İran kralının başını kəsən türk xatunu – Dünyanın ilk qadın hökmdarı

30-03-2020, 09:48           
İran kralının başını kəsən türk xatunu – Dünyanın ilk qadın hökmdarı
Massaget və saklardan olan məşhur peçeneq qadın, Skif dövlətinin hökmdarı, sakların şahzadəsi Tomris. Dünyanın ilk qadın hökmdarı - o, bir türkdür - sakların anası, böyük Alpər Tonqanın nəvəsi Tomris.

Teleqraf.com dünyanın ilk qadın hökmdarı Tomris haqda yazını təqdim edir.

Saklar və ya skiflər xalqların bir-birini Şərqdən Qərbə sıxışdırması nəticəsində tarix səhnəsinə çıxmışdılar. E.ə. VIII-III əsrlərdə mövcud olmuş köçəri bir türk xalqı idi. Şərqdə Çin Səddindən başlayaraq Tuna çayınadək 7000 kilometrlik bir əraziyə yayılmışdılar. Skiflər atı sevən bir xalqdı, ox və yay ən sevimli silahları idi. Habelə qısa qılınc və mizraq. Qızıl və gümüş ustaları olduqları üçün “Bozqır zərgərləri” adlandırılırdılar. Ən nüfuzlu liderlərindən biri Alp Ər Tonqa idi. Skif dövləti onun dönəmində ən parlaq dövrünü yaşamışdı. Alp Ər Tonqanın hakimiyyəti altında Asiyanın Qərb və Şərqində ən güclü bir dövlətə çevrildilər, farsların yayılma siyasətinə əngəl oldular. Skif dövlətinin Alp Ər Tonqadan sonra ən nüfuzlu hökmdarı şübhəsiz Tomris idi.

Sak qadınları

Skif qadınları ata minir, ox atır, at üstündə düşmənlə döyüşürdülər. Qadınları üç düşmən öldürməyənədək evlənmirdilər. Qədim dövr tarixçiləri onlar haqda yazırdı: “Skiflər döyüşlərə öz həyat yoldaşları ilə gedən cəsur qadınlara sahibdirlər”.

Savaşlara qatılan bu qadınlar döyüşməkdə kişilərdən geri qalmırdı. Kişilər döyüşməklə məşğul olanda, sürülər və evin idarə edilməsi yükü qadınların üzərinə düşürdü. Bu səbəbdən qadınlar silahdan istifadə etməyi bacarmalı idi. Skif qadınlarının sağ döşləri yox idi. Çünki qızlar hələ uşaqkən anaları tuncdan hazırlanmış bir aləti odda qızdıraraq sağ döşünə basıb dağlayırdılar. Bununla döşün inkişafının qarşısı alınırdı, bütün güc sağ çiyin və qola gedirdi. Bununla qadınlar savaşlar və bozqır çöllərinin ağır şərtlərinə qarşı daha güclü mübarizə apara bilirdilər.

Əhəmənilərin hücumları

Tomris e.ə VI əsrdə yaşayan skiflərin qadın hökmdarı idi. Əri öldükdən sonra skiflərin başına keçdi. Həmin illərdə Əhəməni hökmdarı II Kir tez-tez sak torpaqlarına hücum edirdi. Amma yandırılmış torpaqlardan başqa heç nə ilə qarşılaşmırdı və geri çəkilmək məcburiyyətində qalırdı. Skifləri qovmaqdan yorulan Kir hər dəfə öz ölkəsinə əliboş və məyus qayıdırdı.

Əhəməni hökmdarı II Kir Babil dövlətinə son qoyub Mesopotamiyanı hakimiyyəti altında aldıqdan sonra Misirə hücuma hazırlaşırdı. Amma skif-sak, massaget tayfalarının Əhəməni imperiyasının şimal-şərq sərhədlərinə köçü Kirin hərəkət istiqamətini Orta Asiyaya yönəltdi. Kir ordu toplayaraq skiflərin torpaqlarına girdi. Orduda savaş üçün xüsusi təlimlərdən keçmiş yüzlərlə köpək vardı. Tomris Xatun bu dəfə hücuma hazırlaşan Əhəməni ordusundan qaçmadı, uyğun bir mövqe seçib gözləməyə başladı.

