Gəncəni kimlər və niyə qanadır - prosesin arxasında bu paytaxtlar durur: ilk dəfə açıqlanan məlumatlar

11-07-2018, 08:06           

Mingəçevir olaylarının ilk gecəsində, enerji böhranı başlayan anda bir köşə yazdım. Oradakı sitatı olduğu kimi verirəm: ''Ölkəmiz yenicə qürurverici olayları yaşamışdı, paytaxtımızın baş meydanından şərəfli ordumuzun keçidini heyranlıq və şükranlıqla izləmişdik. Dost və düşmənlərimiz dövlətimizin qüdrətini görüb, qəbullanmışdılar.

Ermənilər və onların içimizdəki uzantıları narahat olmuşdular...

Belə bir zamanda ölkə texniki bir səbəbdən qaranlığa qərq oldu və Azərbaycan işıqsız qaldı.
Mən çox narahatam; hər nə səbəbdən baş versə də, bu, yaxşı hal deyil; xüsusi ilə ona görə narahatam ki, bu, sanki hansısa güclərin o möhtəşəm paraddan sonra Azərbaycana mesajı idi...''

(Link burda - http://musavat.com/author-news/felaket-gecesi-qaranliqda-kesf-olunan-gercekler-rauf-arifoglunun-yazisi_538352.html )

**

Ardınca Gəncənin İcra başçısını vurdular.

Dərhal Ələkrəm Hümbətov və Zabil Məhərrəmov başda olmaqla, xaricdəki separatçı "azərbaycanlılar", Avropada oturum alan bəzi mühacirlər fəaliyyətə başladılar.


Onların heç biri gəncəli deyil, əksəriyyəti din və etnik pərdələr altında fəliyyət göstərən təxribatçılardır.

Lakin hamısı ''Gəncə xalqı''na müraciət edir, onun ayağa qalxıb, üsyan etməsinə çağırış edirdilər.

Tətikci Yunis Səfərov da bu şəbəkənin adamıdır. Yaxud da onu və ailəsini yönəldən! Onlar olayları mütləq din pərdəsinə bürümək üçün əllərindən gələni edirlər.

Açıq deyim - İranı hədəf göstərilir. Kampaniyanı o qədər açıq və kobud aparırlar ki, heyrətlənməyə bilmirsən. Lakin biz jurnalistləri belə oyunlarına bəzən alət edə bilirlər...

Tətikçi Səfərovun ''dəstəkçiləri'' yutubedə özlərini yırtırlar - arxa fon, danışıq və şüarlar, çağırışlar baxanda elə təəssürat oyadlır ki, sanki bu kərətalar İrandan, lap elə Qumdan çəkiliş yapıblar.

Saytı, ya da kanalı araşdırırsan, bağıranın özünün yaşayış yerini öyrənirsən... Məlum olur ki, adam Hollandiyadadır. Ya da İrəvanda. Ya da Moskvada, ''sepatarçı azərbaycanlıların'' studiyalarından birində...

Söyüş müxalifəti də Qərb paytaxtlarından start vermişdi kampaniyaya - onlara daxildən insan resursları düzəldə bilmədilər. İndi ''B'' variantı işə salınıb...

Nə olur olsun, baş verənləri ictimai rəydə İranın üzərinə yıxıb, belə bir görüntü verib, Azərbaycanı öz qonşusu, strateji partnyoru ilə düşmən etmək niyyəti ortadadır.

Buna da paralel olaraq, Azərbaycan daxilində İrana simpatiya bəsləyən vətəndaşlarımızın, dini icma və ayrı-ayrı inanclıların aktiv, ya da passiv dəstəyini almaqdı planları... Bu məqamda rəsmi İran susmamalı, açıq bəyan və olayı pisləyən bəyanat verməli, ona simpatiya bəsləyənlərə açıq inkar mesajı yollamalıdır...

**

Daha bir mühüm məqam - hər kəs ölkənin hərbi prokuroru, Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevin açıqlamasını xəfifə aldı, ''qardaş yanğısı'' dedi.

