Şərəfli Tariximiz:Gəncə üsyanından 100 il keçir
25-05-2020, 10:09
Düz 100 il bundan əvvəl, 1920-ci il mayın 25-dən 26-na keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə rus-sovet işğalçılarına qarşı ümumxalq üsyanının əsl mahiyyəti totalitar rejimin mövcudluğu dövründə gizli saxlanılır, bu tarixi hadisə xalqa “bir ovuc Müsavat tör-töküntüsünün”, “banditlərin”, “quldurların” baş qaldırması kimi təqdim olunurdu. Bəs əsl həqiqətdə 1920-ci ilin həmin günlərində Gəncədə, ümumiyyətlə, rus-bolşevik təcavüzünə məruz qalmış Azərbaycan ərazilərində nələr baş verirdi?
Azərbaycan Respublikası Dövlət Arxivinin sənədləri əsasında tariximizin qaranlıq səhifələrindən birinə işıq salmağa çalışdıq.
Arxiv sənədləri ilə tanışlıq zamanı ilk baxışda belə bir təəssürat yaranır ki, guya Azərbaycan xalqı işğalçı ordunu əsl xilaskar kimi, təmtəraqla qarşılayıb. 1920-ci il mayın 16-da Nəriman Nərimanovun Moskvaya göndərdiyi aşağıdakı məzmunlu teleqramı buna misal göstərmək olar.
“Lenin yoldaşa. Surəti Çiçerinə.
Ayın 16-da Bakıya gəldim və əhali məni təntənə ilə qarşıladı. Burada inqilabi əhval-ruhiyyə mövcuddur. Qızıl ordu özünü çox gözəl aparır. Əhali mənim simamda səmimi surətdə Sovet Rusiyasını salamlayır və onun gənc, müstəqil Sovet Azərbaycanının möhkəmlənməsində kömək edəcəyinə ümid bəsləyir”.
Əslində nə bu raport, nə də Sovet hakimiyyətinin silah gücünə qurulması hələ ölkədə yeni hökümətin bütün əhali tərəfindən tanınmasını sübut etmirdi. Moskvaya bu teleqramın ünvanlanmasından heç 10 gün keçməmiş Gəncə şəhərində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı işğal faktı ilə barışmaq fikrində deyil. Arxiv sənədlərindən aydın olur ki, əslində 11-ci “Qızıl ordu” nun təcavüzü başlayan andan xalq işğalçılarla mübarizəyə atılıb. Ən irimiqyaslı silahlı üsyan 1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncə şəhərində baş verib. Həmin hadisə arxiv sənədlərində belə təsvir olunur: “ Gözlənilmədən Qızıl ordu əsgərlərinin kazarmalarında hücum edən üsyançılar sovet qarnizonunu tərksilah etdilər. Gəncədə sovet hakimiyyətinin devrildiyini elan edib 11-ci Qızıl ordu hissələrinə qarşı hərbi əməliyyatlara başladılar”.
Üsyanın başlanması bolşevik hakimiyyətinin mənafeyinə uyğun olaraq belə təsvir olunsa da, Azərbaycan ərazisində Sovet hökumətinin mövcudluğu dövründə Gəncə üsyanı “əfsanəvi” 11-ci ordu tərəfindən xalqımıza qarşı törədilən cinayətləri, totalitar rejimin qəddarlığını əks etdirən ən parlaq epizod kimi tarixə düşmüşdür. 11-ci ordu hissələrinin proletar hakimiyyətinin "düşmənləri”nə qarşı apardığı “fədakar” mübarizənin əsl mahiyyətini arxiv sənədləri tam çılpaqlığı iə qzə çıxarır. Gəncə üsyanına dair 1932-ci ildə yazılmış və başdan ayağa sovet hökümətinin mövqeyini əks etdirən xatirələrdə xalq hərəkatının başlanma səbəbləri, silahlı müqavimətin gedişi barədə belə deyilir:
“Azərbaycanın ikinci mərkəzi olan Gəncə 1920-ci ilin mayın əvvəllərində müsavatçılardan azad olundu...
