Həsənov, məni eşidirsinizmi?!

19-01-2021, 18:45           
Həsənov, məni eşidirsinizmi?!
...Mən sizin milli media "genosidinizin" ən faciəli qurbanlarındanam.
Əli Həsənov, Əli müəllim, öncəliklə, sizə adınızı müxtəlif cür yazıb, ələ salanlardan fərqli olaraq, mən ailəmdən aldığım tərbiyədən dolayı müəllim deyə müraciətdə bulunuram. Allah şahiddir sizə nə qədər yazmışam, sizlə nə qədər vicdanla sağollaşmışam. Sizi son dərəcə vicdanlı məmur saymışam və nə qədər yanılmışam, nə qədər. Adıma, haqqıma nə qədər böhtanlar eşitmişəm adamlarınızdan, Allah şahiddir. Bu ölkədə əxlaqı, şərəfi, namusu ilə çalışan az saylılardan olaraq, nə qədər zülümlərdən keçmişəm, bunu bir Allah bilir. Hara getmişəm, hamı deyib Həsənov "dabro" versin sənə. Siz heç övladınızı məktəbə ac yola salmısınızmı? Siz oğlunuzun şalvarından qızınıza məktəb forması tikdirmisinizmi? Bunun üçün balanız utanıb qabağınızda ağlayıbmı Əli müəllim? Mən çalışlb, işləyib faydalı olmaq istəmişəm. Niyə Əli müəllim, niyə bu ölkədə iş tapmamışam? Niyə ömrüm yalvarmaqla, sizdən yol istəməklə keçib? Mənim kimilərin günahı nə olub axı? Neyəmişdim axı? Inanmaq, dövlət, peşə seçmək, əxlaqlı olmaq günahdırmı, Əli müəllim? Günahım əxlaqlı qadın, dövlətçi adam, xalqını, ailəsini sevmək idimi? Günahım odurmu ki, şərəfim var? Yaltaqlıq bacarmamaq idimi günahım? Nə idi də axı, nə idi, günahım? Mən bu ölkədə insan, yazar kimi yaşamaq üçün əzab çəkmişəm və çəkirəm. Siz elələrinə mandat, vəzifə verdirmisiniz ki, canımız hələ bəladdır. Siz Prezident Ilham Əliyevin yanında sözükeçən idiniz. Sizdən rica olunanda üç balam var, mən xərçəng xəstəsiyəm, ilkin mərhələdəyəm, ağır əməliyyat edilmişəm, xaricdə müainəmə dövlətimdən dəstək umuram. Siz mənə nə dediniz? Mən onu yaza bilmirəm. Utanıram. Indi sizdən soruşuram sizdəmi ehtiyacdan dolayı müalicənizi edə bilmirsiniz? Yeriməyinizi tənzimləmək üçün sizdəmi bir saat məşq edirsiniz? Sonra qolunuzdan turub qaldırılar.
Hər səhər yuxudan duranda sizdəmi iki saat ağrıdan mənim kimi əziyyət çəkirsiniz? Məni bu duruma siz və kapitan deyib yemlədikləriniz saldı.
Indi sizi beşmərtəbə söyənlər qalıb o yanda, mənə cavab verməyə üstünlük vermisiniz. Allah yaradıb bu mənzərəni Əli müəllim. Mənim oğlum qızımın köynəyini geyinib dərsə gedib ehtiyacdan. Onu yola salıb ağlamışam, bunu bu ölkədə kim yaratdı, bizi kim möhtac qoydu? Siz, Ramiz müəllim. Əli müəllim, xəstəliyə düşdüm fikirdən, xiffətdən, ehtiyacdan, bir dəfə, bircə dəfə maraqlandınızmı ki, ölkəmin media siması olan beş-on qadından biridir bu qız, gözümün qarşısında böyüyüb mediada. Zəhmətkeşdir, əxlaqlıdır, millətini, dövlətini sevən adamdır, görüm haradadır?! Bəlkə ölüb hardasa?
"Xəzər" TV üçün layihə təqdim elədim diqqətinizə, nooldu? Mən sizə itirdiyim illərə, çəkdiyim əzablara görə heç zaman halallıq verməyəcəyəm Əli müəllim.
Bir də yəqin bilirsiniz, sizin yemlədiyiniz sürü, indi sizi söyə-söyə başqa yerdə yalmanır. Hamısının qarşısında siz yenə də mənə söz dedinizsə, bu da ilahi ədalətdir. Insanlıq umacağınız yer, mənəm, min şükür olsun sizi mənə mənən möhtac buraxana. Mən o Allahın, bu ədalətinə qurban olum. Və o qurbanolduğum şahid ki, mən kimsəyə böhtan atmıram. Hələ də umuram ki, bu ölkənin #Prezidenti məni görəcək nə zamansa. Iş həyatımı sizə və yemlədiklərinizə halal eləmirəm. Çünki mən sizin milli media "genosidinizin " ən faciəli qurbanlarındanam.
Jalə Mütəllimova
19.01.2020.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.