Kəmaləddin Heydərov Prezident İlham Əliyevdən üz döndərdimi?
22-09-2017, 01:37
Dörd il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsinin 10 illiyi münasibətilə ölkədə təmtəraqlı bir sayt hazırlanmışdı. President-az.com adlanan həmin saytı isə tanınmış iş adamı ərsəyə gətirmişdi.
Söhbət Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qaynı İlham Abduyevdən gedir. Maraqlıdır ki, İlham Abduyevin özü də bu faktı inkar etməmiş, əksinə mətbu orqanlarda yeni layihəsilə bağlı məlumat vermişdi. Bildirdiyinə görə, yeni layihə internet və multimedia texnologiyalarının ən son nailiyyətləri üzərində qurulacaq, cəlbedici dizayna və orijinal təqdimat üslubuna malik olacaqdı. Saytda İlham Əliyevi yenidən prezident seçməyə əsas verən 300 səbəb yeddi dildə (azərbaycan, türk, rus, ingilis, fransız, alman, ispan ) təqdim olunacaqdı.
İnsafən, İlham Abduyev bu işin öhdəsindən ustalıqla gəlmişdi. Hətta o dərəcədə ki, hakimiyyətə yaxınlığı ilə seçilən Virtualaz.org saytı Kəmaləddin Heydərovun qaynının bu fəaliyyəti ilə bağlı ağız dolusu təriflər yağdıran məqalə yazmış və faktı İlham Əliyevin seçki kampaniyasına və təbliğatına birbaşa nəzarətin fövqəlnazirə keçməsiylə əsaslandırmışdı. Məqalədə deyilirdi:
“Azərbaycan mediasında neçə gündür ki, prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin nəticələrini əks etdirən və 7 dildə hazırlanan internet saytı barədə xəbərlər yayılmaqdadır. Xəbərlərdən məlum olduğu kimi, president-az.com saytı ötən 10 ildə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların nəticələrini, ordu quruculuğu, xarici siyasət, Qarabağ məsələsi və digər sahələrdə əldə olunmuş uğurları təhlil edilmiş formada əks etdirir.
Sayt seçki ekspertləri arasında böyük marağa səbəb olub. Çünki saytın stili hakimiyyətin ənənəvi təbliğat üslubundan fərqlənir və orada bayağı tərifə yox, faktlar əsasında aparılmış təhlillərə üstünlük verilib. Eyni zamanda sayt özü kifayət qədər maraqlı və cəlbedici üslubda hazırlanıb.
Bəs bu saytın fövqəladə hallar naziri ilə hansı bağlılığı var?
Rəsmən elan edildiyi kimi, saytın müəllifi iş adamı İlham Abduyevdir. Abduyevin saytda yerləşdirilmiş müraciətində deyilirdi ki, məqsəd həm Azərbaycanın ötən 10 illik inkişaf tarixinə yekun vurub əldə edilmiş nailiyyətləri bir ünvanda cəmləmək, həm də prezident İlham Əliyevin seçki kampaniyasına dəstək verməkdir.
Mətbuatda Abduyevin adı bundan əvvəl azerbaijans.com və garabagh.net ensiklopedik saytlarının işə düşməsi ilə bağlı gündəmə gəlmişdi. Məlum olmuşdu ki, bir-birinin ardınca maraqlı internet layihələri ortaya qoyan Abduyev fövqəladə hallar nazirinin yaxın qohumudur. Mətbuatın yazdığı kimi, İ.Abduyev K.Heydərovun qaynıdır. Onun fövqəladə hallar nazirinin intellektual komandasına rəhbərlik edən şəxs olduğu barədə məlumatlar var.
Ekspertlər şübhə etmir ki, sözügedən internet layihəsi prezidentin özü ilə də razılaşdırılıb və onun dəstəyi olmadan işə salına bilməzdi. Eyni zamanda saytın müəllifinin kimliyi bu layihədə K.Heydərovun da roluna dəlalət edir. Heydərovun builki prezident seçkilərinin yükünü daşıyacaq əsas fiqur olduğu barədə bundan əvvəl mətbuat, o cümlədən “Azadlıq” və “Yeni Müsavat” qəzetləri də yazmışdı. Qəzetlər yazırdı ki, seçki kampaniyasının təşkilində və aparılmasında K.Heydərova müstəsna səlahiyyətlər verilib. İddia olunurdu ki, o, sutkanın istənilən vaxtı seçki işləri ilə bağlı nazirlərlə əlaqə saxlayıb tapşırıqlar verə bilər”.
Qaynaq: http://virtualaz.org/last/7889
Qəribədir ki, fövqəlnazirin qohumu tərəfindən ərsəyə gətirilən həmin sayt artıq fəaliyyət göstərmir. Həm də onun digərlər saytlarından fərqli olaraq... Məsələn, İlham Abduyevin azerbaijans.com - virtual ensiklopediyasına, butalife.com sosial şəbəkəsinə və garabagh.net portallarına hazırda girmək mümkün olduğu halda, vaxtilə böyük təmtəraqla təbliğ edilən President-az.com ziyarətçilərinin üzünə “qapılarını bağlayıb”. (Yoxlaya bilərsiniz: http://president-az.com/)
Son zamanlar Kəmaləddin Heydərovun bütün mülkiyyətinə əl qoyulduğu xəbərlərinin yayıldığı bir zamanda President-az.com-un fəaliyyətsizliyi xeyli maraq doğurur və ağıllara bəzi şübhəli ehtimallar gətirir. Görəsən, Prezident seçkilərinə 1 il qalmış bu sayt niyə bağlandı? Növbəti seçkilərə nəzarət fövqəlnazirdən alındı, yoxsa Kəmaləddin müəllim səfmi dəyişdi?
Bir çox müşahidəçilərə görə, həqiqətən də, onun əlindən bütün mülkiyyətinin alınması xəbəri doğrudursa, səf dəyişdirmək ehtimalı qətiyyən ağlasığmaz deyil.
Ovqat.com