... Tezliklə Gəncədə yerli müsavatçılardan savayı Denikin ordusunun nümayəndələri, gürcü menşevikləri və türk zabitləri toplaşmağa başladılar. Bundan əlavə ləğv edilməmiş Göyçay alayı da Gəncədə qalmışdı...
...Köhnə müsavatçı zabitlər pusquda dayanmışdılar. Gəncədə milli ruhda tərbiyə almış alay var idi.
Hər tərəfdən mülkədarlar, bəylər və onların əlatlıları buraya gəlmişdilər. Üsyan üçün zəmin hazırlanmışdı. Mayın 25 və 26-da Müsavat partiyası denikinçi və türk zabitlərlə, habelə ruhanilərlə birlikdə əks-inqilabi qərargah yaratmışdılar. Mayın 26-na keçən gecə saat 2-də üsyan başlandı. Yerli təşkilat və hərbi qüvvələr bunu qətiyyən gözləmirdilər.Şəhərin birinci hissəsində yerləşən 20-ci diviziyanın xeyli hissəsi tutularaq tərksilah olundu. Bütün qoşun hissəsi isə həbs edildi. Səhərə yaxın şəhərin ikinci hissəsində cəmi 200 əsgər və bir neçə yerli kommunist qalmışdı...
Üsyan etmiş banditlər şəhərin birinci hissəsini tamamilə ələ keçirərək öz hökümətlərini yaradıb nazirlərini təyin etdilər. Mayın 26-da səhərə yaxın şəhərin ikinci hissəsi mühasirəyə alındı...
... Ertəsi gün səhər 16-cı və 18-ci diviziyalar Gəncəyə gəldi. O andan etibarən üsyan yatırılmaya başlandı...
... Cənab müsavatçılar 6 gün mübarizə apardılar. Qızıl ordunun vəziyyəti çox ağır idi. Üsyanın yatırılması zamanı çoxlu əsgər həlak oldu...
...İyunun 1-nə keçən gecə 11-ci ordu hərbi şurasının tapşırığı ilə üsyan yatırıldı. Gəncə dağıdılmış məzarlığa çevrilmişdi. Sığınacaq kimi istifadə edilə biləcək tək bir ev də qalmamışdı. Şəhərin bütün təsərrüfatı dağıdılmışdı...”
Gəncə üsyanını görünməmiş qəddarlıqla yatıran 11-ci ordu birləşmələri Azərbaycan xalqı üzərində öz “qələbələrini” hərəkatı boğduqdan dərhal sonra Bakıda keçirdikləri hərbi paradla qeyd etdilər.
-Maraqlıdır, görəsən, arxiv materiallarında üsyanın başvermə səbəbləri, müqavimət hərəkatında iştirak etmiş insanların sonrakı taleləri barədə hər hansı məlumatlar varmı,
- Dövlət arxivində bununla bağlı böyük maraq doğuran sənədlər var. Gəncə qəza inqilab komitəsinin 1920-ci il 10 iyun tarixli əmrində deyilir: “ Əksinqilabçılar- bəylər, xanlar, Denikinin ağqvardiyaçı zabitləri... Gəncənin yoxsul əhalisini 2 il onların həyatını, rifahını və proletariatın hüquqlarını öz qanları bahasına müdafiə edənlərə qarşı silah qaldırmağa vadar etmişdir”.
