Göyçayın “kiçik padşahı” kimdir – Arif Əliyev, yoxsa…? FOTO/VİDEO

30-08-2017, 08:58           
Göyçayın “kiçik padşahı” kimdir – Arif Əliyev, yoxsa…? FOTO/VİDEO
İxtisasça şərab mütəxəssisi olan Arif Əliyev adlı birisi 1999-cu ildə “Göyçay-Avtonəqliyyat” ASC-nin sədri təyin olunandan göyçaylıların qara günü başlayıb. Yeni sədr təkcə rəhbəri təyin olunduğu şirkəti istədiyi kimi idarə etməklə qalmayıb, həm də onun idarəsiylə əlaqəsi olmayan obyektləri də kiçik sahibkarların başına uçurub”.

Hazırda Almaniyada Göyçay sakini İsmayıl Rüstəm oğlu İsmayılovun teref.az-ya göndərdiyi məktubdan belə anlaşılır.

Məktub ölkə başçısı İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə və Baş Prokuror Zakir Qaralova ünvanlanıb. Şikayət məktubuna həmçinin İsmayıl İsmayılovun şəxsi təşəbbüsü ilə hazırlanan video-görüntü də əlavə olunub. Həmin videoda “Göyçay-Avtonəqliyyat” rəhbərinin qəzəbinə gəlmiş rayon sakinləri başlarına gətirilən müsibətlərdən danışırlar.

Rayonlardakı “kiçik padişahların” əməlləri barədə əyani təsəvvür yaradan şikayət məktubunu və videonu oxucularımızla paylaşır, müvafiq orqanların bu məsələni araşdıracağına ümid edirik:



“Göyçay şəhəri Nizami küçəsi ev 69 sakini İsmayılov Rüstəm İsmayıl oğlu tərəfindən



ŞİKAYƏT MƏKTUBU

Mən, Göyçay rayonu Nizami küçəsi ev 69 sakini hazırda Almaniyada müvəqqəti yaşayan İsmayılov Rüstəm İsmayıl oğlu mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə və Baş Prokuror cənab Zakir Qaralova müraciət edirəm.

Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev saxtakarlıq yolu ilə mənim və əllidən çox Göyçay sakinlərinin səhmlərini mənimsəyib, əmlakını məhv edib özününküləşdirməklə ağır cinayət törətsədə onun barəsində heç bir tədbir görülmür, baxmayaraq ki, bu barədə çoxsayda şikayətlər etmişəm. Cinayətkar Arif Əliyev Göyçay Avtonəqliyyat ASC-ni saxtakarlıqla öz əlinə keçirib orada qanunsuz bazar fəaliyyəti ilə məşğul olur.

Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-ni qanunsuz olaraq kolxoz bazarı etmişdir. Atam 20 dekabr 1994-cü il tarixdə Göyçay "Avtonəqliyyat" ASC-nin həmin vaxtkı müdiri Mehman Məmmədovla bağladığı müqavilə ilə 80 kv-m yeri icarəyə götürüb orada çörək bişirmə sexi inşa etdirmişdir. Həmçinin bu barədə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən də razılıq sənədi almışdır. 1996-cı il tarixdə oradan əlavə olaraq 371 kv-m yararsız boş torpaq sahəsi bizə icarəyə verilmişdir. Ərazidə tikdirdiyimiz sexin tam qanunu və bizə aid olmasını təsdiq edən konkret və mötəbər sənədlərimiz var. Həmin obyektin icarə haqqı, vergi pulu tam qanuni ödənilmişdir ki, qəbzlər var.

1999-cu il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri vəzifəsinə təyin olunur. Hansı ki, onun ixtisası şərabçı idi. Bundan sonra o bizə məxsus qanuni seximizin qarşısını yan-yörəsini hasara aldırıb qanunsuz maneələr yaratdı, sökülməsini tələb etdi. Obyektdəki avadanlıqları yararsız hala saldı. Atam buna dözməyib 2007-ci il tarixdə dünyasını dəyişdi. 2016-cı il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin balansında olmayan həmin qanunu əmlakımızı tamamilə dağıdıb yerlə-yeksan etmişdir. Bu hərəkəti ilə Arif Əlyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkibini yaradan cinayət əməli törətmişdir. Biz bu cinayət hərəkətləri barədə bütün orqanlara şikayətlər etmişik. Ancaq heç bir tədbirlər görülmür. Çünki Arif Əliyev cinayət yolu ilə əldə etdiyi puldan gələnlərin cibinə dürtür deyə ona gözün üstə-qaşın var dyən yoxdur.

Cinayətkar Arif Əliyev bizdən başqa Göyçayda çox sayda vətəndaşın haqqına girib onların səhmlərinə saxtakarlıqla yiyələnib mənimsəmişdir. Arif Əliyevin qanunsuz əməlləri nəticəsində tək mənim atam yox, bir neçə şəxs dözməyib dünyasını dəyişib.

Göyçayda bütün namuslu-qeyrətli insanlar Arif Əliyevə nifrət edir. Arif Əliyev müdafiə məqsədi ilə dırnaq arası hüquq müdafiəçisi Taleh Xasməmmədovu özünə muzdla vəkil tutub. Taleh Xasməmmədovun nə ali təhsili var, nə də ki, həqiqi hərbi xidmətdə olub. Arif Əliyev hər ay Taleh Xasməmmədova 3000 manat pul verib istədiyi adamı onun vasitəsi ilə şantaj etdirir. Taleh Xasməmmədovun kim olduğunu isə Göyçayın bütün qeyrətli-namuslu sakinləri yaxşı bilir. Namuslu-qeyrətli göyçaylı heç vaxt Arif Əliyev kimi camaata pislik edəni müdafiə etməz. Taleh Xasməmmədov aldığı pullara görə daha da həvəslənib dövlətə qarşı təbliğat aparır. Bunu isə subut etməyə ehtiyac yoxdur, hər şey göz qarşısındadır. Cinayət yolu ilə qazandığı puldan Taleh Xasməmmədov kimi şantajçıya verib dövlətin əleyhinə təbliğat apazdıran Arif Əliyevin bütün fəaliyyəti yoxlanılmalıdır.

Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Mədət Quliyev, cənab Zakir Qaralov, xahiş edirəmŞ göstərdiyim faktları yerində mənim iştirakımla yoxlatdırıb ciddi tədbirlər görəsiniz. Xahiş edirəm ki, fəhlə sinifini əzən, həmçinin dövlət əleyhinə təbliğat aparan Taleh Xasməmmədovu maliyələşdirən Arif Əliyevin barəsində cinayət işinin başlanılıb barəsində ciddi tədbirlər görəsiniz.

“Göyçay-Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin cinayətləri barədə çəkilmiş videonu sizə təqdim edirəm. Xahiş edirəm, Arif Əliyevin cinayət əməllərindən əziyyət çəkən göyçaylıların video çıxışlarına baxın, görün, nələri danışırlar".
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların fikirlərini işıqlandırmağa hazırıq!
teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.