“Kommunal Xidmətlər Müəssisəsi”MMC hər ay yarım milyona qədər nəqd pulu dövriyyədən necə çıxarır?

17-09-2017, 20:42           
“Kommunal Xidmətlər Müəssisəsi”MMC hər ay yarım milyona qədər nəqd pulu dövriyyədən necə çıxarır?
Son zamanlar Bakı şəhərində məişət tullantılarının daşınmasında yaranan problemlərlə bağlı mediada informasiyalar, telereportajlar və vətəndaşlardan gələn şikayətlər çoxalıb. Doğrudan, sadə bir müşahidə də bunu təsdiqləyə bilər ki, paytaxtın küçə, meydan və dalanlarında aşıb-daşan zibil qutularına çox tez-tez rast gəlirik. Bu yəqin ki, vətəndaşlarla bərabər hökuməti də narahat edir. Belə ki, hökumət artıq öz narazılığını ifadə etməyə başlayıb.


Bu günlərdə aldığımız özəl məlumata görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Bakı şəhəri İcra hakimiyyəti yanında mənzil-kommunal təsərrüfat idarəsinə məktub ünvanlayıb. Məktubda konkret ünvanlar göstərilir ki, həmin ərazilərdə məişət tullantıları vaxtlı-vaxtında daşınmır, tullantı günlərlə daşınmadığından ətrafa infeksiya yayır. Məktubda göstərilən ünvanlar Yasamal, Nəsimi, Nizami, Sabunçu və digər rayonları əhatə etsə də, əslində bu acınacaqlı mənzərəni paytaxtın bütün rayonlarında müşahidə etmək olar. Bu da həm hökumətin, həm də vətəndaşların haqlı narazılığına səbəb olur.

Biz bir vətəndaş cəmiyyəti olaraq Prezident Administrasiyasından belə bir reaksiyanın verilməsini, yalnız alqışlaya bilərik. Amma məsələ burasındadır ki, hər bir problemə yanaşma birinci növbədə səbəblərdən başlamalıdır. Düzdür, Bakıda məişət tullantıları çox pis daşınır, bəs bunun səbəbi nədir?


Müşahidələrim zamanı ilk qarşıma çıxan məişət tullantılarını yığışdırıb daşıyan maşının heyəti ilə söhbətləşmək qərarına gəldim. “MAN” markalı tullantı daşıyan maşının heyyəti ilə tanış olub, söhbətə başladıq. Onlar jurnalist olduğumuzu bilən kimi, bizimlə söhbət etməkdən vaz keçmək fikrinə düşdülər. Biz onların qarşısında anonimlik öhtəliyini götürəndən sonra suallarımıza cavab verməyə razılaşdılar. Fəhlələrin əynində kirli, yırtıq-deşik paltar, ayaqlarında isə çəkərək vardı. Onlardan biri gənc, digər isə 50 yaşlarında kişi idi. Gəncin ayağının baş barmağı qan içində idi. Səbəbini soruşanda dedi ki, bekara şeydi, üstünə yeşik düşüb, əzib. Bu mənə bir ay əvvəl yeşikdə partayış zamanı ayağını itirən fəhləni xatırlatdı, tullantı yığmaq həm də təhlükəli, riskli işdir. Bu işlə məşğul olan ölkə vətəndaşları həmin risklərdən sığortalanıblarmı?

“Deyirlər vəziyyət pisdir, “krizisdi”, mənə nə var “krizisdi”, işləmişəm pulumu ver də…”

Əvvəl onlardan soruşdum ki, bəs hamı sizin işinizdən narazıdı, işinizə niyə belə məsuliyyətsiz yanaşırsınız? Söhbətə sürücü müdaxilə edir: “Bacoğlu, onlar əjdahadır ki, bu işdə davam gətirib işləyirlər. Ayda 350 manat pul verirlər, onu da 3 aydır ala bilmirik. Deyirlər ki, vəziyyət pisdir, “krizisdi”, mənə nə var krizisdi, işləmişəm pulumu ver də… Bir azdan, ümumiyyətlə Bakıda zibili yığan olmayacaq. Çünki bax, bu maşın gecə-gündüz işləyir, ona görə ki, qarajdakı maşınların yarısının təmirə ehtiyacı var, təmir üçün isə pul lazımdı, o da yoxdu. İnanın ki, bu işçilər “bomuj”lar kimi yeşikdən axtarıb tapdıqları pulagedən tullantılar olmasa, bir gün də burda işləyə bilməzlər. Hərəsi bir az dəmir-dümür satıb evinə 3-5 manat çörəkpulu aparır, yoxsa bu hökumətə qalsa biz acından qırılarıq”.

