Mübariz "Murad" şadlıq sarayını qumarxanaya çevrib

8-09-2015, 21:35           
Mübariz "Murad" şadlıq sarayını qumarxanaya çevrib
Bakı qumarbazlardan canını qurtara bilmir ki, bilmir. Artıq çayxana, internet klub adı altında kazino, qumarxananı görmək adi hala çevrilib. Mübariz adlı şəxsin arzuları isə daha böyükdür. Belə ki, bu şəxs nə çayxana, nə internet klubunu yox, şadlıq sarayını qumarxanaya çevirib. Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 36-da yerləşən "Murad" şadlıq sarayının ikinci mərtəbəsi təyinatına uyğun fəaliyyət göstərsə də, birinci mərtəbəsində hər gecə "rus lotosu" təşkil edilir. Oyunlara rəhbərlik edən Mübariz adlı şəxs bununla çörək pulu qazandığını dedi.

Bildirdi ki, Azərbaycanda bu işlə məşğul olanda heç kəs loto bilmirdi nədir. "Müdir"onu da əlavə etdi ki, bu əməlinə görə, vaxtı ilə türmədə də yatıb. Hazırkı fəaliyyətindən isə müvafiq qurumların xəbərdar olmadığını dedi. Sonda bizə rüşvət təklif etməyi də unutmadı. Loto oyunları ilə bağlı restoran müdirinin fikirlərini öyrənmək istədik. Lakin özünü mühafizəçi kimi təqdim edən şəxs hər dəfə zəngimizdə rəhbərliyin restoranda olmadığını bildirdi. Restoranın birinci mərtəbəsinin isə həqiqətən "Murad"-ın müdiri tərəfindən loto oyunları üçün icarəyə verildiyini təsdiqlədi.

Məlumat üçün onu da bildirək ki, oyunlar hər gün saat 17:00-dan başlayıb, gecə 3-ə qədər davam edir. Maraqlısı budur ki, moderator oyunları mikrofon vasitəsi ilə aparır. Elə məhz bu da restorana yaxın yaşayanların narahatlığına səbəb olub. Faktla bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov movqe.az-a bildirdi ki, məlumatlar nazirliyin Operativ Nəzarət İdarəsinə verilib: "Axşam saatlarında müvafiq tədbrlər görüləcək". Xatırladaq ki, qanunvericiliklə bu əməllər cinayət tərkibli hesab edilir. Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.