KİMSƏ YOXMU?! - Rüstəm Behrudi
21-05-2020, 17:14
Bu gün Şuşada toy-bayramdı!
Birinin toy-düyünü başqasının matəm səbəbi olub həmişə,
Səbəb nəticədən böyük olanda fəlakətin miqyası böyük olur--Şuşadakı toy-düyün kimi!
Düz 30 il bundan əvvəl yazdığım kimidi hər şey!
"AZƏRBAYCAN ORTADA QALMIŞ ANA TABUTUDUR"
Bu gün bu ortada qalmış ana tabutunu Şuşada düşmən endirir məzara!
Biz o bədbəxt ananın üz qarasıyıq!
Bir qaşıq qanımızdan qorxub niyə susuruq,zalım dostlar,zalım qardaşlar?!
And olsun,
gecənin gündüzlə görüşdüyü ana,
And olsun,
Tanrının İblisə qiyamət gününədək
verdiyi amana!
And olsun,
Göy üzünü dirək kimi saxlayan
yeriyən dağlara,
And olsun,
Şuşada minarəsi yıxılmış
Sahibsiz allah evinin
Düşən daşlarının sinəsindəki dağlara!
Şuşa --zorlanmış bacı,
Təhqir olunmuş ana!
And olsun,
Yeddi oğul böyüdüb
Ortada qalan
Ana tabutuna!
Məmləkətim,and olsun,and olsun ,
Tabım yoxdu daha
Dərdinə,əzabına,acına...
And olsun,yoxdu daha
Min ildi tutub,
Gəldiyim dar ağacına!
And olsun!
Gücsüz,yorğun allaha,
Tabım yoxdu daha!
And olsun Tanrıya ki,
Mən də bir cür dəliyəm,
Eynimdə də deyil ki--
əvvəl nədi,axır nə?!
Lənət olsun bu günə,
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm!
Mənnən birlikdə bu savaşda ölmədən öldürmək istəyən kimsə yoxmu?!
Kimsə yoxmu?!
Kimsə yoxmu?!
Teref.az