“Bəlkə onda Allah da bizim övladlarımızı müharibədən sağ-salamat evə qaytarar..."
20-04-2015, 21:41
1945-ci il fevralın 2-dən 3-na keçən gecə Avstriyanın ərazisində yerləşən alman faşist Mautxayzen əsir düşərgəsindən, düşərgə tarixində ən kütləvi qaçış aksiyası qeydə alınıb. Bundan sonra yaşananlar isə avstriyalılar üçün qara ləkə kimi hələ də yaddaş və arxivlərdə qalmaqdadır.
“Bəlkə onda Allah da bizim övladlarımızı müharibədən sağ-salamat evə qaytarar..."
20 saylı blokun bir qrup məhkumu daş və taxta parçaları ilə qaravulçulara hücum çəkərək, elektrik məftilli hasarları yaş ədyallarla qapayır. Nəticədə 419 əsir sovet zabiti düşərgədən qaça bilmişdi. Düşərgənin ştandartenfüreri SS Frans Tsirays ətraf kəndlərin əhalisini qaçan əsirlərin axtarışında iştirak etməyə çağırır: "Siz ki, ehtiraslı ovçularsınız. Bu isə dovşan qovmaqdan daha maraqlıdır!” Qocalar və yeniyetmələr, SS və polis ilə birləşib, meşələrdə ayaq üstə güclə dayanan və aclıqdan taqətsiz olan əsirləri tutub vəhşicəsinə qətlə yetirirdilər. Mautxayzen əsir düşərgəsinin arxivini, bu Insanlığa sığmayan dəhşətli ölüm səhnələrini əsəb gərginliyi keçirmədən oxumaq mümkün deyil. Qələbəyə cəmi üç ay qalmış “vicdanlı” avstriyalı kəndlilərin sovet hərbi əsirlərinin başına nə oyun açdıqlarını oxuduqca damarlarda sanki qan donur...
Mautxayzen əsir düşərgəsi
“15 yaşlı oğlanlar kimin daha çox əsir öldürdüyü haqda danışıb lovğalanırdılar. Onlardan biri cibindən kəsilmiş insan qulağı çıxartdı. Hamı güldü. Bir kişi tövləsində gizlənən əsiri bıçaqla vurdu, onun arvadısa əsirin ölməkdə olan bədənini çızıq-çızıq etdi. Rid-in-der -Ridmarkt kəndində bir küçədə qarınları yarılmış 40 meyit ağaca bağlanmışdı. Kənd əhalisi onların tamaşasına axışıb gəlirdilər...” 419 nəfər qaçan sovet əsirlərindən yalnız 11-i xilas ola bildi. Onların içində Mixail Rıbçınskiy və Nikolay Tsemkalo da vardı - Avstriyada yalnız bircə qadın, çoxuşaqlı ana Mariya Lanqtaler həyatını təhlükə altına qoyaraq, Mautxauzen qaçqınlarını evində gizlətdi. Bu zaman isə onun 4 oğlu Şərq cəbhəsində döyüşürdülər. “Ruslar bizim qapımızı günün günorta çağı döydülər”, - bunu Mariyanın 84 yaşlı qızı, hadisələr baş verən vaxt cəmi 14 yaşı olan Anna Xakl xatırlayır: “Onlar acından lap taqətdən düşmüşdülər, yemək istəyirdilər. Cox sonralar mən soruşmuşdum: necə olub ki, əsirlər qorxmayaraq, bizim evə gəlməyə cürət ediblər? Axı ətrafımızdakı insanların nələr etdiklərini görürdülər? Onlar bildirdilər ki, biz pəncərədən baxdıq, sizdə divarda Hitlerin portreti yox idi... O zaman anam atama dedi ki, bu insanlara kömək olaq. Atam qorxub cavab verdi ki, sən nə danışırsan, Mariya! Qonşular və dostlar bizi satarlar! Anam ona dedi ki, onlara kömək edək, bəlkə onda Allah da bizim övladlarımızı müharibədən sağ -salamat evə qaytarar.”
