Mən məzun oldum: Həyatla 4 illik haqq-hesab
13-06-2021, 07:51
Anladım ki, orta məktəbi bitirər-bitirməz ali məktəbə qəbul olmaq şərt olmamalıdır
Biz 3-cü kursdan məzun olduq. Onlayn təhsilə qədər hər şey fərqli idi, ondan sonra çox şey dəyişdi. Demirəm pis, yaxud yaxşı oldu. Yəqin ki, hər şey necə olmalı idisə, elə də oldu.
Onlayn sistemə keçdikdən sonra nə dərslərin dadı-duzu qalmışdı, nə də tələbəliyin. Biz 3-cü kursun ikinci semestrində onlayn formata keçəndə elə bilirdik ki, bu, yayın sonuna qədər belə davam edər. Biz də sentyabr ayının 15-i ilk dərs günündən auditoriyada dərslərə davam edərik.
Nə yalan deyim, elə onlayna keçdiyimiz ilk semestrdə bunu bir fərqlilik, auditoriya yorğunluğundan uzaqlaşmaq üçün “göydəndüşmə” şans hesab edirdim. Bəzən səsli-küylü, havasız auditoriyada yorulur, bəzən isə əksinə, çox təmiz havalı, qızğın müzakirələrin getdiyi, xüsusi rəğbət bəslədiyimiz, tələbə dostu adlandırdığımız müəllimlərin dərslərində dincəlirdik. Amma dərsdən sonra işə, təlimlərə getmək çox yormuşdu. Heç birini əldən vermək istəmirdim.
Qrupların birləşdiyi günlərdə hansı gün auditoriyada ab-havanın necə olacağını, dərsi rahat dinləyə bilib-bilməyəcəyimi, seminarlarda bəzən müəllimin əhvalından asılı olaraq qiymətimin neçə olacağını əvvəlcədən müəyyənləşdirmək çox çətin idi. Sanıram, məni ən çox bu qeyri-müəyyənlik yorurdu. Hə, bir də ən çox əzbərçilik.
Hər semestr, ələlxüsus da payız semestrində mütləq ən az bir fənn olurdu ki, əzbərçilik tələb edirdi. Sovet dövründən qalma materiallarla, müəllimin üzündən oxuyaraq və ya illərdir tədris etdiyindən mexaniki əzbərçiliklə oxuduğu mühazirələrin seminar dərsləri az qala cəhənnəmə çevrilirdi. Sağ olsun bəzi müəllimlər, reallığı qəbul edir, nə bizi incidirdi, nə də özünü. Birtəhər vəziyyətdən çıxmağımıza kömək edirdilər. Bəziləri isə öz beyinlərində qaranlıq qalanları, suallarım qarşısında izahı, daha doğrusu, izah edə bilməməsi ilə beynimi zülmətə çevirirdi.
Günlərim beləcə keçərkən bir gün çağırılmamış qonaq – pandemiya məni auditoriyadan, havası üçün darıxdığım universitet dəhlizlərindən, kitabxanalarından ayrı saldı.
Öyrəndiyin hansısa formada həyatda da işinə yaraya bilər, əgər əzbərləməmisənsə
Hesab edirəm ki, təhsil əzbərçilikdən uzaq olmalıdır. Çünki düsturları, cədvəlləri belə, müəyyən məntiqlə kor-koranə əzbərçilikdən uzaq bir formada tələbəyə mənimsədən müəllimlər var. Məhz bu cür müəllimlərin sayəsində elmin, təhsilin yalnız kağız parçası kimi işə qəbuldaca yox, həyati məsələlərə yanaşmada baxışımızı dəyişdiyinə görə, gələcək həyatımızda da işə yarayacağına inandım.
Riyaziyyatda oxuyan dostlarımdan birinə “sənin təhsilin çox sıxıcıdır, bütün günü rəqəmləri oradan-buraya, buradan-oraya daşıyırsan” dediyimdə cavabı belə olmuşdu ki, bu, sadəcə görünən tərəfidir: “Mən hər misal üzərində yeni həll yollarını öyrəndikcə, tapdıqca başa düşürəm ki, həyatda nəyin necə olduğu və olacağı bizim ona yanaşmamızdan, baxışımızdan asılıdır. Rəqəmlərin yer dəyişərək keçdiyi təkcə bu dərsi mənə bəs edir ki, riyaziyyatı sevim. Bundan da əlavə mən rəqəmlərlə danışanda dünyanın bütün problemləri gözümdə kiçilir, fikrim yalnız onlara yönəlir, beynim dincəlmiş olur”.
Qiyabi təhsilə münasibət dəyişməli, imkanlarından faydalanmalıyıq
i, oxumaq, nəyisə mənimsəmək çox da asan iş deyil. Belə olsa idi, yemək yemək, su içmək kimi elm adamı olmaq da adi bir hal olardı. Biz xasiyyətcə fərqli olduğumuz kimi, seçdiyimiz sahələr də fərqli olur. Kimi yaxşı dərzi, kimi yaxşı usta, kimi də yaxşı elm adamıdır. Hər bir sahənin də öz adamı var. Çətin olanı özünü harada görməyindir.
