Bu gün Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri Xosrov bəy Sultanovun doğulduğu gündür.

10-05-2020, 16:42           
Bu gün Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri Xosrov bəy Sultanovun doğulduğu gündür.
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.

Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.

Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.
osrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.