Mautxayzen əsir düşərgəsi
Əvvəlcə onlar əsirləri ot tayasının arasında gizlətdilər, lakin səhər saatlarında SS-çilər qəfildən samanlığa gəlirlər. Süngülərlə quru otun içini axtarmağa başlayırlar. Rıbçinskinin və Tsemkalonun bəxti gətirir, süngü möcüzə nəticəsində onlara toxunmayır. Bir gün sonra SS-çilər qoyun itləri ilə yenidən qayıdırlar. Bu zaman artıq Mariya əsirləri evin balaca çardağında gizlətmişdi. Döşəməyə tabak səpdiyindən itlər iz götürə bilmir. Bundan sonra zabitlər uzun 3 ay müddətində onun Vindendəki evində gizli yaşayırlar. Gündən-günə isə vəziyyət daha da pisləşirdi: gestapo əməkdaşları yerli əhalidən olan satqınları edam edirdi. Bu vaxt artıq sovet qoşunları Berlini almışdı. Mariya Lanqtaler isə yatağa girərkən, sabah nə baş verəcəyini bilmirdi...
2 may 1945-ci ildə onun evinin yanında bir "xaini" asdılar: Zavallı qoca deyibmiş ki, Hitler öldüsə, onda təslim olmaq lazımdır.
Tanrının təşəkkürü
Mən özüm də bilmirəm, anam belə dözüm və cəsarəti haradan almışdı, - Anna Xakl deyir. Bir dəfə bizə xalam gəlmişdi və təəccüblə soruşdu: "Siz niyə kimin üçünsə çörək saxlayırsız? Sizin özünüzün yeməyə bir şeyiniz yoxdur!” Anam özünü itirməyərək bildirdi ki, suxarıları yol üçün qurudur: "Bombalayırlar, birdən köçmək məcburiyyətində qalarıq". Bir dəfə qonşumuz tavana baxaraq dedi ki, orada nəsə cırıldayır, sanki kimsə gəzir. Anam güldü və cavab verdi ki, nə danışırsan, bu göyərçinlərdir. 5 may 1945-ci ildə səhər tezdən Amerika qoşunları bizim kəndə gələndə almanlar hərbi hissədən qaçdılar. Anam ağ paltarını geyindi, çardağa qalxdı və ruslara dedi: "Balalarım, siz evə qayıdırsınız ". Və ağladı…”
Mariya Lanqtaler, həyat yoldaşı və övladları
Avstriyada bu faciə haqda yalnız 80-90-cı illərdə danışmağa başladılar. Bu illərdə "Fevral kölgələri" adlı film çəkildi və "Səni anan gözləyir" adlı kitab işıq üzü gördü. 2001-ci ildə Avstriya Sosialist gənclər təşkilatının köməyi ilə Rid-in-der -Ridmarkt kəndində həlak olmuş sovet məhbuslarına heykəl ucaldılıb. Bu qranit lövhənin üzərində qaçan əsirlərin sayı qədər - 419 ədəd çöp təsvir edilmişdir. Onların hamısının üzərindən qara xətt çəkilib, yalnız 11 dənəsi saxlanılıb. Frau Lanqtalerin sözlərinə görə, rusları , belarus və polyakların mal-qara pəyələrində risk edərək gizlətmişdilər.
Sovet zabitlərinin gizləndiyi ev
Təəssüf ki, Mariya Lanqtaler müharibədən az sonra ölür, amma onun xilas etdiyi insanlar uzun bir ömür yaşayırlar. Nikolay Tsemkalo 2003-ci ildə vəfat edib, Mixail Rıbçinskiy isə 2008-ci ilədək yaşayıb. Mariyanın qızı 84 yaşlı Anna Xalk, indiyədək "qanlı fevral" hadisələri haqqında mühazirələrlə çıxış edir. Təəssüf ki, Mariya SSRİ hökumətindən qəhrəmanlığına görə heç bir mükafat almır. Halbuku belə bir dünya təcrübəsi mövcuddur: İsraildə müharibə zamanı yəhudiləri gizlədən almanlara orden və "zahid " rütbəsi verirlər. Amma bu əhvalatda əsas məsələ bilirsinizmi nədir? Marinanın dörd oğlu, qadının xeyirxah əməlinə Tanrının təşəkkürü kimi, cəbhədən sag salamat evə qayıtdılar. Bax, bu, əsl möcüzə idi...
analitik az