Beriyanın baş prokurora qarşı işləməyən planı – Qorşenin ona qarşı niyə çıxıb?

21-02-2022, 11:39           
Beriyanın baş prokurora qarşı işləməyən planı –
Ən yeni tarix. Maraqlı faktlar.
1946-cı ildə Mərkəzi Komitənin növbəti büro iclasında müzakirəyə çıxarılacaq məsələlərin siyahısı Stalinə təqdim olunanda, o, siyahıya nəzər yetirdikdən sonra katibliyin rəisi Poskrebışevdən soruşub:
Üçüncü məsələ kimin təklifi ilə siyahıya salınıb?
Prokurorluq orqanları ilə bağlı müzakirələrin aparılması Georgi Malenkovun və Lavrenti Beriyanın təklifləridir.
Əslində, bu məsələ adları çəkilənlərlə birgə bir neçə gün əvvəl Stalinin kabinetində müzakirə olunub və “SSRİ prokuroru” vəzifəsinin “SSRİ-nin baş prokuroru” ilə əvəzlənməsi qərara alınıb. Bu məsələdə əsas təşəbbüskar Beriya olub. Sözsüz ki, Stalin Beriyanın bu ad dəyişmə məsələsində hansısa bir “qaranlıq” məqsədi olduğunu da anlayıb. Beriya prokurorluqda yeni strukturun yaradılması ilə baş prokuror vəzifəsinə yeni bir şəxsin təyin olunacağını ehtimal edib. Amma onun bu planı işləməyib...
Büro iclasında “baş prokuror” vəzifəsinin təsis edilməsi ilə bağlı müzakirələr aparılıb. Stalin böyük təmkinlə çıxış edənlərin hamısını dinləyib və sonda fikrini belə bildirib:
“Mən hamının fikirlərini diqqətlə dinlədim. Bu vəzifənin adının “prokuror” yaxud da “baş prokuror” olması mahiyyətcə heç nəyi dəyişmir. Yəni əvvəlki “prokuror” yeni təsis edəcəyimiz “baş prokuror”un vəzifələrini icra edəcək. Diqqətinizə onu da çatdırım ki, vəzifənin adı dəyişsə də, bu vəzifəni daşıyan Konstantin Qorşenin dəyişməyəcək...”
Beləliklə, SSRİ prokuroru Konstantin Qorşenin SSRİ-nin ilk baş prokuroru olub. Beriyanın kadr islahatı altında Qorşenini sıradan çıxarmaq niyyəti baş tutmayıb.
Üzdə münasibətləri normal görünsə də, Beriya ilə Qorşeninin arasında xidməti gərginlik yaşanıb. Hələ 1943-cü ildə Qorşenin SSRİ prokuroru vəzifəsinə yeni təyin ediləndə, Beriya onu öz “kurasiyası” altına salmaq istəyib, prokurorluğun keçirəcəyi tədbirlərin əvvəlcədən onunla razılaşdırılmasını tələb edib. Qorşenin bir neçə ay Beriyanın bu “hegemonluğuna” dözsə də, nəhayət Georgi Malenkovun keçirdiyi iclasda onun cavabını verib:
“Lavrenti Pavloviç, siz “NKVD”-nin səlahiyyətlərini prokurorluğun hesabına artırmaq istəyirsinizsə, böyük səhvə yol verirsiniz. Xahiş edirəm vəzifə səlahiyyətlərinizi aşmayasınız...”
Beriya kimi amansız bir şəxsə bu cür cavab verməyin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Beriya məqam gözləyib, öz tərəfdarlarını, o cümlədən Malenkovu da Qorşeninə qarşı kökləyib...
Qeyd edək ki, 1907-ci ildə Çuvaşiyanın Alatır şəhərində anadan olan Konstantin Qorşenin Kazan Universitetində və Moskva Sovet Hüququ İnstitutunda təhsil alıb. Bir müddət pedaqoji fəaliyyət və elmi yaradıcılıqla məşğul olub, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Hüquq sahəsindəki biliklərinə görə ona 1937-ci ildə Rusiyanın Ədliyyə Komissarlığından (nazirliyindən) iş təklifi gəlib. Qorşenin bu vəzifə təyinatı ilə bağlı Mərkəzi Komitədə söhbətə çağırılanda təyinat dəyişib. Belə ki, Kremlin müvafiq şöbələrində Qorşeninin daha yüksək vəzifəyə təyinatı məqsədə uyğun sayılıb və o, SSRİ Ədliyyə Komissarlığının təhsil müəssisələri idarəsinə rəis təyin edilib.
Ən mötəbər tədbirlərdə, o cümlədən ölkə rəhbərliyinin iştirakı ilə keçirilən iclas və müşavirlərdə çıxışları, təklifləri ilə fərqlənən Qorşenin Stalinin də diqqətindən yayınmayıb. 1940-cı ildə Qorşenin Stalinin təşəbbüsü ilə Rusiyanın ədliyyə komissarı vəzifəsinə təyinat alıb.
Müharibə illərində cinayətkarlığa, dövlət əmlakının mənisənilməsinə, döyüşçü ailələrinə haqsızlıq edənlərə qarşı mübarizənin gücləndirilməsi üçün prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli işləməsini zəruri sayan Stalin Qorşenini SSRİ prokuroru təyin edib. O, bu vəzifədə öz fəaliyyəti ilə Stalini tam qane edib. Qarşıya qoyulan vəzifələri yüksək səviyyədə icra edən Qorşenin birbaşa Stalinlə hesablaşıb, özünü onun ətrafında olan yüksək ranqlı dövlət məmurlarının təsir və təzyiqlərindən qorumağı bacarıb. Bəlkə də elə bu səbəbdəndir ki, Qorşenin bir çox dövlət məmurları üçün arzuolunmaz şəxs sayılıb.
1947-ci ildə SSRİ-də ölüm hökmünün ləğv edilməsində Qorşenin böyük təşəbbüskarlıq göstərib. O cümlədən hərbi əsirlərə və onların ailə üzvlərinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasında onun böyük rolu olub.
1948-ci ildə Qorşenin SSRİ-nin ədliyyə naziri təyin edilib. O, bu vəzifədə 1956-cı ilə qədər işləyib. Nikita Xruşovun ölkənin ədliyyə və hüquq orqanları sahəsindəki apardığı islahatları yarıtmaz siyasət adlandıran Qorşenin 1956-cı ildə nazir vəzifəsindən gedib.
Sonrakı illərdə sabiq baş prokuror fəaliyyətini elmi və pedaqoji sahədə davam etdirib, Ümumittifaq Hüquq Elmləri İnstitutuna rəhbərli edib.
Konstantin Qorşenin 1978-ci ildə 70 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.