Bunkerdə, yoxsa evində qətlə yetirilən Beriya... – Tam məxfi
30-04-2015, 15:42
Lavrenti Pavloviç Beriya Rusiya tarixinin ən qəddar fiqurlarından biri kimi təqdim olunur. Onu tez-tez çar İvan Qroznı ilə müqayisə edirdilər. Beriya siyasi repressiyaların əsas icraçısı olan Stalinin "sədaqətli cəlladı" sayılırdı. Lakin bilmirdi ki, silahdaşı Stalinin ölümündən sonra onun özünün də qətlinə sayılı günlər qalacaq, sevimli oğlunu anasının gözü önündə güllələnməyə aparacaqlar, cəsədinin külünü isə göyə sovuracaqlar...
Deyirlər ki, tarixi həmişə qaliblər yazır. İosif Stalinin ölümündən sonra hakimiyyət uğrunda mübarizəni uduzan Beriya isə öz məğlubiyyətinin cəzasını təkcə həyatı ilə deyil, həm də Stalin rejiminin bütün nöqsan və sui-istifadələrinin sanki yeganə günahkarı elan olunaraq çəkir. Əlbəttə, Beriyanı günahsız qurban hesab etmək də olmazdı, lakin tarixçilər etiraf edirlər ki, bu insanın real şəxsiyyəti və onun tarixdə rolu haqqında çox az şey məlumdur. Analitik.az ziddiyyətli həyat sürmüş, haqqında mif və əfsanələr indi də səngiməyən, çoxlu şübhəli faktlarla dolu olan cinayət işinin hələ də məxfi saxlanıldığı Lavrenti Beriyanın sirlərini açmağa çalışacaq.
“Bağırovun himayəsi altında olan türk casusu”
Rəsmi sənədlərdə onun tərcümeyi-halı belə başlayır: “17 mart 1899-ci ildə Abxaziyada kasıb kəndli ailəsində anadan olan Beriya Lavrenti 16 yaşından Zaqafqaziyada inqilabi mübarizəyə qoşulub. Bir neçə dəfə həbsxanada olub. Sovet hakimiyyəti qurulduqdan sonra 21 yaşlı Lavrenti Beriya Azərbaycanın, sonra isə Gürcüstanın Fövqəladə Komissiyası orqanlarında xidmətə başlayıb.” Həyatının bu dönəmində Beriyanın uzun illər gizli qalan “musavat ” dövrü də vardı...
Azərbaycan yazıçısı, uzun illər Mir Cəfər Bağırovun həyatının tədqiqi ilə məşğul olan Adıgözəl Məmmədovun son dövrlərdə işıq üzü görmüş silsilə kitablarında bu iki ziddiyyətli şəxsiyyətin əlaqələri və dostluğu haqda arxiv materiallarına əsaslanan çoxlu faktlar mövcuddur. Müəllifin arşdırmalarına görə Sovet liderlərindən olan Lavrenti Beriya Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə «Müsavat» əks-kəşfiyyatının üzvü olub və Türkiyə xarici kəşfiyyatına işləyib. Bunu Beriyanın istintaq materiallarına baxdıqda da görmək olar. Onunla birlikdə həbs olunan adamların ifadələri bu faktı tam sübut edir. Adıgözəl Məmmədov kitabında bu məsələnin Beriyanın siyasi fəaliyyəti dövründə onun karyerasının irəliləməsini istəməyən opponentləri tərəfindən bir neçə dəfə üzə çıxdığını da bildirir. Hətta Azərbaycanda işləyən Kaminski bu barədə Stalinə məktub da yazmışdı. O vaxtlar Azərbaycan Fövqəladə Komissiyasında fəaliyyət göstərən keçmiş çekistlərin və S.Orjonikidzenin Stalinə müraciəti də olmuşdu. Amma hər dəfə Beriya arqument olaraq gətirirdi ki, mən «Müsavat» əks-kəşfiyyatına bolşeviklər tərəfindən salınmışam və oradakı informasiyaları bolşeviklərə ötürmüşəm. Bolşeviklər hakimiyyətə gəldikdən sonra keçmiş müsavatçıların, həm də onların ələ aldıqları agentlərin ovu başlanır. Bir çox musavatçılar, o illərdə xaricə mühacirət edirlər. Qızıl Ordunun işğalından sonra həbs olunan musavatçılar içərisində Beriya da var idi. Adıgözəl Məmmədov kitabında yazır: “Mir Cəfər Bağırov yeni qurulmuş Sovet hökumətində vəzifələr tutandan sonra N. Nərimanovun təqdimatıyla Fövqəladə Komissiyanın rəhbəri vəzifəsinə gətirilir. Bundan sonra hansısa bir qüvvənin tapşırığı ilə M.C. Bağırov Beriyanı həbsdən çıxararaq birbaşa AZÇK-ya işə götürür... Bu, sonralar-1953-cü ildə Beriyaya qarşı qurulan məhkəmədə Bağırova qarşı yaranan şübhələrin əsas mənbəyinə çevrilir. Ona bu tapşırığı hansı qüvvə vermişdi?”