Zibil yığan yaşlı kişi əlavə etdi ki, bizim evimizi Avropa və İslam oyunları yıxdı, o vaxta qədər az da olsa, vaxtında maaş ala bilirdik: “Məsələn, mən axrıncı dəfə may ayında maaş almışam. Bu uşaq keçən həftə yalvar-yaxar edib, sahə rəisindən 80 manat pul alıb ki, evdə çörək yoxdu… Özü də bu, guya dövlət işidi, belə dövlət işi olar? Biz bu işdə sağlamlığımızı qoyuruq, görürsünüz, yeşikdən gələn üfunət iyini? Biz bütün günü bu iyin içində işləyib balalarımıza çörək qazanmağa çalışırıq, onu da bizə vermirlər.”

Söhbət zamanı bəlli oldu ki, gecə səhərə kimi iyli-qoxlu yeşikləri ora-bura dartan fəhlələr ayda cəmi 350 manat məvacib alırlar. Həmin məvacibin isə cəmi 140 manatı əmək haqqı kimi rəsmiləşdirilir, qalan 210 manatı isə fəhlələrə paket şəklində verilir. Bəllidir ki, bunun da səbəbi vergidən yayınmaqdır. Əvvəla, bu qədər çirkli və zərərli işdə işləyən fəhlə nə üçün az maaş almalıdır? Hələ onun 60 faizi də qeyri-rəsmi olaraq ödənilir. Dövlət büdcəsinin bu işdə nə qədər zərər çəkdiyinə toxunmuram, hər bir fəhlə öz gələcəyi üçün yığılmalı olan vəsaitdən hər ay 52,5 manat itirir. Qara fəhlənin bu günü bir yana, biz onun sabahını da əlindən alırıq, hamı buna göz yumur, sonra isə irad tuturuq ki, paytaxtda zibil pis daşınır. Söhbət əsnasında o da məlum oldu ki, zibil daşıyan fəhlələr bayaqdan haqqında danışdığımız cüzi maaşı sonuncu dəfə may ayında alıblar, fəhlələr artıq üç aydır ki, maaş ala bilmirlər.

Rəhbərlik isə bunu ölkədəki maliyyə böhranı ilə izah edir. Halbuki bütün kommersiya təşkilatları və əhali zibil pulunu artıqlaması ilə verir. Bununla yanaşı, məişət tullantılarının daşınaması dotasiya alan bir xidmət növüdür, bu xidmət üçün büdcədən də vəsait ayrılır. Lakin bu vəsaitin hara xərcləndiyi barədə heç bir təşkilatdan rəsmi məlumat almaq mümkün deyil. Yuxarıda qeyd edildiyi kimi, kommunal təsərrüfat departamentinin avtomobil parkında da vəziyyət acınacaqlıdır. İki maşından yalnız biri işlək vəziyyətdədir, qalanlarının isə ciddi təmirə ehtiyacı var, lakin təmir üçün vəsait çatışmır.

Avropada kommunal təsərrüfatda çalışmaq mötəbər işdir

Bir haşiyə çıxım ki, dünyanın inkişaf etmiş ölkələrində tullantıların daşınması və zərərsizləşdirilməsi ilə məşğul olan vətəndaşlar o qədər təminatlı şəraitdə yaşayırlar ki, bu iş həmin ölkələrdə çox təmtaraqlı vəzifə sayılır. Məsələn, onlar Binə Hava Limanında yükdaşıyanlardan, hətta bizim icra başçılarından belə çox qazanırlar. İşçilər uniformada olur, ciddi təhlükəsizlik tədbirləri görülür ki, vətəndaşın sağlamlığını zərər dəyməsin.


