“Dinamit gətirin, qəbri partladaq!” – CAVAD XANIN MƏZARINI DAĞITMAQ GÖSTƏRİŞİ VERMİŞ SOVET RƏHBƏRİ KİM OLUB?

11-05-2020, 13:46           
“Dinamit gətirin, qəbri partladaq!” –
Əziz Rzazadə

Strateq.az

Tariximizin ağ ləkələri çoxdur və bu ləkələri silmək üçün təkcə faktlar yox, həm cəsarət tələb olunur. Bir həqiqət də budur ki, bəzən doğrunu üzə çıxarmaq çox çətin olur – at izi it izinə qarışır. Hələ mən onu demirəm ki, hansısa tarixi cinayəti bir şəxsin boynuna qoymaq çətinluyi də qarşıya çıxır, bəzən söhbət kollektiv məsuliyyətdən gedir.

Yazıçı-publisist Əhməd İsayevlə heç bir tanışlığım yoxdur, yollarımız heç vaxt kəsişməyib. Onun qələmindən çıxmış “Gəncə və gəncəlilər” kitabını oxumaq fürsətim də, təəssüf ki, olmayıb. Amma başqa bir kitabda Gəncə hakimi Cavad xan haqqında oxuduğum bir hekayət 10 ildən çoxdur ki, mənə rahatlıq vermir.

Əhməd İsayevin yazdığına (“Gəncə və gəncəlilər”. Bakı, “Azərnəşr”, 1991, s.85) keçid etməzdən əvvəl rəhmətlə xatırlanacaq bir iranlı tarixçinin, daha doğrusu, Səməd Sərdariniyanın qələmindən çıxmış (tərcümə İbrahim Quliyevindir) kitabda deyilir ki, “Cavad xan və kiçik oğlu döyüşdə öldürüldülər. Knyaz Sisianov əmr verdi ki, döyüşdə ölənlərin arasından Cavad xanın cəsədini tapsınlar. Amma Cavad xanın cəsədi artıq etibarlı bir yerə aparılmışdı. Bundan əlavə, onun iki oğlu da qaladan çıxa bilmişdi”.

Cənazələrin itməsi rus generalını şübhəyə salır. O, güman edir ki, Gəncə xanı və oğlu sağdırlar. Əslində, Bəyim xanım oğlunun və ərinin öldürülməsindən sonra meyitləri qala bürcündən aşağıya göndərir. Səhər hava işıqlananda rus əsgərləri də Cavad xanla oğlunun cənazələrini tapmayıb elə fikirləşirlər ki, onlar hələ də sağdırlar.

Sisianov vay-şivən və nalə səslərinin ucaldığı bürcə gəlir. Otağa girən kimi, cənazələrlə rastlaşıb təəccüblənir, amma laqeydlik göstərməyə çalışır. Bəyim xanım cəld bir hərəkətlə ərinin qılıncını götürür və Sisianovun üzərinə şığıyır. “Əgər Pavel Dmitriyeviçin mühafizəçiləri yanında olmasaydılar, o, igid azərbaycanlı qadının ərinə məxsus olan qılıncının zərbəsindən salamat qurtara bilməyəcəkdi. Əsgərlərdən biri ortaya atıldı və qılınc zərbəsi ona dəydi”.

Rus qüvvələrinin komandanı Cavad xanın qalada qalmış ailə üzvlərini: Bəyim xanım və Şükufə xanımı üç qızı ilə birlikdə, habelə gəlini Nisabəyim xanım və Cavad xanın nəvəsi Zeynəbi əsir alır. O, əsirlərdən xəzinəyə böyük məbləğdə pul ödəmələrini tələb edir.

Bax indi Əhməd İsayevin “Gəncə və gəncəlilər” kitabına keçid etmənin zamanı yetişir.

Müəllif yazır: “Bu hadisə mənim Gəncəyə gəlişimdən xeyli əvvəl, 1960-cı illərin əvvəlində baş verib. Amma üstündən 10-15 il keçməsinə baxmayaraq, həmin hadisə barədə söhbətlər hələ də davam edir, həm də çox qızğın və həyəcanverici şəkildə.

Əslində, bu acı hadisə Gəncə əhalisi arasında Cavad xan barədə söhbətlərin yenidən gündəmə gətirilməsinə və onun xatirəsinin dirçəldilməsinə səbəb oldu.

Cümə məscidinin həyətində, Çökək hamamın yaxınlığında fəvvarə düzəltmək istəyirdilər. Traktor yeri hamarlayanda bir maneəyə ilişir. Baxıb böyük bir qəbir görürlər. Dörd yanı beton sandıq kimi idi!

Hamı bilirdi ki, o tərəflərdə qəbir çoxdur, amma buna əhəmiyyət vermədən qazırdılar.

Bu dəfə qazıntını davam etdirmək mümkün olmadı. Qəbri qoparıb öz yerindən çıxarmaq üçün nə qədər çalışsalar da, bacarmadılar. Başdaşının yazısına baxanda nə görsələ yaxşıdır? Bu, Cavad xanın məzarı idi!

Traktorçu əlini işdən çəkib getdi: “Bu, günah işdir, mən bu işi görə bilmərəm”. Digərlərinin də əli işdən soyudu, dedilər: “Bu, tarixi abidədir. Qoy mütəxəssislər gəlsinlər, sonra baxarıq…”

Şəhər partiya komitəsinə xəbər verdilər, Elmlər Akademiyasına teleqram yazdılar. Güman gələn hər yerə məlumat göndərdilər. Üç gün, beş gün gözlədilər, amma heç kim gəlmədi.

Bir gün şəhər rəhbəri gəlib əllərini belinə qoydu, şişman qarnını qabağa verib dedi: “Axı, bu Cavad xan kimdir? Xan-bəy zamanı çoxdan keçib. Qəbri dağıdın!”

Qəbrin betonunu dağıda bilmədilər. Haradansa dinamit tapıb gətirdilər, qəbri partlatdılar. Ertəsi gün səhər gördülər ki, şəhərin yaraşığı olan Cümə məscidinin qoşa minarəsindən biri əyilib. Bəli, bəli, əyilib. O vaxt əyrilik az bilinirdi, amma indi aydın görünür. Bu, həmin hadisənin nəticəsi idi. Bu gün iş adamları minarənin əyriliyini aradan qaldırmaq üçün nə qədər çalışsalar da, faydası olmur. Nahaq deməyiblər ki, insanın öz-özünə etdiyi pisliyi başqası ona edə bilməz. Heç olmazsa, indi ayılmalıyıq”.

İndi aydınlaşdırmaq qalır, Gəncənin o zamankı rəhbəri kim idi?..












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.