Ziya Məmmədovu məhkəmədən rus milyarder qurtardı - şok təfərrüat

13-10-2017, 10:05           
Ziya Məmmədovu məhkəmədən rus milyarder qurtardı - şok təfərrüat
Strasburq məhkəməsi “Bombardier” şirkətinin əməkdaşı Yevgeni Pavlovun azərbaycanlı məmurlara rüşvət verməsini niyə sübut edə bilmədi? Sabiq naziri qurtaran Yakunin 1,9 milyardı var və...

İsveç prokurorluğu “Bombardier” şirkətinin əməkdaşı Yevgeni Pavlovun azərbaycanlı məmurlara rüşvət verilməsində günahını sübuta yetirə bilməyib. Beləliklə də, İsveçdə ən böyük korrupsiya işlərindən biri bağlanıb.

Stokholmda avqustun 29-da başlamış məhkəmə prosesində İsveç prokurorluğu sübuta yetirməyə çalışırdı ki, Pavlov 340 milyon dollarlıq müqaviləni şirkəti üçün almaq məqsədilə Azərbaycandakı məmura rüşvət verib. Müstəntiqlər şirkətin elektron məktubları şəklində dəlillərə malik olduqlarını bildirirdilər.

“Associated Press” xəbər verir ki, son nəticədə, məhkəmə Pavlovun günahını sübuta yetirə bilməyib və iş bağlanıb (Virtualaz.org).

Araşdırmaya səbəb “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqaviləsi səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Pavlovun və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycan məmurları ilə korrupsiya sövdələşməsində ittiham olunurdular. Lakin Pavlov elə əvvəldən bütün ittihamları rədd edirdi.


Araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950” siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.

İsveç prokurorluğu bildirirdi ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb.

Müqaviləyə əsasən, Azərbaycan dəmir yollarının modernləşdirilməsində “Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib.

Siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan “Multiserv Overseas” şirkəti Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu ilə ortaq qurulub. Hələ məhkəmədən əvvəl “The Globe and Mail” nəşri yazmışdı ki, korrupsiya sövdələşmələrində Rusiya prezidenti Vladimir Putinin yaxını kimi tanınmış Yakuninin də adı var. Bu korrupsiya qalmaqalında onun adı çox hallanırdı. Məhkəmənin son iclaslarının birində isə məlum olmuşdu ki, Yakunin Ziya Məmmədovun adı keçən korrupsiya sövdələşmələrində açar rol oynayıb. Belə ki, Yakuninin adı Pavlovun xidməti kitabçadan çıxmışdı. Xidməti kitabçada yazılanlardan belə aydın olurdu ki, Yakunin “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədə mühüm rol oynayıb. 10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri hər zaman isti olub. Keçmiş diplomat Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilsə də, hazırda Avropada yenə bizneslə məşğul olur. “Forbes”in bu il açıqladığı rəqəmə görə, onun 1,9 milyard dollar sərvəti var. Əgər məhkəmədə ittihamlar sübuta yetirilsəydi, Yakuninin adı Kanadada sanksiyalar siyahısına salınacaqdı. Bu isə Yakunun üçün ciddi zərbə ola bilərdi. Şübhə yoxdur ki, işin bağlanmasında da Yakununin və ətrafının ciddi rolu olub. Özünü xilas edən Yakunin həm də Ziya Məmmədovun adını “təmizləyib”.

Xəbərlərə görə, Strasburq Məhkəməsinin qərarından dərhal sonra sabiq nazir Ucardan Bakıya qayıdıb. Bu məhkəmə işi sabiq naziri çox sıxırdı və bundan sonra onun hansı addımlar atacağı maraq doğurur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.