Atatürk: “Ordular idarə etdim, amma bir qadını idarə edə bilmirəm”- həyat yoldaşı haqqında bilmədikləriniz...
22-10-2018, 08:25
Çoxları bu qənaətdədir ki, dahilərin həyat yoldaşı sarıdan bəxti gətirmir. Əslində, faktlar da bu qənaəti gücləndirir. Böyük Mustafa Kamal Atatürkün yaşadıqları belə düşünənlərin haqsız olmadığını göstərir...
Qazi Mustafa Kamal Qurtuluş Savaşı illərində İzmirdə iqamətgah ediləcək etibarlı bir yer axtarışında ikən, ona İzmirin nüfuzlu ailələrindən olan Uşaklıgilzadələrin köşkünü məsləhət görürlər (Yeri gəlmişkən, qeyd edək ki, məşhur “Aşkı-memnu” romanının müəllifi Halit Ziya Uşaklıgil bu nəslin nümayəndəsidir). Həmin vaxt ailə Avropada olduğundan evin qızı Lətifə xanım nənəsi ilə birgə yaşayırmış. Qazi paşanı, onun dostlarını şərəflə qarşılayan Lətifə xanım onları öz evlərində 20 gün qonaq edir. Bu tanışlıq tərəflər arasında davamlı münasibətlərin başlanğıcı olur.
1898-ci il təvəllüdlü Lətifə xanım Fransanın Sarbonna universitetində təhsil almış, dünyagörüşlü bir qız olub. O, evlərində qaldığı müddətdə öz davranışı ilə paşanın hörmət və etimadını qazanır. Mustafa Kamal Lətifənin zəkasına və tərbiyəsinə heyranlıq hissi duyaraq çox bəyənir. Atatürkün Lətifəyə münasibəti onunla ailə qurma istəyi qədər ciddiləşir. Qazi paşa İzmirdən qayıdanda artıq Lətifə ilə aralarında qarşılıqlı hisslər varmış.
Bir müddət sonra Atatürkün anası Zibeydə xanım səhhətindəki problem üzündən İzmirə gedərkən, Uşakligillərin evində qonaq edilir. Vəziyyəti getdikcə ağırlaşan Zibeydə xanım elə oradaca vəfat edir. Anasının ölümü səbəbiylə İzmirə gələn Mustafa Kamal 1923-cü ilin yanvar ayında Lətifə ilə evlənmək qərarı verir. Dərhal Lətifəgilin evində sadə bir nikah mərasimi təşkil edilir və münasibətlər rəsmiləşdirilir. Mərasimə İzmirin sayılıb-seçilən adamları, Mustafa Kamalın dostları, Uşaklıgillərin yaxın qohumları dəvət olunur.
Lətifə xanım bu evliliklə ilk cümhurbaşqanının həyat yoldaşı olmaq şərəfini qazanır. Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisinə qədəm basan ilk türk qadını da Lətifə xanım olub. O, məclisə Atatürkün istəyi ilə iclası izləmək üçün gedibmiş. Lətfiə xanım bir çox yurd səyahətlərinə Atatürklə bərabər çıxırdılar.
Aralarında 20 ilə yaxın yaş fərqi olmasına baxmayaraq, cütlük ilk vaxtlar yaxşı yola gedirmişlər. Musatafa Kamal Lətifəyə “Latif” deyə müraciət edərmiş. O isə Atatürkə sadəcə “Kamal” deyirmiş. Ancaq bir-birini anlayan cütlüyün mehribançılğı çox sürmədi. İkisi də bir-birindən uzaqlaşdıqlarını hiss edirdilər. Həmin günlərdə Lətifə xanım anasına məktub yazarkən “hakikatən annecigim evlilik zor bir sanatmış” deyə bildirib. Münasibətlərin pisləşməsinə təsir edən səbəblərdən biri qısqanclıq olub.
Bəzi mənbələrdə iddia olunur ki, Lətifə xanım Atatürkü hətta tədbirlərdə iştirak edən xanımlara da qısqanırmış. Həmin xanımlar sırasında dövlət rəsmilərinin xanımları da varmış. Hətta bir dəfə Mustafa Kamalın Lətifəni “Fikriyyə” deyə səsləməsi cox ciddi narazılıqlara yol açıb. O vaxt Atatürk evlənmədən öncə birlikdə yaşadığı (bəzi qaynaqlarda paşanın onu imam nikahına almış olduğu göstərilir) Fikriyyə artıq ölmüşdü.