Bununla yanaşı, başqa bir faktı da xatırlatmaq yerinə düşər. Mən instituta qəbul olanda indiki Sankt-Peterburq şəhərindən olan, eynilə mənim ixtisasım üzrə təhsil alan bir tələbə ilə məktublaşırdım. Məktubların birində o mənə yazmışdı ki, məni təbrik edə bilərsən, artıq mən kommunal təsərrüfat idarəsində işə düzəlmişəm, gecələr 2 saat tullantı yığışdırıram. Mən Bakıda yaşayan bir azərbaycanlı olaraq bu ifadəni heç cür yoza bilmədim, zibil idarəsinə işə düzəlməyə görə kimisə təbrik etməyə dəyərmi? Cavab məktubunda elə belə də yazdım. Dostum novbəti məktubunda yazdı ki, mən institutu bitirəndə həm diplom alacam, həm də mənzil, çünki Leninqradda 5 il bu işdə davamlı işləyən vətəndaşlara novbədənkənar mənzil verirlər. Bu sovetlər dönəminin təcrübəsi sayılırsa, deməli bizim kommunal təsərrüfatımızın quruluş səviyyəsi sovetlər dönəmindən da aşağı səviyyədədir.

Azərbaycanda kommunal təsərrüfat dotasiya ilə çalışır?

Məlum olduğu kimi, Azərbaycanda tullantıların yığışdırılması dotasiya alan xidmət növüdür və bu işlə əsasən icra hakimiyyətləri məşğul olur. O cümlədən də Bakıda, Bakı Şəhəri İcra Hakimiyyəti yanında Kommunal Təsərrüfat Departamenti fəaliyyət göstərir. Lakin araşdırma zamanı bəlli oldu ki, birbaşa işlə yuxarıda adı cəkilən departamentin nəzdində yaradılmış “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məşğul olur. Bu heç cür anlaşılmır ki, MMC varsa, departament nəyə lazımdır və ya əksinə? Düşünürük ki, bu cür mürəkkəb ierarxiyanın formalaşması işin keyfiyyətinə mənfi təsir göstərir və izafi xərclər yaranır. Təsəvvür edin ki, işçi nomenklaturasına nəzər salanda bir fəhləyə bir neçə idarəedici düşür.

Bununla yanaşı, Taarif (qiymət) Şurasının (TŞ) müəyyən etdiyi qiymətlər də çox gülməlidir. Məsələn, şura nəzərdə tutur ki, hər bir vətəndaş il ərzində 1,53 kub/metr tullantı yaradır. Amma reallıq bəlkə də bu rəqəmdən 10 dəfə böyükdür. Şuranın qərarına əsasən hər bir vətəndaş ayda 0.30 manat olmaqla, ildə 3,6 manat tullantının yığışdırılıb zərərsizləşdirilməsi üçün haqq ödəməlidir. Həmn ödənişin 1,84 manatı standart olaraq tullantının zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” ASC-yə ödənilir. Yerdə qələn 1,76 manat isə tullantının yığışdırılmasına və daşınmasına xərclənməlidir. Bu isə heç tullantını yığışdıran fəhlənin haqqını ödəmir.

Digər tərəfdən, həmin rəmzi məbləği MİS (JEK) adlanan təşkilat yığmalıdır, o isə bu pulu faktiki olaraq yığıb departamentə təhfil vermir. Hal-hazırda Bakı şəhərinin məişət tullantılarından təmizlənməsi və zərərsizləşdirilməsi birbaşa kommersiya strukturundan yığılan vəsait hesabına həyata keçirilir. TŞ-nın qərarına əsasən Bakı şəhərində kommersiya strukturları üçün 1 kub/metr xam tullantının daşınıb zərərsizləşdirilməsnin qiyməti 10 manat, qurudulub-sıxılmış tullantının daşınıb zərərsizləşdirilməsinin qiyməti isə 5,50 manat təşkil edir. Bununla belə kommersiya təşkilatları da istehsal etdikləri tullantıların tam qiymətini ödəmir, hər məmur bir obyektə “krışa”lıq edir. Ona görə də görülən xidmət qarşılığında müvafiq vəsait yığıla bilmir ki, bu da vəsait çatışmazlıqlarının əsas səbəblərindən biridir.

