Redaksiya "DəmirBank"ın əlində əsir-yesir qalıb... - QALMAQAL

13-09-2017, 10:49           
Redaksiya "DəmirBank"ın əlində əsir-yesir qalıb... - QALMAQAL
Uzun illərdir ki, “Hürriyyət” və “Futbol+” qəzetlərinin "Dəmirbank" ASC-də bank hesabları var. Hər iki qəzet də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) maliyyə yardımı alır. Ancaq son aylar, daha doğrusu “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minənədən bəri hər iki qəzetin hesabından nağd şəkldə vəsait çəkmək problemə çevrilib. Ekspertlər bankın bu addımının tamamilə qanunsuz olduğunu vurğulasa da, “Dəmirbank” rəhbərliyi absurd iddia irəli sürərək “KİVDF ilə 6 aylıq müqavilə bağlamısınız, siz hər ay üçün müqavilə gətirməlisiniz” – deyirlər.

Yeri gəlmişəkən qeyd edək ki, KİVDF-dən “Hürriyyət” qəzetinə 6 ay üçün 9 min, “Futbol+” qəzetinə isə 30 min yardım ayrılıb. Yəni hər ay “Hürrriyyət”in hesabına cəmi 1500, “Futbol+” qəzetinin hesabına isə 5 min manat köçürülür.

“Hər kəsin öz bank hesabından istədiyi qədər pul götürməyə ixtiyarı var”

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov qəzetimizin ötən sayında bildirmişdi ki, bankın dedikləri cəfəngiyyatdır: “Müqaviləniz olduğu halda bunun bir, yaxud altı aylıq olmasının banka nə dəxli var? Bu, heç bir qanunla tənzimlənmir. Bu məsələnin “Nağdsız hesablaşmalar haqqında” qanuna da aidiyyatı yoxdur. Hər kəsin öz bank hesabından istədiyi qədər pul götürməyə ixtiyarı var. Ancaq “Nağdısız hesablaşmalar haqqında” qanuna görə, 15 mindən artıq ödəniş edə bilməzsiniz”.

Ə.Həsənovun bu açıqlamsını “Hürriyyət”in ötən sayında işıqlandırsaq da, təəssüf ki, “Dəmirbank”ın bu işə məsul olan əməkdaşlarının beyinlərinə işıq sala bilmədik. Odur ki, dəflərlə cəhd etsək də, bankda olan vəsaitimizi çəkə bilmirik. Daha dəqiq desək, “Dəmirbank” rəhbərliyi Prezidentin Kütləvi İnformasiyaların İnkişafına Dövlət Dəstəyi Fonduna ayırdığı vəsaiti hər iki qəzetə verməkdən imtina edir. Halbuki, bu yardımın mahiyyəti qəzetlərin inkişına dəstək və onları maliyyə sıxıntısından qurtamaqdır. Ancaq “Dəmirbank”ın rəhbərliyi öz qərarlarını Prezidentin sərəncamından üstün tutaraq, redaksiyamızı əlavə maliyyə itkilərinə məruz qoyurlar...

Onu da qeyd edək ki, məsələ ilə bağlı qəzetimizin rəhbərliyi “Dəmirbank”ın məsul əməkdaşlarına 10 gündən çoxdur ki, məktubla müraciət etsə də, hələ də bankdan nə müsbət, nə də mənfi bir cavab alıb. Bankın bu susqunluğu nəticəsində dünən yenidən “Dəmirbank”ın mövqeyini öyrənmək və qəzetimizdə işıqlandırmaq qərarına gəldik. Bu məqsədlə banka getsək də, burada heç bir məsul şəxslə görüşmək mümkün olmadı.

Telefonla zəng vurub sorğumuza cavab istədikdə isə, “Dəmirbank”ın adının çəkilməsini istməyən əməkdaşı bildirdi ki, bu məsələlər “Nağdsız hesablaşmalar haqqında” qanunla tənzimlənir: “Maliyyə Bazarlarına Nəzarət Palatası nağd şəkildə vəsaitin çıxarılmasını imkan vermir. Hər bir işin bank vasitəsilə həyata keçirilməsini istəyir. Gedin, bunu onlardan tələb edin”.

Məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab almaq istəsək də, mətbuta xidmətindən bildirdilər ki, öncə sorğu göndərin, yalnız bundan sonra sizi Banklara Nəzarət Departamentinə yönəldə bilərik. Mətbuta xidmətinin “operativ” cavabından sonra həm mətbuat xidmətinə, həm də Banklara Nəzarət Departamentinə sorğu ilə müraciət etdik. Amma sorğuya nə vaxt cavab veriləcək, bu qalıb Allahın ümidinə. Görünən odur ki, Palatanın bir aydan sonra gələn (?) cavabı əhəmiyyətsiz kağız parçası olacaq.

“Palata qeyri-rəsmi belə bir göstəriş verib ki, hesablarından pul çəkənlərə nəzarət olunsun”

Hüquqşünas Əkrəm Həsənovhesab edir ki, pul kütləsinə nəzarət üçün Palata banklara belə bir qadağa qoyub: “Palata qeyri-rəsmi belə bir göstəriş verib ki, hesablarından pul çəkənlərə nəzarət olunsun”.

Maraqlıdr, Palata hansı haqla bu qeyri-rəsmi göstərişi verir? Əslində, hər bir şəxsin öz hesabından pul götürməsi və həmin pulu necə xərcləməsi onun öz işidir.

“Buna bir səbəb yoxdur ki, hər ay üçün müqavilə istəsinlər”

Məsələ ilə bağlı Mərkəzi Bankın Hüquq Departamentinin əməkdaşı Pərviz Hüseynov da “Hürriyyət”ə bildirdi ki, banklarda hesablarla bağlı məsələləri Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edir: “Tövsiyyə edirəm ki, ora müraciət edin. Bu məsələ 2016-cı ilin fevral ayına qədər səlahiyyətimizdə idi, artıq bizim səlahiyyətimizdə deyil. Palata onlara nəyə görə gostəriş verib, deyə bilmərəm. Dediklərinizə əsasən, buna bir səbəb yoxdur ki, hər ay üçün müqavilə istəsinlər. “Hürriyyət” bir ay üçün 1500 , “Futbol +” isə 5 min üçün aylıq limiti keçmir. “Nağdsız hesablaşmalar haqqında” qanuna görə belə bir problem görünmür. İşin mahiyyətini bilmirəm, amma belə bir qadağa qoyulması qanunda nəzərdə tutulmayıb. Bizim səlahiyyətimizdə olmayan məsələ ilə bağlı obyektiv rəy verə bilmərəm”.

Beləliklə, görünən odur ki, ölkənin bank sisteminə nəzarət edən Palatanın qeyri-rəsmi göstərişi “Hürriyyət” və “Futbol” qəzetləri üçün “daha dəqiq” həyata keçirilir. Bəlkə əksər mətbu orqanlardan fərqli olaraq, biz Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının bahalı restoranlarda yüzminlik şərab butulkaları açdırmasına şərh verməmişik deyə, “qəzəbə” gəlmişik?!

Diqqəti çəkən digər məqam odur ki, KİVDF-dən yardım alan qəzetlərin heç biri bu problemi yaşamır, həmin vəsaiti öz bank hesablarından rahat şəkildə çəkə bilirlər. Belə olan halda niyə Plata və “Dəmirbank” rəhbərliyi “ Hürriyyət” və “ Futbol+” qəzetlərindən hər ay üçün müqavilə istəyir və nağd şəkildə vəsait çəkməyə qadağa qoyur?! Bu sualın cavabını anlamaqda çətinlik çəkirik. Amma ümid edirik ki, adı çəkilən qurumlar bu suallara cavab verməyə vaxt tapacaqlar.
Hurriyyet.org

P.S Ümid edirik ki, aidiyyatı qurumlar Prezidentin sərəncamına məhəl qoymayan“Dəmirbank” rəhbərliyinin özbaşnalığına son qoyacaq və hər iki qəzetin maliyyə sıxıntısının aradan qaldırılmasına yardımçı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.