Doğrudur, tətikçinin anası erməni deyil. Bunu yanlış dedi.

Lakin onun təsvirində bir detal da vardı.

Moskvadakı 157 saylı məktəbdə kitabxanaçı işləyən Leyla Səfərova haqda dedikləri...

''Yunis Səfərovun anası Rusiya kəşfiyyatına işləyir'' - ölkənin ən məlumatlı şəxslərindən biri olan Xanlar Vəliyevin bu sözlərinə çoxları güldü, ciddi baxmadılar...


Necədi, sizin üçün, belə bir məlumat - Leyla Səfərova artıq 4 ildir ki, ''FSB'' akademiyasının kitabxanaçısıdır. Bu özəl və dəqiq məlumat diqqətəlayiq deyil?

Oraya - bu mühüm bir posta sizcə sıradan birini götürərlər?

Niyə ölkənin ən məlumatlı adamlarından birinin iddiasını kənara qoyduq?


**

İki polis zabiti Gəncənin baş meydanında qətlə yetirildi - tətikçi Yunisin yarımçıq işi tamamlanır? Normal vətəndaş belə bir qətlə əl atarmı? İki polis zabitini xəncərləyərmi?

Günlərdir, sosial şəbəkələr üzərindən ayağa qalxın deyən şəbəkə ortaya cəmi 150-200 adam çıxarda bildi.

Lakin bu qədər məhdud qüvvə ilə də ölkədəki atmosferi dəyişə bildi.

Sosial şəbəkədə Gəncədəki xain iğtişaşı yayınlayanların əksəriyyətinin xarici bağlantıları var - bu detala da diqqət etdim.

Bir sözlə, Azərbaycana qarşı qorxulu bir oyuna start verilib. Xatırlayırsınızsa, bu ilin əvvəllərində prezidentin köməkçilərindən biri açıq dedi ki, seçkiləri ona görə qabağa çəkdik ki, Azərbaycanı payıza qədər qarışdırmaq istəyirlər.

Prosesə start verildiyini də dedi. İctimaiyyəti müqavimətə çağırdı.

Çağırış baş tutdu. Lakin xarici və daxili düşmənlərin məkrli planı dəyişməyib, görünən budur.

Bu dəfə ictimai yox, ümummilli müqavimət təşkil olanmalıdır.

Yekunda onu deyim ki, bizim vurulan başçı Elmar Vəliyevlə xüsumətimiz var. Gəncə camaatına etdiklərinin bir qismini bizə və müxbirlərimizə qarşı edib. Ondan tənqid yazan xanım müxbirlərimizdən birinin Gəncədə yaşayan qardaşını həbs etdirib - hələ də içəridədir. Redaksiyamıza qarşı mənəvi terror təşkil edib...


Mən ölkəmdə bu cür məmurların iş başında olmasını istəmirəm.

Lakin sadəcə bu qədər- pis hesab etdiyimiz hər kəsə silah çəksək, bizə də silah çəkəcəklər - hər kəsin öz pisi var...

Bu baxımdan, Elmar Vəliyevə səmimi qəlbdən nifrət edənləri də vəzifəyə çağırıram. Xarici güclərin təxribatlarına qoşulmayın. İstər Gəncə meydanında, istərsə də Facebook platformasında.

**


1990-cı ilin yanvar ayı. AMDP "Yeni Müsavat"ın könüllü döyüşçüləri. Sağdan və soldan 5-ci (ayaqda) mənəm

Mən bu şəhərdə ''Yeni Müsavat'' qəzetinin ilk redaksiyasını qurmuşam, 5 il bu şəhərdə təhsil almışam, ölkənin ilk silahlı və könüllü batalyonunun qurulmasında və Gəncə ətrafında yerləşən Çaykəndin düşməndən təmizlənməsi prosesində iştirak etmişəm. Gəncə mənə doğmadı.

Gəncəni - Azərbaycanı təxribatlardan və qandan qoruyaq.
Gəncəni kimlər və niyə qanadır - prosesin arxasında bu paytaxtlar durur: ilk dəfə açıqlanan məlumatlar
Rauf Arifoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.