Yuxarıda qeyd edildiyi kimi, məişət tullantılarının daşınması dotasiya alan xidmət olduğundan bunun üçün dövlət büdcəsindən də, bu sahəyə vəsait ayrılır. Belə ki, hər bir vətəndaşın ödəməli olduğu rəmzi vəsaitin qalan hissəsini dövlət büdcəsi ödəməlidir. Bu vətəndaşların sosial müdafiəsi tədbiri kimi nəzərdə tutulur. Amma bu vəsaitin məbləği və hara xərclənməsi barədə heç bir məlumat ala bilmədik. Yalnız güman edə bilərik ki, kommunal təsərrüfatda işlədilən maşın və mexanizilər ola bilsin ki, büdcə vəsaiti hesabına alınıb.

Bütün bunlarla yanaşı, qeyri-rəsmi və təsdiqlənməmiş hesablamalara görə, kommersiya müəssisələrinin MMC-yə ödədiyi vəsaitdən hər ay yarım milyona qədər nəqd pul dövriyyədən çıxarılır və həmin vəsait qeyri-rəsmi ödənişlərə xərclənir. Yayılan şayələrə əsasən dövriyyədən yayındırılan vəsaitlərin bir hissəsi Bakı Şəhəri İcra Hakimiyyətinə və digər dövlət orqanlarına qeyri-rəsmi olaraq ödənilir. Belədə isə “qara” fəhlənin maaşı 3 ay yubadılır.

Rəsmi mövqe

“Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin əməkdaşı ilə söhbətimiz zamanı, bəlli oldu ki, MMC-nin də xeyli problemləri var. Belə ki, qeyd edildiyi kimi, əhali qrupundan yığılan vəsait MMC-yə ödənilmir. Bununla yanaşı, Tarif Şurası tullantının daşınması üçün əhali qrupuna güzəştli qiymət tətbiq edibsə, deməli xidmətin digər hissəsinin haqqını dövlət ödəməlidir. Lakin 2013-cü ildən bəri dövlət bu xidmət üçün dotasiya vermir. Bu isə tam ədalətsizlikdir, çünki güzəştlə daşınan tullantının təkcə zərərsizləşdirmə xərci hər kubmetrə görə 1,2 manat təşkil edir.

Bununla yanaşı, özəl tullantı daşıyan şirkətlər MMC ilə haqsız rəqabət aparır. Belə ki, MMC-nin xidmət göstərdiyi kommersiya müəssisələri ilə özəl şirkətlər yarı qiymətə xidmət göstərmək üçün müqavilə bağlayır və yığdığı tullantını ya qeyri-qanuni poliqonlara, ya da MMC-nin yığışdırdığı tullantı mərkəzlərinə boşaldaraq, tullantını zərərsizləşdirmə üçün “Təmiz Şəhər” ASC-ə təhfil vermir. Ona görə də Bakı şəhərində hər gün yaranan 2,5 min tondan çox tullantının yalnız 1200-1500 tonu zərərsizləşdirmə üçün zavodlara təhfil verilir. Qalan 1000-1200 ton tullantı əsasən qeyri-qanuni poliqonlara daşınır ki, bu da paytaxtın ekolodiyasına ciddi zərbə vurur. MMC isə hər gün 1200-1800 ton tulantını yığaraq “Təmiz Şəhər” ASC-yə təhfil verir. Həmin tullantının zərərsizləşdirilməsi üçün MMC hər kubmetrə görə 1,2 manat haqq ödəyir. Beləliklə də paytaxtın Suraxanı (Hövsanda), Səbail (Badamdar), Qaradağ (Binə TM yaxınlığında), Sabunçu (Nardaranda) və s. rayonlarda 20-dən çox qeyri -qanuni tullantı poliqonları yaradılıb ki, bu həm tullantıların idarə edilməsi prosesini, həm də ekoloji tarazlığı pozur.

MMC əməkdaşı bizimlə söhbət zamanı dövriyyədənkənar qeyri-qanuni ödənişlərin edilməsini qəti olaraq təkzib etdi. Lakin bizim seçmə üsulu ilə apardığımız sorğuya görə, tərtib etdiyimiz hesabat sübut edir ki, hal-hazırda MMC-yə ödənilən faktiki vəsaitlərin 60-70 faizi ilə daşınan tullantının bütün xərclərini (yığışdırılma, daşınma və zərərsvizləşdirmə) yüksək səviyyədə ödəmək mümkündür.

Biz bu yazıda yalnız problemləri olduğu kimi göstərməyə çalışdıq. Əslində, çıxış yolları aydın şəkildə görünür, növbəti yazılarımızın birini də problemdən çıxış yollarına həsr edəcəyik..nia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.