Kəllə-paça əməliyyatı - Söhbət yeməkdən düşmüşkən...

16-01-2021, 18:10           
Kəllə-paça əməliyyatı - Söhbət yeməkdən düşmüşkən...
Kəllə-paça əməliyyatı
Söhbət yeməkdən düşmüşkən...
Bir dəfə Türkiyədə burdan qaçaq düşmüş bir dostumun yanında idim. Günlərin birində mənə dedi ki, İlqar, bilirsən nə istəyirəm, ata-baba kəllə-paçası... Dedim ki, asan şeydi, niyə bişirmirsən? Cavabı belə oldu: Kəllə tapa bilmirəm... Dedim, mən taparam.
Şənbə günü maşınını götürüb, çıxdım kəllə ovuna. Hansı ət dükanına girdimsə, gördüm ki, qoyun kəlləsini soyublar avaralar. Əlim hər yandan üzüləndə, Beşikdaşdakı bir qoca qəssabdan soruşdum ki, sizdə qoyunu harda kəsirlər. Dedi ki, hazır gəlir. Soruşdum: derisi üstündə olan kəlləni, paçanı hardan tapa bilərəm, dedi, Böyük Çəkməcədən. Dalınca da, niyə istədiyimlə maraqlandı, dedim, azəri kəllə-paçası bişirəcəm. Yazıq kişinin üzü güldü, qayıtdı ki, mən ondan yeməmişəm, amma babam deyərdi ki, ləzzətlidi... Kişiyə söz verdim ki, tapsam, bir pay da, sənə gətirərəm.
Nə isə, maşına minib, birbaş üz qoydum Böyük Çəkməcəyə. Soraqlaşa-soraqlaşa, qəssabların yerini tapdım. Nəyə gəldiyimi biləndə, təəccübləndilər, amma, kəllənin yerini göstərdilər. Dağ boyda qalaqlamışdılar - kəllə bir yanda, paçalar bir yanda. Heyvanlar itquyruq idi, amma nə çarə - iki dənə yağlı qoyun başı, dord cüt də, iri paça seçdim. Hesabını verib, qayıtdım evə. Dostum mala baxan kimi, gözləri işıldadı.
Axşam düşürdü artıq, səhərə hazırlamalıydım.
Təsəvvür edin ki, Orta Köydə, milyonçular məhəlləsində, manqalı həyətin ortasına çəkib, düz villaların arasında kəllə ütməyə başladım, tüstu-duman aləmi basdı. Qonşularımız bəlkə də elə bildi ki, İran, ya da, rus qaz bombası atıb İstanbula. Yazıqlar nə bilsinlər kəllə ütəndə, nə mərəkə olur...
Bir sözlə, onlar duyuq düsənə kimi işimi bitirdim, qaqauz qulluqçudan bağçadakı suyun yerini soruşdüm, o da göstərdi...
Bir saata gül kimi elədim. Qazan istədim, ən iri qazanları iki litrlik çıxdı, kəllə cəhənnəm, heç paça yerləşməzdi içinə. Dedim ki, bilmirəm, azı iyirmi litrlik qazan gətirin mənə!
Yazıq dostum da, maşına minib, düzəldi yola, qayıdanda, maşının baqaj yerindən iri qazan düşürdü - köhnə qazan idi, hansı restorandan gətirdiyini bilmədim, amma əsl məndeyəndən idi...
Evə iy dolmasın deyə, həyətin bir küncündə manqala qoyub, qaqauza tapşırdım, yazıq səhərə kimi, oyaq qaldı...
Səhər saat səkkizdə dostumun qapısını təpiyimlə döydüm, yerindən dik atıldı. Sən demə, kəllə-paçanın tək dadını yox, tezdən yeyildiyini də unutmuşdu yazıq...
Özüm elə ürəklə yemədim, amma dostum əsl Ağdam başəlayağının dadını birdəfəlik unutmuşdu deyə, beş barmağının beşini də yaladı...
R.S. Günorta bir xırda qazan da, Beşikdaşdakı qoca qəssaba apardım. Kişi gələcəyimi gözləmirdi...
İlqar Əlfioğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.