Yasamalda daha bir qumarxana

3-09-2015, 12:39           
Yasamalda daha bir qumarxana
Qəzetimizin ötən saylarında biz bir neçə dəfə Bakının müxtəlif rayonlarında kafe və çayxana adı altında qanunsuz fəaliyyət göstərən totalizator və digər qumarxanalar barədə materiallar dərc etmişik. Məlum olduğu kimi bu tip obyektlərdə futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Bəzi hallarda isə obyekt sahibləri bununla da kifayətlənməyərək müxtəlif kompüter proqramları vasitəsilə əsil qumar oyunlarını da təşkil edirlər. Dərc olunan materiallarda biz xüsusilə belə bir məqamı vurğulamışdıq ki, bu gün Azərbaycanda qanunsuz totalizator və qumarxanalara qarşı həqiqətən də dövlət tərəfindən real mübarizə tədbirləri həyata keçirilir. Lakin görünür bu təzahürlərin arxasında duran qüvvələr bəzi hallarda hətta dövlət təpgisinə qarşı belə duruş gətirə bilirlər. Biz belə bir fikri də xüsusi vurğulamışdıq ki, istənilən ictimai-iaşə obyekti yerləşdiyi rayonun müvafiq polis orqanlarının tam nəzarətində fəaliyyət göstərir. Deməli, əksər hallarda qeyri-qanuni totalizator və qumarxanalara da məhz həmin rayonun vəzifəli polis məmurlarının himayədarlıq etdikləri məntiqə uyğundur. Yeri gəlmişkən bəzi qumarxana sahibləri bilavasitə himayəsində olduqları vəzifəli şəxslərin adını açıq-aşkar bəyan etməkdən belə çəkinmirlər. Cəzasızlıq tendensiyası isə məlum olduğu kimi çox təhlükəli və yoluxucu bir mərəzdir. Bu günlərdə redaksiyamıza yeni daxil olmuş məlumatda isə, növbəti qumarxana sahiblərindən birinin daha “orijinal” bir yol seçdiyi qeyd olunur. Bildirilir ki, paytaxtın Yasamal rayonu, Əlövsət Quliyev 65 (Təbriz Xəlilbəyli küçəsi ilə kəsişmədə) ünvanında yaşayan Yavər adlı daha bir şəxs də öz “çörəyini” gizli qumarxana işlətməkdən qazanır. Amma digər “həmkarlarından” fərqli olaraq, Yavər bu məqsədlə nə kafe, nə də çay evi açmaq barədə heç düşünməyib də. Bunun əvəzində isə, həmin şəxs qumar oyunu həvəskarlarına öz şəxsi evini təqdim edib. Təbii ki, Yavərin bu seçimini bir çox cəhətlərdən daha “əlverişli” hesab etmək olar. Belə ki, şəxsi evə arzuolunmaz kənar şəxslərin, yəni vergi müfəttişlərinin, sanepidemstansiya əməkdaşlarının və digərlərinin gəlişindən artıq narahat olmamaq olar. Həmçinin bura yığılan oyunçuların da müvafiq instansiyalara məlumat çatdıracaqlarından ehtiyatlanmaq lazım gəlməyəcək. Olsa-olsa, polis sahə müvəkkili qapını döyə bilər ki, onunla da Yavər boyük ehtimalla, hər halda “dil tapa” bilər. Həmçinin məlumatı təqdim edən mənbə bildirir ki, bu evdə çox yayılmış digər qumarxanalarda olduğu qədər oyun seçimi də yoxdur. Belə ki, Yavərin “qonaqları” klassik kart oyunlarına, əsasən də pokerə üstünlük verirlər. Həm də gün ərzində Yavərə “baş çəkənlərin” ümumi sayı 10-12 nəfərdən artıq olmasa da, dövriyyədən keçən pulun məbləği 25-30 min manat civarında olur...Artıq neçə müddətdir ki, “Bizim Dövr” qəzeti doğma Bakımızın müxtəlif ərazilərində yerləşən və dəqiq ünvanlarını dəfələrlə təqdim etdiyimiz qumarxanaların, əxlaqsızlıq yuvalarının və digər bu kimi pritonların bağlanması və ya ən azından fəaliyyətlərinin müvafiq orqanlar tərəfindən araşdırılması tələbi ilə çıxış edirik. Dəfələrlə vurğuladığımız kimi, bu gün Bakının Nəsimi, Yasamal və Binəqədi rayonları ərazisində bu kimi “müəssisələrə” xüsusilə çox rast gəlmək olur. Həm də bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa hər kəs bu pritonları görür, tanıyır və onların fəaliyyətlərinin nədən ibarət olduğunu da çox gözəl bilir. Gördüyünüz kimi, bu materialda da Yasamal rayonunda fəaliyyət göstərən daha bir qumarxananın ünvanını təqdim etmişik. İndi növbə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarınındır. Görək, bu dəfə təqdim etdiyimiz materiala hansı reaksiya veriləcək?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.