Lakin qeyd etmək lazımdır ki, Bağırovla Beriyanın yaxın münasibətləri Azərbaycanın Kremldəki anti-Azərbaycan qüvvələri tərəfindən Stalinə azərbaycanlıları Mərkəzi Asiyaya köçürmək təklifini verəndə, bu məsələdə böyük rol oynayır. Stalinin sağ əli olan Beriya bu fəlakətin baş verməsinin qarşısını ala bilir və bu minvalla həm də sovet Ermənistanının liderlərinin Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsi istəyi də baş tutmur. Sonralar Beriya ilə Bağırov dəfələrlə Gürcüstan və Azərbaycanda sovet quruluşuna və Kommunist Partiyasına qarşı çıхan insanları həbsdən, repressiya və güllələnmədən qurtarırlar. Stalin tərəfindən müdafiə olunan Beriya bu addımları atmağa cəsarət edirdi. Onun Azərbaycana həmişə simpatiya bəslədiyi şübhəsizdir. Bu faktlar və yaxın keçmişimizin Beriya ilə bağlı yeni, qaranlıq, gizli səhifələri Adıgözəl Məmmədovun “Beriya – Bağırovun himayəsi altında türk casusudur”, “Kremlin türk agenti Beriya - 0029 nömrəli iş”, “Bağırov və Beriya. Məxfi protokollar” kitablarında arxiv mterialları ilə əksini tapıb.
Siyasi karyerada yüksəlişlər
Lakin bütün bunlara baxmayaraq, sonralar o, gizli əksinqilabın darmadağın edilməsində iştirak etdiyinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunub. 1927-ci ildə Beriya Lavrenti Gürcüstan SSR daxili işlər xalq komissarı olur. 1931-ci ildə o, Gürcüstan Kp MK-nın birinci katibi vəzifəsini tautaraq, faktiki olaraq, respublikanın birinci şəxsi olur. Bu dövrdən başlayaraq, Beriya haqda ziddiyyətli nüfuza malik siyasi fiqur kimi danışmağa başlayırlar: bir tərəfdən onu siyasi rəqiblərinə qarşı repressiyada günahlandırırlar, digər tərəfdən isə qeyd edirlər ki, 32 yaşlı siyasətçinin sayəsində Gürcüstan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Bu həqiqətən də belə idi: Məhz Beriyanın sayəsində regionda idxal məhsulu olan çay, üzüm, mandarinin istehsalı çoxaldı. Bununla da Gürcüstan SSRİ respublikaları arasında ən varlı diyar kimi şöhrət qazandı.