Skif hökmdarı Tomrisin yanına elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. Amma onun əsl məqsədinin skifləri Əhəmənilərin əsarəti altında almaq olduğunu başa düşən Tomris onun bu istəyini rədd edir. Əhəməni hökmdarı bu hiylə ilə skiflərin boyun əyməyəcəyini bildikdən sonra əsl niyyətini açıq şəkildə göstərərək, ordusunu Araz çayı sahillərinə - indiki Azərbaycan ərazilərinə döndərdi. Həmin vaxt Tomris elçi göndərərək, Kiri bu hücumdan imtina etməyə çağırır. Təklifini qəbul etməyəcəyi halda, hücumu davam etdirməsində heç bir problemin olmayacağınə bildirir.

Hiyləgər plan

Əhəməni hökmdarı skifləri boyun əydirmək üçün plan qurmuşdu. Plana görə, Kir böyük bir ziyafət təşkil etməli, əyləncə məclisi başa çatmadan Əhəməni ordusunun ən zəif birliyi burada saxlanılmalı, ordunun ən böyük hissəsi çayın sahilinə geri çəkilməli idi. Bu vaxt Skif ordusu əyləncə məclisində olan Əhəməni birliyinə hücuma keçərkən, çay sahilinə çəkilmiş ordu hücuma keçməliydi. Plan baş tutur: əyləncə məclisini görən Tomrisin ordusunun üçdə biri hücuma keçərək Əhəmənilərin buradakı kiçik birliyini darmağdan edir. Bundan istifadə edən Əhəməni birliyi Skif qüvvələrinə hücuma keçərək, onların bir hissəsini öldürür, bir hissəsini isə əsir götürür. Əsirlər arasında Tomrisin oğlu Sparqapis də var.

Tomrisin oğlu əhəmənilərin əllərində əsir olmaqdansa, ölməyə üstünlük verir və öz həyatına son qoyur. Oğlu və əsgərlərinin bir hissəsinin öldüyü xəbərini eşidən Tomris Kirə belə bir məktub göndərir:

“Baş verənlərlə qürurlanma, cəsarətlə yox, hiylə ilə qələbə çaldın. Oğlumun meyitini mənə ver və ordumu təhqir etməyinə baxmayaraq, cəzalandırılmadan öz ölkənə geri qayıt. Belə etməsən, skiflərin Günəş tanrısına and içirəm ki, nə qədər həris olursan ol, səni məğlub edəcəyəm”.

İran hökmdarının kəsilmiş başı

Kir Skif hökmdarının təhdidini ciddiyə almır. Tomris savaş hazırlığına başlayıb Kirin ordusuna hücuma keçir. E.ə 529-cu ildə şiddətli bir savaş başlayır. Uzun müddət hər iki ordu bir-biri üzərində üstün ola bilmir. Amma Əhəməni ordusunun böyük bir hissəsinin və II Kirin həlak olmasından sonra işğalçı ordu qaçmağa başlayır. Ox atmaqda usta olan və savaş arabalarını böyük ustalıqla istifadə edən skiflər savaş köpəkləri və digər üstünlüklərinə baxmayaraq, Əhəməni ordusunu gəlməyə peşman edir. Savaşdan sonra pərən-pərən düşən Əhəməni ordusu xilas olmağın yolunu qaçmaqda görür. Amma onlar İrana Kirsiz qaçırdı.

Savaşdan sonra Kirin kəsilmiş başını öz qanı ilə doldurulmuş çəlləyə atan Tomris tarixə düşən bu sözləri deyir:

“Sağ qaldım və savaşdan qələbə ilə çıxdım. Amma sən hiylə ilə oğlumu ələ keçirərək öldürdün. İndi sənə söz verdiyim kimi, həyatında qan içməyə doymadın, mənim əlimdə qana doyursan”.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.