İsmət Bozdağın “Qazi və Latife” əsərində yazdığına görə, Fikriyyə müalicə almaq üçün getdiyi Almaniyadan Atatürkə hədiyyə olaraq tapança alıbmış. Lakin paşanın Fikriyyəni tanımayan yeni yavəri onun çantasındakı silahı görüncə paşaya sui-qəsd ediləcəyindən qorxaraq Fikriyyəni saraydan uzaqlaşdırıb. İllərdir Musatafa Kamala xidmət etdiyi bu iqamətgahdan qovulmaq ona ağır gəlib. Və paşasına hədiyyə aldığı silahla faytonda intihar edib. Bəzi mənbələrdə isə Fikriyyənin öldürüldüyü yazılır.
Getdikcə xoşagəlməz ailə münasibətlərinə bir də “Fikriyyə olayı” əlavə olunur. Narazılıqlara həm də Atatürkün çox işləməsinə görə evə əksər hallarda gec qayıtması səbəb olub. Lətifə Atatürkü səhhətini qorumadığını əsas gətirərək söz-söhbət yaradırmış.
Artıq birlikdə yaşamaq mümkünsüz vəziyyətə çatmışdı. Atatürk evlənməyinə peşimanlıq hissi ilə “Evlilik benim tabiatımda yoktu, ama bir örnek teşkil etmek için yaptım” demiş.
Bəzi mənbələrə görə, gərgin münasibətləri pik həddinə catdıran “Kanlı yelpaze” olayı olub.
Araşdırmaçı Haşım Söyləməz Lətifə xanımın qohumu Mehmet Sadiq Ökenin verdiyi məlumatlar əsasında çox maraqlı bir hadisədən bəhs edir. Rəsmi dəvətlərin bir çoxunda Lətifə əvvəlcə şeir oxuyar, sonra piano çalarmış. Bir axşam xarici ölkələrin rəsmilərinin də iştirak etdiyi mərasimdə paşa Lətifə xanıma “piano cal” deyir. Lətifə isə yorğun olduğunu bildirərək, qonaqların qulaq asmayacağını əsas gətirib bundan imtina edir. Atatürk əsəbləşir. Pianoda bir başqa şəxs ifa edir.
Lətifə isə “Sen benim yerime Vedat’a çaldırıyorsun, niye çaldırıyorsun, çaldırma. Zaten buradakilerin hiçbiri dinlemiyor. Hatalı çaldı, iyi çalmadı, bak kimse anlamadı”, - deyir. Bunun cavabında Mustafa Kamal, “Hanımefendi buradakilerin hepsi anlıyor ama siz anlamıyorsunuz”, - söyləyincə Latifə əlindəki yelpiyi hirslə ovcuna vurur və əlini kəsir. Mustafa Kamal Lətifəyə əl qaldırmaq istəyir.
Latifə özünü qorumaq üçün yelpiyi üzünə tutanda əli Atatürkün yanağına dəyir və Mustafa Kamalın üzü qana bulaşır. Hətta Atattürkün yanağı azca cızılır da, amma sifətinə qan bulaşdığı üçün belə təssürat yaranır ki, Mustafa Kamalın üzündə böyük bir yara var. Atatürk diplomatik nümayəndə rəsmilərinin önündə belə bir vəziyyətin yaranmasını biabırçılıq kimi qiymətləndirir. Haşım Söyləməzin yazdıqlarından: “Bu olay komutanların ve diplomatik erkânın önünde meydana geliyor. Bunun üzerine Avusturya ve Amerikan maslahatgüzarları “Komutanların önünde karısından tokat yedi. Türkiye Cumhuriyeti liderinin karizması çizildi. Her an bir darbe beklenebilir”, - diye ülkelerine kripto yazmış. Bu olay karı-kocanın ilişkilerinin hangi noktaya geldiğini gösteriyor”.
İsmət Bozdağın yazdığına görə isə bir axşam baş verən hadisə kasanı dolduran son damla olub. Həmin gün Musatafa Kamal evə gec gəlib, sarayın qapısı önündə duran gənc əsgərlərlə söhbətedərkən Lətifə xanım balkondan əsəbi halda “Kemal, buraya gel! Mahalle arkadaşlarınla yarenlik bitti, şimdi asgerlerle mi içli-dışlı oluyursun? Buraya gel diyorum!” söyləyib. Atatürk heç bir söz demədən içəri keçir və öz-özünə “artıq oyun bitməli” deyir. İş otağına keçərək boşanmanı rəsmiləşdirməyi lazımi şəxslərə əmr edir. Bununla da 2 il 6 ay 4 gün sürən evlilik başa çatır.
Lətifə xanım “Latife Qazi Mustafa Kemal” olaraq çıxdığı İzmirdən sadəcə “Latifə” olaraq yenə İzmirə qayıdır.
Zivər Ay
kulis.az