Fəal siyasətçi və respublika lideri kimi, Beriyanın siyasi repressiyalara rəvac verənlər siyahısında olamaması mümkün deyil. Lakin tarixçilərin əksəriyyəti iddia edirlər ki, ən azı iki il ərzində əksəriyyətinin ölkənin partiya, dövlət və hərbi elitasını təşkil edən bir neçə yüz min adamın ölümünə səbəb olan 1937-1938-ci illərin məşhur "Böyük terror"una onun heç bir aidiyyəti olmayıb. Belə ki, Lavrenti Beriya SSRİ XDİK aparatına 1938-ci ilin avqustunda gəlir. Bu, o dövrlər idi ki, xalq komissarı Nikolay Yejovun terrorunun vüsət alması artlıq ali sovet rəhbərliyini qorxutmağa başlamışdı. Beriyanın təyinatı vəziyyəti nəzarət altında "saxlamaq" və qızışmış “güc strukturunu” əvvəlki vəziyyətə qaytarmaq məqsədi daşıyırdı. 1938-ci ilin noyabrında 39 yaşlı Lavrenti Beriya Nikolay Yejovu əvəzləməklə, SSRİ XDİK-ə rəhbərlik etməyə başlayır.
Məhz Beriyanın bu vəzifəyə gəlməsi "Böyük terrorun" sona çatması sayılır, üstəlik, növbəti iki il ərzində Yejov tərəfindən 200 minə yaxın qanunsuz həbs olunanlar azadlığa çıxıb. Müharibə illərində Beriya təkcə XDİK-dəki işləri ilə məşğul olmurdu, həm də müdafiə sənayesinin və nəqliyyatın kuratoru idi. O, ölkənin sənaye müəssisələrinin ölkənin şərqinə köçürülməsinin təmin olunmasında mühüm rol oynayır. 1944-ci ildə Beriya Lavrenti sovet "atom layihəsinin" kuratoru olub. Məhz onun nadir təşkilatçılıq qabiliyyəti sayəsində SSRİ-nin atom bombası amerikalıların gözlədiklərindən daha tez, 1949-ci ildə yaranır. Məhz "atom layihəsinin" uğurundan sonra ona yüksək vəzifəli dövlət xadimindən başqa, həm də Stalinin potensial varisi kimi baxırdılar.
5 mart 1953-ci ildə İosif Stalinin ölümündən sonra sovet rəhbərliyində, bütün dolğunluğu ilə hakimiyyətini üzərinə götürə bilən fiqur yox idi. Bu zaman faktiki olaraq hakimiyyət üçlüyü yaranmışdı: Sovet hökumətinin başçısı və ölkənin formal lideri Georgi Malenkov, Stalinin ölümündən sonra partiyaya başçılıq edən Nikita Xruşşov və dövlət təhlükəsizliyi Nazirliyinin də tərkibinə daxil olduğu, Daxili İşlər Nazirliyinə başçılıq edən Lavrenti Beriya.
Hakimiyyət uğrunda mübarizə
Belə üçhakimiyyətlilik uzun müddət davam edə bilməzdi. Tərəflərdən hər biri öz mövqelərini möhkəmləndirməyə çalışırdı. Beriya öz adamlarını Daxili İşlər orqanlarında rəhbər vəzifələrə təyin edirdi. O, düşünürdü ki, məhz güc orqanlarına nəzarət işi həll edəcək. İndi sovetlər ölkəsini Beriyanın hakimiyyəti altında nələrin gözlədiyini demək çox çətindir. Bəzi tarixçilər "sərt əlin" və repressiyaların yeni mərhələsinin başlayacağını düşünür, bəziləri isə iddia edirlər ki, DİN başçısı siyasi məhbusların miqyaslı reabilitasiyasına hazırlaşırdı. Ən radikal tarixçilərin fikrincə isə Beriya hakimiyyətə gəlsəydi, ölkəni ideologiya asılılığından azad edəcək, bazar iqtisadiyyatının qurulmasına çalışacaq, hətta Pribaltika respublikalarına müstəqillik verilməsinə nail olacaqdı...