Üsyanın başlanması səbəblərinə gəldikdə isə 1923-cü oktyabr 5-də yazılmış sənəddə bu barədə belə deyilir:
“ 1920-ci ol mayın 26-da Gəncədə Müsavat hükumətinin agentləri tərəfindən yerli burjuaziya və qolçamaqların yardımı ilə sovet hakimiyyətinə qarşı üsyan qaldırılmışdı”. Maraqlıdır ki, həmin sənəddə Gəncə üsyanının Azərbaycanın digər yerlərində də təkrarlanması ilə bağlı diqqəti cəlb edən məlumatlar verilmişdir: “ Gəncəlilərin qızğın beyinlərində yaranmış sovet hakimiyyətini devirmək fikri Azərbaycanın bir çox yerlərində böyük əks-səda doğurmuşdu. Gəncə üsyanının əks-sədası ilk növbədə, Yelizavetpola yaxın olan rayonlarda eşidilirdi. Üsyanı yatırmaq üçün Tərtərdən yola düşən 18-ci Qafqaz diviziyası yolboyunca dəfələrlə hücuma məruz qalmışdı”.
Gəncədə qalxmış üsyan dalğası sürətlə yaxınlıqdakı rayonlara da təsir edərək bütün ölkəni bürümüşdü. Bu çıxışların sovet hakimiyyəti üçün nə ilə nəticələnə biləcəyini anlayan 11-ci ordu qərargahı Gəncə üsyanı baş verən günü bütün hərbi hissə komandirlərinə aşağıdakı məzmunda direktivlər göndərmişdi: “ Bakı, 26 may, 60 №-li xüsusi məxfi-operativ direktiv. Yelizavetpolda üsyan qalxıb. Bir qədər əvvəl belə bir üsyan Tərtərdə yatırılıb. Bakıda sanki nə ilə hazırlanır... Ümumi üsyan gözlənilir... Biz bu mübarizəyə hazır olmalıyıq. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası ərazisi hərbi rayonlara bölünür, üsyanların qəddarlıqla yatırılması həmin rayonların məsul rəislərinə tapşırılır... Üsyanı yatırarkən rayon rəisləri ləğvetmə əmrini gözləməməlidirlər, çünki, rabitə hər an pozula bilər. Müstəqil hərəkət edilməli, üsyanları məhv etmək üçün tam təşəbbüs göstərilməli, bütün şübhəli ünsürlər məhkəməsiz güllələnməlidir. Üsyanın qarşısını almaq üçün əhalinin ən görkəmli və nüfuzlu təbəqələri arasından gələcəkdə güllələnmək üçün 4 nəfər girov götürülməlidir. Kiçik qığılcımlar sərtlik və amansızlıqla yatırılmalı, əgər üsyanların inkişafı milli və dini münaşiqə zəminində kütləvi fövqaladə hal xarakteri alarsa, o zaman hamımız Bakıya üz tutmalı və şəhəri bütün ziyanlı ünsürlərdən təmizləməliyik. Daha sonra respublikanın digər ərazilərində üsyanlar amasızcasına yatırılmalıdır”.
Dövlət arxivində saxlanan və o dövrün əsl mənzərəsini əks etdirən bu sənədlər bolşevik rejiminin iç üzünü açmaqda xüsusi əhəmiyyətə malikdir. Bu bir daha sübüt edir ki, Sovet hakimiyyəti üçün heç bir müqəddəs hiss, duyğu yox idi. Burada bir faktı da qeyd etmək istədim. Arxiv sənədlərindən aydın olur ki, Gəncə üsyanına Azərbaycanın görkəmli hərbi sərkərdələri, Port-Artur qəhrəmanları, əfsanəvi generallar, ADR-in hərbi naziri Səməd bəy Mehmandarov və onun müavini, bir zamanlar “rus artilleriyasının allahı” adlandırılmış Əliağa Şixlinski rəhbərlik edirdilər. Şübhəsiz, bütün üsyan iştirakçıları kimi, bu görkəmli şəxsiyyətləri də ən ağır cəza gözləyirdi. Bu məqsədlə də onlar həbs edilərək Moskvaya göndərilmişdilər. Lakin N.Nərimanovun məsələyə vaxtında müdaxiləsi, artıq ömürlərinin ixtiyar çağını yaşayan generalların təhlükəsizliyi üçün şəxsən Leninə müraciət etməsi onları bolşevizmin repressiya maşınının dəhşətli caynağından qurtara bildi.
Sima Babayeva
ARDA-nin direktor müavini