Nazir yoxlamadan sonra Baytarlıq rəisi ilə vidalaşır: dəhşətli faktlar.....

11-05-2018, 00:04           
Nazir yoxlamadan sonra Baytarlıq rəisi ilə vidalaşır: dəhşətli faktlar.....
Yeni kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrolizinq” ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırdıqdan sonra, diqqəti Dövlət Baytarlıq Xidmətinə yönəldib.

Nazir DBX-də aparılan yoxlamalardan sonra qurumun rəisi Azər Süleymanovla yolları ayırmaq qərarına gəlib.

İ.Kərimov rüşvət çirkabına bulaşmış baytarlıq xidmətini təmizləmək və yeni sistem yaratmaq niyyətindədir.

Yoxlamalar zamanı A.Süleymanovun baytarlıq xidmətində rüşvət labirinti yaratdığı üzə çıxıb.

İ.Kərimov işə başlar-başlamaz Kənd Təsərrüfatı Nazirliyinin ən çox korrupsiyalaşmış strukturunun – “Aqrolizinq” ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırdı, digər strukturlarda isə ciddi yoxlamalar aparır. Bu barədə nazir müavini İlham Quliyev də açıqlama verib.

Elə ilk araşdırmalar nəticəsində bu Xidmətin çox ciddi şəkildə korrupsiyaya bulaşdığı öz təsdiqini tapıb.

Xidmətin rəhbərliyi ətlik mal-qara idxalçıları ilə işbirliyi quraraq, ölkəyə gətirilən ətlik mal-qaranın çox əhəmiyyətli hissəsini damazlıq kimi sənədləşdirib.

Bilirsiniz ki, ölkəyə gətirilən damazlıq mal-qara gömrük rüsumundan azaddır. Baytarlıq Xidməti rəhbərliyinin işbazlarla bu işbirliyi dövləti külli miqdarda ziyana salsa da, əksinə, onların özlərinə milyonlar qazandırıb.

Belə faktlar yüzlərlədir və yaxın günlərdə yeni nazirin Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovla bağlı qərar verəcəyi gözlənilir.

Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır.

FİA.Az xəbər verir ki, A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib.

Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib.

Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb.

Nazir islahatçı biri kimi prezidentin qarşısında etimad qazanıb. Ona görə də ASAN Xidmətdən KTN-ə gətirilib.

Bu halda onun A.Süleymanov kimi illərdir baytarlığı tar-mar edən məmurlarla işləmək istəyində olacağı inandırıcı görünmür.

Azər Süleymanovun rəhbərliyi altında Baytarlıq və baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının xidmətləri:

1. Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək ) müayinə- 2 manat, bazardakı qiymət- 6 manat at, yəni 3 dəfə çox.
2. Qoyun və donuz əti ( 1 cəmdək )- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çox.
3. Diri quş və quş əti ( 1 baş ) – müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik.
4. Hazır ət məhsulları- müayinə 2 manat, bazardakı qiymət-10 manat.
5. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manat.
6. Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )- müayinə 80 qəpik, bazardakı qiymət 8 manat.
7. Yumurta (topdan satış- 1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manat.
8. Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)- 20 qəpik, bazardakı qiymət 3 manat.
9. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat.
10. Arı balı ( 1 partiya )-1 manat 50 qəpik, bazardakı qiymət 6 manat….

Yuxarıda qeyd etdiyimiz qiymətlərdən göründüyü kimi, 10 qəpik dövlətin cibinə-büdcəyə gedəndə, ondan 15-20 dəfə çox miqdar ayrı-ayrı şəxslərin cibinə gedir.

Bu, çox dəhşətli korrupsiya şəbəkəsidir. Biz hələ dövlətin təyin etdiyi tarifə əlavələrdən bəhs edirik.

Nəzərə alsaq ki, minlərlə obyekt gizlədilir, uçota alınmır, yığılan rüşvətin miqdarı astronomik rəqəmlə ölçülər. Bizə daxil olan məlumata görə, 1 ət mağazası uçota alınanda 5-i kənarda qalır.

Mötəbər mənbənin bildirdiyinə görə, hər baytarlıq laboratoriya müdiri dövlətin hesabına 300 manat keçirib, 10-15 min manatı öz cibinə qoyur, 5 min də Bakı Şəhər Baytarlıq İdarəsinə verir.

Biz hələ ölkəyə gətirilən heyvan və heyvandarlıq məhsullarından bəhs etmirik. Təsəvvür edirsiniz ölkəyə daxil olan hər kiloqram ətə, yağa, pendirə, kolbasaya və s. görə Dövlət Baytarlıq Xidməti işçilərinin ciblərinə nələr daxil olur.

Hələ ət kəsim obyektləri, kolbasa, sosiska sexləri və digər “toçka”lardan hansı miqdarda rüşvət yığılır.

Dövlət hər il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kifayət qədər vaksin dərmanları almaq üçün vəsait ayırmasına baxmayaraq, bu sahədə heç bir iş görülmür.

Qeyd edək ki, həmin vaksinlər xaricdən alınır və baytar həkimlər yerlərdə həmin vaksinləri pulsuz olaraq kəndli və fermer təsərrüfatlarında olan heyvanlara vurmaqla vəzifəlidirlər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır.

Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir.

Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir.

Rayonlarda apardığımız araşdırmalar zamanı məlum olub ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon şöbələri və baytar məntəqələri vaksinləri özəl apteklərdə satıdırır və pullarını ciblərinə qoyurlar. Heyvanlar isə ancaq bir halda peyvənd olunur.

Heyvan sahibləri özləri baytarlara müraciət etdikdə və buna görə pul ödənildikdə. Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur. O baxımdan İ.Kərimov A.Süleymanovla yolları ayıracaq...
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.