Bütün bunlar yalnız fərziyyəllərdir. Beriyanın nə planlaşdırdığından asılı olmayaraq, onları onsuz da reallaşdırmaq mümkün olmayacaqdı. Vaxtilə "Böyük terror" siyasətinin fəallarından biri olan Nikita Хruşşov, opponentlərini qabaqlamaq üçün oyuna başlayır. O, Georgi Malenkov və daha iki görkəmli siyasətçi Nikolay Bulqanin və Vyaçeslav Моlotov ilə DİN başçısının əleyhinə yönəldilmiş ittifaq bağlaya bilir.
Beriya yaranmış təhlükəni açıq-aşkar yaxşı dəyərləndirmir, güman edir ki, DİN üzərində nəzarəti ona öz təhlükəsizliyi üçün narahatlıq keçirməməyə imkan verir. Lakin Xruşşov hərbiçiləri, o cümlədən Georgi Jukovun özünü də öz tərəfinə çəkə bilir. Hər şey isə Kremldə 1953-ci il iyunun 26-də SSRİ Nazirlər Sovetinin müşavirəsində başlayır. Xruşşov gözlənilmədən Beriyanı Böyük Britaniyanın xeyrinə casusluqda və dövlətə zidd fəaliyyətdə ittiham edir. Çaşqın Beriya özünü müdafiə etməyə çalışsa da, ona qurulan tələnin mükəmməlliyini zala başda Jukov olmaqla, daxil olan generalları gördükdə anlayır.
Rəsmi məlumata görə, Beriyanı elə iclas salonundaca həbs edirlər. Beriyanın həbsi günü vəziyyətin mürəkkəbləşməsindən ehtiyatlanaraq, Moskvaya ordu bölmələri cəlb olunur. Növbəti bir neçə gün ərzində isə öz şefini azad etməyə qadir olan onun yaxın silahdaşları da həbs edilir. 1953-ci ilin dekabrında xüsusi məhkəmə marşal İvan Кinevin sədrliyi ilə SSRİ Ali məhkəməsi "Beriyanın işinə" baxıb. DİN rəhbərinə qarşı irəli sürülən ittihamlar "Böyük terror" dövründə istifadə edilən şantajlardan çox az fərqlənirdi.
Onu casusluqda, hakimiyyətdən sui-istifadədə, kütləvi zorlamada və bir çox başqa cinayətlərdə günahlandırırlar. Bu ittihamların Beriyanın real fəaliyyətinə çox az aidiyyatı var idi, prosesin özü isə həqiqəti müəyyənləşdirmək istəmirdi. Rəsmi məlumatlara görə, Lavrenti Beriya 1953-ci il dekabrın 23-da edam cəzasına məhkum edilir və Daxili İşlər nazirliyinin bunkerində ölkənin baş prokuroru Rudenkonun iştirakı ilə güllələnir. Gecə onun meyiti 1-ci Moskva krematorisinə gətirilib yandırılaraq, külü Moskva çayına səpilir.
Beriya öz evində qətlə yetirilib?
Bu hadisələrin alternativ versiyası da mövcuddur. SSRİ dağıldıqdan sonra, Beriyanın oğlu Serqo Lavrentiyeviç, həmçinin Stalinin qızı Svetlana Аlliluyeva mətbuata verdikləri müsahibələrində bildirirlər ki, əslində 1953-ci il iyunun 26-də Nazirlər Sovetinin heç bir iclası olmayıb. Lavrentiya Beriya evində baş verən atışmada öldürülüb.