Universitetə qəbul olduqdan sonra başa düşdüm ki, orta məktəbi bitirər-bitirməz ali məktəbə qəbul olmaq şərt olmamalıdır. Bizim bir neçə il müxtəlif sahələrdə təcrübə keçmək, işləmək imkanımız olmalıdır. Hansı sahədə özümüzü daha rahat, oraya aid hiss ediriksə, o sahə üzrə də təhsil almalıyıq. Lakin təəssüf ki, bizim belə bir şansımız yoxdur.
Ölkəmizin reallıqlarına görə elə ən yaxşı üsul hansısa ixtisasa qəbul olmaq, işləmək həvəsimiz varsa, təhsilimizi qiyabi davam etdirməkdir. Daha sonra həmin sahədə özünü yad hiss etsən, 4 il hər gün universitet yollarında qaldığına görə özünə də, həyata da lənət oxumayacaqsan. Bu, təbii ki, çox da yüksək bal yığa bilməyən, öz sahəsini qərarlaşdırmaqda çətinlik çəkən şəxslər üçün keçərlidir. Özünü gələcəkdə konkret olaraq hansısa sahədə görənlər əyani təhsil alaraq 4 ildən maksimum faydalanmalıdırlar.
Valideynlərə məktubum var!
Bu yerdə valideynlərə üzümü tutub, bu fikirləri demədən keçə bilməyəcəm: “Əziz valdieynlər, övladınız universitetə qəbul olsa da-olmasa da, sizin üçün dəyərlidir. Bunu onlara hiss etdirin. Əsla onların qarşısında universitetə qəbul olmaq kimi bir tələb qoymayın. Bilirəm, yaxşı oxuyan tələbə olmasa da, bir gəncin universitet mühiti ilə tanış olmasının özü belə, onun gələcəyinə müsbət toxunuşlar edə bilər və edir də. Amma övladınızdan özünü gələcəkdə necə gördüyü, necə təsəvvür etdiyi barədə soruşun.
Bir dostu kimi onunla qabaq-qarşı əyləşin. Hərənizə bir fincan çay, ya da kofe süzün. Həyatın çətinliklərini, reallıqları onunla müzakirə edin. “Cəngəllik qanunları” ilə idarə olunan dünyamızda onu “universitetə qəbul ol, hər şey yaxşı olacaq” fikri ilə aldatmayın. Ayaqda qalmalı, güclü olmalı olduğunu söyləyin və bu istiqamətdə sizsiz, köməksiz nə edə biləcəyi, nələr etmək istədiyi ilə bağlı fikirləri ilə maraqlanın. Hətta ən incə detallara qədər soruşun. Məsələn: “5 il sonra özünü harada, necə bir geyimdə, hansı əhval-ruhiyyədə hiss edirsən?”
Siz bizə həyatda yol göstərən, yaxşı olmağımızı istəyən şəxslərsiniz. Amma xahiş edirəm, öz istəklərinizi, ürəyinizdə qalan arzularınızı övladınız üzərindən həyata keçirmək üçün ona nələrisə diqtə etməyin. Onu danışdırın, qoyun danışsın, danışdıqca aydınlansın, öz yolunu özü seçsin. Ali təhsil almaq istəyirsə, istədiyi sahə üzrə oxusun, istəmirsə, sevdiyi, məşğul olmaq istədiyi bir peşə ilə məşğul olsun. Həyat gözümüzü açıb-qapayınca bitirsə, ona istədiyi həyatı yaşamağa, təcrübələr əldə etməyə, bəzən yıxılmağa icazə verin, yıxılanda danlamadan, “mən demişdim” demədən dost əli uzadın.
İstədiyi kimi yaşamaq hər kəsin haqqıdır. Hər bir övlad valideynin əsəridir. Çəkdiyiniz əsərə verdiyiniz əməkdən əminsinizsə, seyr etməkdən qorxmayın!
4 il haqq-hesabı həyatın özü ilə həll etdim
Mən ixtisas seçimimi özüm etmişdim. Buna görə yorulanda da, bezəndə də kimisə günahlandırmırdım. Bəli, çox yorulurdum, bəzən yanlış qərar verdiyimi düşündüyüm də olub, amma suallar, şübhələr də öyrədib, həyat öz dərsini keçib. Mübahisəmi həyatla etmişəm, haqq-hesabı onunla çəkmişəm, cavabımı ondan almışam.
Burada tənbəlliyə, utancaqlığa yer yoxdur
Burada uzun-uzadı universitet illərini necə faydalı keçirmək haqqında yazmaq niyyətim yoxdur. Amma qısaca deyim ki, tələbə aktiv və tələb edən olmalıdır. Əks halda 4 il çox tez keçib gedir. Geri baxdığında universitetə qəbul olduğun gün dünən kimi görünür. Yerdə qalan isə oxuduğun kitablar, öyrəndiyin elm, keçdiyin təcrübələr, qazandığın müəllimlər, bir də yaxşı tələbə yoldaşları olur.
O günü qeyd etmək bizə qismət olmadı
Məzun gününü qeyd etməyə qaldıqda isə, düzdür, pandemiya şəraiti imkan vermədi, amma buna görə üzgün deyiləm. Sevincimizi təntənəli qeyd etmədən də yaşaya bilirik. Əsas odur əliboş deyilik...
Müəllif: Aləmdə Nəsib