” MMC-nin dövlətdən gizlətdiyi 40 milyona yaxın pul "Parabank"ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətdə dövriyyəyə buraxılıb. Həmin pullar pul köçürmələri və tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib.

Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və “Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı - Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub. Bu informasiya ölkə mediasında, ictimaiyyət arasında və olayla bağlı əlaqədar qurumlarda böyük əks-səda yaradıb (Məsələ ilə bağlı yayımladığımız informasiyaları bu linklərdən oxuya bilərsiniz).

680 min manatın 8 zərbəsi

Bu arada AzNews.az-a Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi, eləcə də “Kia Motors Az” MMC ilə "Parabank"ın dövlətə qarşı etdiyi fırıldaqlarıyla bağlı ilginc məlumatlar daxil olub.

Hazırda Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox məqamlar ortaya çıxıb. İlk növbədə Fərhad Abbasovun guya, özünə 8 bıçaq zərbəsi vurması versiyasının kifayət qədər şübhəli olduğu, çox güman ki, onun özünə qəsd etmədiyi, kim və ya kimlərsə tərəfindən qətlə yetirildiyi məsələsi gündəmə gəlib. Elə kifayət qədər əsaslı şübhələr olduğundandır ki, 2012-ci ildə xitam verilən iş, Bakı Şəhər Prokurorluğunu tərəfindən yenidən araşdırılmağa başlayıb. Və elə iş materiallarına baxış zamanı çox ciddi şübhəli məqamlar ortaya çıxıb. Müstəntiqin diqqətini çəkən əsas məsələlərdən biri Fərhad Abbasovun özünə 8 bıçaq vurmasıdır. Təcrübəyə əsasən, intihar edən şəxs özünə 3 bıçaq zərbəsindən artıq vura bilmir. Bu isə özünə 8 bıçaq zərbəsi vurub(?). Eyni zamanda müstəntiq ekspert rəyinə baxarkən daha bir maraqlı məqamda “ilişib”. Məlum olub ki, bıçağın birincisi mərhumun köynəyinin üstündən, digərləri isə köynək yuxarı qaldırıldıqdan sonra vurulub. Bu “səliqəli” hərəkət əlbəttə intihar edən adamın öz “əli işi” ola bilməz.

Maraqlıdır ki, bu və onlarla belə şübhəli məqamlar Binəqədi Prokurorluğunun diqqətini çəkməyib, tez-bazar işi xətm ediblər...

“KİA”-nın rəhbəri onu öldürəcəyini deyirmiş...

Məsələ ilə bağlı dindirilən şahidlərin ifadələri isə, Fərhad Abbasovun öldürülməsi şübhəsini qətiləşdirir. Belə ki, bankda yoxa çıxan 1 milyona yaxın pula görə, həbsə salınan "Parabank"ın Nəsimi filialının xəzinədarı olmuş Kazımov Ülvi Elçin oğlunun məsələ ilə bağlı ifadəsi maraqlıdır. O bildirir ki, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini, öldürəcəyini deyirmiş.

Bankirin qoçu dəstəsi...

Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən təhdidlərə məruz qaldığını bildirirmiş. Ülvinin ifadəsinə görə, mərhum hadisədən bir neçə gün əvvəl S.Səfərov tərəfindən harasa çağırılıb və ona son dəfə xəbərdarlıq edildiyini bildirib. Bundan başqa, məlum olub ki, S.Səfərovun oğlu Əşrəf Səfərov 10 yaxın idmançı görkəmli şəxslə onu “söhbətə” çağırıb və döyüblər. Yeri gəlmişkən, Parabankın “Nəsimi” filialına faktiki rəhbərlik edən Ə.Səfərov kriminala yaxın şəxs hesab edilir. O, xoşu gəlməyən adamlarla özünün qoçu dəstəsiylə haqq-hesab çəkməyi xoşlayır. Bu, fikirlər hazırda həbsdə olan Ülvinin anası Maya Kazımovanın prezident İlham Əliyevə və ölkənin birinci xanımına ünvanlandığı məktubda da yer alır. Müraciətdə bildirilir ki, o, qoçu dəstəsinə böyük oğlu Ehtiram Kazımovu döydürüb və ümumi dəyəri 130 min manat olan əmlaklarını (Xırdalanda iki otaqlı mənzil, avtomobil və.s) əllərindən aldırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.