“Beriya işi” hələ də məxfi qrif altındadır. Lakin bu işlə tanış olan çox az sayda tədqiqatçılar deyirlər ki, cinayət işinin stenoqramı yoxdur. Onun xronologiyası şəxsən baş prokuror Rudenko tərəfindən yazılıb. Bu, bir çox şübhələrə yol açır. Az əvvəl Ukrayna SSRİ-nin baş prokuroru olan Rudenko sanki bu protokolları “tərtib etmək” üçün təcili Moskvaya çağırılaraq, ölkənin baş prokuroru təyin olunur. Baş prokuror ittihamçını dindirə bilər, lakin protokolların şəxsən tərtibi isə inandırıcı səslənmir. Bundan başqa, tədqiqatçıların araşdırmalarına görə, heç bir Rusiya arxivlərində Beriyanın həbs olunduğu müşavirənin protokollarına rast gəlmək mümkün deyil. O illərin və hadisələrin sağ qalan yeganə şahidi-Lavrenti Beriyanın gəlini, oğlu Serqonun həyat yoldaşı, məşhur Rusiya yazıçısı M.Qorkinin nəvəsi Marfa Peşkova xatırlayır ki, həmin gün 23 iyun 1953-cü il Beriya oğluna zəng edərək, müşavirənin təxirə salınmasını və evə qayıtdığını bildirib. Serqo Lavriyentiyeviç axşamüstü evə gələndə isə artıq atası öldürülübmüş. Bundan xəbərsiz olan Serqo, otaqdakı güllə izlərini görəndə, birbaşa Xruşşova zəng edir. Xruşşov atası ilə bağlı heç bir qorxulu hadisənin baş vermədiyini desə də, bir neçə saatdan sonra Beriya ailəsinin yaşadığı evə qara maşın gəlir. Ailə həbs olunur. Marfa Peşkova deyir ki, Beriyanın iqamətgahının gözətçılərindən biri axşamüstü onun yanına 3 nəfər hərbi geyimli adamların gəldiyini görüb, onlardan biri general olub. Qorkinin nəvəsini tezliklə buraxırlar. Anası və Serqo isə uzun müddət məşhur Lefortovo həbsxanasında saxlanılır və dindirilir. Serqo xatırlayır ki, onun yanına Nazirlər Sovetinin sədri Malenkov da gəlir. O, Serqoya məsləhət verir ki, əgər tələb olunan sənədlərin yerini bilirsə, desin. Və bildirir: “Əgər ümid edirsən ki o, sağdı və bununla ona ziyan yetirilmiş olacaqsan, bu, absurddu. İnanma ki, atan hələ də sağdır... “
Beriyanın gizli materiallarının yerini demək üçün oğlunu anasının gözü önündə güllələməyə də cəhd edirlər... Lakin Serqonun bu məxfi materialların mövcudluğundan belə xəbəri yox idi. İl yarımdan sonra elmlər doktoru, Stalin mükafatı laureatı Serqo Beriyaya amnistiya verilərək, Sverdlovskiyə sürgünə göndərirlər. Burada o, zavodların birində raket sistemlərinin işlənməsi üzrə baş mühəndis təyin olunur və uzun illər sürgünlük həyatı yaşayır.
Beriyanın oğlu Serqo və ailəsi
Beriyanın Serqodan başqa, Valentina Drozdovadan olan, adını anasının şərəfinə Marta qoyduğu qızı da qalır. 1953-cü ildə həbsinə az qalmış Beriya oğluna Drozdovların yaşadığı evi göstərərək, “onlar mənə çox əzizdilər, başıma bir iş gələrsə, onlara arxa dur ”, demişdi...
Burada bir maraqlı faktı qeyd edək: Qızının anası Valentina Drozdova 1953-cü ildə məhkəməyə zorlanma iddiası ilə ərizə verən yeganə şikayətçi idi... Suallar həddən artıq çoxdur . Nə üçün yeganə? Bəs digər zərərçəkmişlər nə üçün müraciət etməmişdilər? Və umümiyyətlə, özünə qarşı təhlükəni hiss edərək, qayğısına qalmağını tapşırdığı bu “əziz” insan niyə zorlanması haqda şikayət ərizəsi yazsın? Çox güman ki, bu ərizə ilə Drozdova özünü və qızını repressiyadan qorumuş olur. Lakin hər halda bu, kütləvi zorlanma faktının olmasını da şübhə altına alır... Əsl həqiqətsə, məxfi arxivlərin tam açılmasından sonra məlum olacaq...