Bu gün həftənin cüməaxşamı...

2-12-2021, 08:26           
Bu gün həftənin cüməaxşamı...
19 ildir hər cüməaxşamı getdiyim bu yol - Yasamal Məzarlığı yenə tünlükdü... 14 şəhidi dəfn edirlər... 14 günahsız qurbanı... 14 ocağın 14 Şah Əsərini...
Yolun təpə yerindən şəhidlik görünürdü. Sıx-sıx sıralanmış Üçrəngli Bayrağımız sərt rüzgara qarşı qəzəblə çırpınmaqda idi... içərdə hərbi törən vardı... xalq dışarda qalmışdı... insanlar qapı ağzında, hasar və yolboyu komalanıb durmuşdular...
Məzarlıq yolunda hər rütbədən olan hərbçilər yürüməkdə idilər... kimi törənə tələsir, kimi geri dönürdü...
Bir də hər addımbaşı matı-qutu qurumuş, baxışları şaşırıb alacalanmış qadınlar durmuşdu yol üstündə... rəngi boğulmuş, pəjmürdə cavanlar şəhidliyin divarlarına sarılmış, qiymətli soydaşlarını baxışları ilə torpağa tapşırırdılar...
Saat 3 idi... gün günortadı... göyüzündə - məzarlığın səmasında qara quşlar şiddətlə qıyya çəkir, dövrə vururdular... elə şiddətlə ki... sankı qıyyalarını insanların başlarına daş kimi yağdırırdılar... axı quşluq saatı deyil, quşların belə paradları bir sabah, bir axşam toranında olar... əcəba, bunlara nə olmuş...
Xatırladım... belə bir tükürpədici mənzərəni eyni saatda 2003-ün payızında Qələbə Meydanında görmüşdüm... o gördüyüm an bu günə kimi yaddaşımda nədən ilişib qalmış... anlamıram... o gün göy üzü qıpqırmıza idi... o da yadımdadı...
Tünlüyün içi ilə gedirdim və niyəsə ürəyimdən kiməsə başsağlığı vermək keçir. Kimə? Bu zabitəmi? Bəlkə o birinə? Biri rütbədə, biri yaşda böyük görünür... əcəba hansı haqq edir mənim başsağlığıma, taziyələrimə... ürəyimin yanğısını bilməyə, kovid maskasının altından süzülən gözyaşlarımı görməyə... HANSI?
Zabitlər dəfnə tələsir... kənarımdan su kimi axıb gedirdilər... bir anda bu istəyim axar suyu durdurub söz demək qədər mənasız görünür mənə...
Bir də axı bu məzarlıq yolunda kim kim idi... KİM KİMDİR!!!
Hərbiçilər... bu vətənin ən şərəfli, ən qüdrətli oğullları... Qarabağ Qəhrəmanları!!! Şuşa Fədailəri!!! Gözbəbyimiz!!!
Və... sıraları satqınlarla, xainlərlə, ajanlarla, kölələrlə dolu zümrə... qardaşına, yoldaşına, əskərinə güllə atan manqurtlar...
Bəlkə bu qarapaltarlı qadına başsağlığı verim... onunla əhval bölüşüm... amma... yaxınlaşmağa belə tabım olmadı... "dindirmə... qan ağlaram..." çağında idi...
"Başın sağ olsun, Vətən" də deyə bilmərəm... buna haqqım çatmır. Vətənin başı zabitini - qiymətlisini qoruyanda sağ olar...
Mehriban Vəzir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.