Beyləqan məktəbləri üçün “bermud üçbucağı” – İcra başçısı, müavini və təhsil şefi direktorlara qarşı
17-09-2015, 22:52
Son zamanlar rayonlarda qəribə tendensiya müşahidə olunur. Rayon icra hakimiyyətlərinin başçıları təhsil şöbəsinin işini də üzərinə götürərək, məktəb direktorları üzərində hökmranlıq edirlər. Belə ki, ali məktəblərə qəbulla bağlı aşağı göstəricilər nümayiş etdirən məktəblərin direktorları RİH başçısının yanına dəvət olunur və onunla “profilaktik söhbətlər” aparılır.
Oxucuda belə bir rəy yarana bilər ki, burada qəbahət heç nə yoxdur, əksinə bu RİH başçılarının yerli təhsilin inkiş.afına göstərdikləri qayğıdır. Azacıq səbrli olun, bunun belə olmadığını biləcəksiniz.
Savash.org-a daxil olan məlumata görə, təhsilə bu kimi müdaxilələr Beyləqan rayonunda daha aktualdır. Mənbəmiz iddia edir ki, son illər Beyləqan təhsili özünün ən ağır dövrünü yaşayır, bu isə icra başçısı Vaqif Abdullayevlə, Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun ortaq “əl işidir”: “Tofiq Sadıqovun ümumiyyətlə təhsilə heç bir aidiyyatı yoxdur. Onun özünün diplomunun saxta olması haqda iddialar var və bu iddialar hələ ki, rəsmən təkzib olunmayıb. Tofiq Sadıqovun adı eyni zamanda müəllimlərin təltifi ilə bağlı ölkə prezidenti İlham Əliyevə yalan məlumatlar verməkdə də hallanıb və bu məsələ mətbuatda böyük rezonans doğurmuşdu. Həmin ərəfədə hər kəs Tofiq Sadıqovun vəzifəsini itirəcəyini gözləsə də bu baş vermədi. Səbəbi isə Sadıqovun bəzi “vacib adamların bığının altından keçməsi” və Beyləqan RİH başçısının onu müdafiə etməsi idi”.
Beyləqan RİH başçısının Tofiq Sadıqovu müdafiə etməsinin səbəblərinə gəlincə isə mənbəmiz bunları söylədi: “Vaqif Abdullayev rayona yeni təyinat alanda ilk olaraq Tofiq Sadıqovu hədəf götürmüşdü, amma sonradan onlar “dostlaşdı”, bu “dostluq” isə bu günə qədər də davam edir. Digər bir səbəb isə Tofiq Sadıqovun bütünlüklə icra başçısından asılı vəziyyətə düşməsidir ki, bu da Vaqif Abdullayevə sərf edir. Məsələn, icra başçısının bir çox qonaqlarının yola salınmasına Tofiq Sadıqov məsuldur və təhsil şefinin hər ay bu istiqamətdə ciddi paralar xərclədiyi bildirilir”.
İcra başçısı isə təkcə bununla kifayətlənmək niyyətində deyil. Artıq o Beyləqandakı məktəblərə nəzarəti də tam olaraq üstlənib ki, buradan da kifayət qədər ciddi pullar qazanır. Ali məktəblərə qəbul zamanı aşağı göstərici nümayiş etdirən məktəb direktorları isə onun əsas qazanc mənbələrindən birinə çevrilib. Ümumiyyətlə qəbulla bağlı ümumilikdə Beyləqan rayonunun göstəriciləri çox aşağı olmasını xatırlatsaq, əksər rayon məktəbinin icra başçısının “qəzəbinə” gəldiyini düşünmək olar. Bu “qəzəb” isə heç də Beyləqan təhsilinin təəssübünü çəkməklə bağlı olmayıb, sırf subyektiv maraqlara hesablanıb.
Bu baxımdan 10 sentyabr 2015-ci il tarixdə Beyləqan Rayon Gənclər Mərkəzində Beyləqan Rayon Təhsil şöbəsi müəllimlərinin konfransı zamanı yaşananlar da diqqət çəkməyə bilməz. Mənbəmiz bildirir ki, sözügedən konfransda Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev ötən tədris ilində yol verilmiş nöqsanlardan söhbət açaraq bir sıra məktəb direktorlarını elə iclasdaca hədələyib. Bu hədə isə iki nəticə verə bilər: ya məktəb direktoru vəzifəsindən uzaqlaşdırılacaq, yerinə başqası təyin olunacaq, ya da həmçion məktəb direktoru icra başçısının “tənqidlərindən” lazımı nəticələr çıxararaq “lazımi addımları” atacaq.
Növbəti yazımızda həmin “lazımı addımların” konkret məbləğinə, bu işdə Beyləqan RİH başçısının birinci müavini Telman Məstanovun nə kimi rolunun olmasına və bu kimi digər məqamlara aydınlıq gətirəcəyik.