Bizim eramız sona çatdı - "Yaşlı xəstələr ölmədən yaxınları ilə vidalaşmaq istəyirlər"
23-03-2020, 20:53
İndi nə baş verir, bilən yoxdur. Yəni üzdəki qorxunc kabusu hamı görür, onun yayılma marşrutundan, bəzi ölkələrin üstündən atlanıb keçməsi, bəzilərini məhvə sürükləməsindən təbii mənşəli olmadığı, idarəedilən olduğu da duyulur. Amma kimlər tərəfindən, nə məqsədlə, bilinmir. Ortada çoxlu fərziyyələr var sadəcə. Sabah nə olacaq, haçan buna son qoyulacaq, bunu da dəqiq bilən yoxdur. Bir şey bəllidir: Şər hazırda Xeyir üzərində hökmranlıq edir. On minlərlə insanlar həlak olur, dünya iqtisadiyyatı sürətlə çökür, bəşəriyyət qorxu və xaos girdabına sürüklənir.
İndi bu ağır günlərin salnaməsi yazılmaqdadır. Bəzilərini özümçün qeyd edirəm.
İtalıyalı həkim Daniel Maçininin söylədikləri dünya mediasında geniş yer aldı, çox təsirləndirdi hamını:
“Böyük bir tragediya yaşanır ölkəmizdə… Yaşlı xəstələr ölmədən əvvəl ağlayaraq bizə yalvarırlar. Ən yaxınları ilə vidalaşmaq istəyirlər… Təkbaşına ölmək istəmirlər… Yaxınları ilə internet vasitəsilə vidalaşırlar… Ölmədən əvvəl şüurlarını itirmirlər… Komaya girmirlər…Hər şeyi dərk edərək… Boğulurlar…Can verirlər…
Adətən, ərlə arvad eyni gündə ölürlər.
…Bizim günahımız yoxdur. Sizin də günahınız yoxdur! Bizə bu xəstəliyin bu qədər təhlükəli olduğunu söyləməyənlər günahkardır!”
Əziz dostum Arye Qut İsrail prezidenti Reuven Ruvlinin karantinlə bağlı evdə qalmağa məcbur olan uşaqlar üçün hər gün televiziyanın canlı yayımında nağıl danışdığını paylaşıb. Bu, xeyli nikbin ovqata kökləyir adamı.
Elə indicə də Kanadada yaşayan həkim dostum Lada Millerin bir statusunu oxudum. Lada yazır:
“Özünüzü qoruyun. Doğmalarınızı qucaqlayın. Biz – tibbi personal infeksiya təhlükəsinə görə bunu edə bilmirik, çox ağırdır, əzizlərinə toxuna bilməmək.
VƏ UNUTMAYIN! Bizim eramız sona çatdı. Biz orada çoxlu səhvlər, ədalətsizliklər, müharibələr elədik.
Bizim eradan sonra necə olacaq, bu, bugün bizim hər birimizdən asılıdır.”
Tanrı hər birimizi qorusun!
Amin!
Varis Yolçuyev, tanınmış yazıçı