Monopolist Era Style şirkəti ləğv olundu
28-09-2017, 09:48
“İnhisarçılar istehlakçı hüququnu pozur”
Ölkə mətbuatında bir müddət əvvəl “Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası” başlıqlı məqalə dərc olunmuşdur.
Məqalə Cahangir Əsgərov və onun şəriki Mahirə məxsus Summer Tour və Era Style şirkətlərinin turizm bazarında şəriksiz monopolist olmasından bəhs edir: “Bakıdan Antalyaya, Bodruma yay tətilinə uçan vətəndaşların olduğu təyyarələrdə 170-180 oturacaq var. Mahir mart ayından AZAL-a öncədən milyonlarla pul ödəyərək hər bir oturacağa 250 AZN gediş-gəliş haqqı ödəyir və bütün yerləri bron edir. 170-180 oturacaq hamısı Era Style-nin əlində olur. Özü isə şirkətin üzərindən yerləri 540 AZN-a satır. Və kimsə AZAL-ın Silk Way Travel şirkətindən bilet əldə etmək istəsə, bildirirlər ki, bilet yoxdur, istəsəniz Era Style-dən əldə edə bilərsiniz.
Təbii ki, biletləri Era Style turpaket olaraq satır. Yəni oteldə qalacaq günləri hesablayaraq sifarişçiyə deyilir ki, bilet var və biletin qiyməti 540 AZN-dır. Vətəndaş bildirəndə ki, sizdə otel qiymətləri çox bahadır, siz mənə sadəcə bilet verin, oteli özüm Türkiyədə alacam, onda Mahir bəy, yəni AZAL-ın monopolisti deyir yox, ayrıca bilet almaq istəsəniz biletin qiyməti gediş-gəliş 700 AZN olacaq, özü də ekonom -klassda. Bakıda Era Style sizi yola salır, Türkiyədə Summer Tour-umuz qarşılayır. Eyni sistemi Mahir Türkiyə otellərində edib.
Məlumat üçün qeyd edək ki, 4 mayda Milli Məclis “Antiinhisar fəaliyyəti haqqında” Qanun qəbul edib. Bu qanunun 2.18-ci maddəsinə görə, inhisarçı qanun qarşısında məsuliyyət daşıyır. Və bu qanunun icrasına nəzarət Antiinhisar Dövlət Xidmətinə tapşırılıb. (tariffcouncil.gov.az).
Əgər yuxarıda qeyd etdiyimiz məqalədə deyilənlər həqiqətdirsə, onda həmin şəxslər qanuna görə məsuliyyətə cəlb olunmalıdır.
“Qafqaz Xəbər” qəzeti olaraq dəqiqləşdirmək istədik ki, həqiqətənmi Era Style şirkəti təyyarə biletlərini 250 manata alır ?
Doğrudanmı, Era Style şirkəti vətəndaşlara təklif etdiyi turpaketin qiyməti 540 manatdır..?
Şirkət AZAL-dan aldığı biletləri 700 manata satır?
Suallara cavab almaq üçün Era Style şirkəti ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Onda internetdən məlumat toplamaq qərarına gəldik. Və 1news.az saytında 3 sentyabr 2014-cü il tarixli aşağıdakı məlumata rast gəldik: “Ən gözəl mövsüm olan sentyabr ayında Antayla və Bodrumda istirahət 499 manata başa gəlir. Məhz bu periodda Era Style İstanbula uçuşlar təklif edir. Məhz bu vaxt AZAL və Turkish Airlines-ın təklif etdiyi biletlər 2 dəfə ucuz olur”,-məqalədə deyilir.
Biz Era Style şirkəti ilə bağlı suallarımızı turist agentliklərinə yönəltməli olduq. Tornado Travel-in nümayəndəsi ölkə mətbuatının yazdıqlarını təsdiq etdi. Improtex Travel Tours şirkətinin nümayəndəsi daha müfəssəl məlumat verdi: “ Era Style şirkəti AZAL-dan təxminən 1 ay öncə biletləri alır. Biletin dəyərinə Era Style şirkətinin təklif etdiyi turpaket də daxildir”.
Improtex Travel Tours şirkətinin nümayəndəsi Era Style şirkətinin biletləri təkrar satması ilə bağlı ölkə mətbuatının yazdıqlarını təsdiq elədi.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Qafqaz Xəbər” qəzetinə bildirdi ki: “ Era Style şirkəti AZAL-dan aldığı biletləri təzədən vətəndaşlara sataraq istehlakçı hüququnu pozur və bu sferada inhisar yaradır. Düşünürəm ki, Antiinhisar dövlət xidməti bunun qarşısını almalıdır””.
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Era Style şirkətinin təsisçisi İqnayev Azər adlı şəxs, şirkətin baş direktoru isə Əhmədov Müşfiqdir. Burada ən maraqlısı isə odur ki,Cahangir Əsgərovun şəriki sayılan Mahir tərəfindən yaradılan şirkət yaxın zamanlarda ləğv ediləcək. Bir sözlə gələn il Cahagir- Mahir cütlüyünün AZAL-da yaratdıqları monopoliyanın yeni şirkətini səbirsizliklə gözləyin.
Fərqi nədir;Era Style olmasın, lap Style olsun… Əsas odur ki, Cahangir -Mahir cütlüyü həmin şirkətin monopolist olmasına şərait yaratsın…
Bunu isə adıçəkilən cütlük çox yaxşı bacarır…