Edama bir dəqiqə qalmış – dövlət xadimlərinin, marşalların ölüm öncəsi son sözləri.

23-02-2022, 12:04           
Edama bir dəqiqə qalmış –
Ən yeni tarix. Maraqlı faktlar.
1930-cu illərin sonlarında milyonlarla insanın həyatına son qoyan repressiya dövründə İosif Stalinin xarakterinin ən amansız cizgiləri özünü daha qabarıq büruzə verib.
O, nə keçmiş silahdaşlarına, nə də sıravi vətəndaşlara güzəştə getməyib. “NKVD” vasitəsi ilə gecə-gündüz işləyən repressiya maşınından heç kim geri dönə bilməyib. Çoxları, xüsusilə də tanınmış dövlət xadimləri, marşallar, generallar son ana qədər xilas olacaqlarına inanıblar, ümidlərini üzməyiblər. Amma heç kim əfv olunmayıb.
Maraqlıdır, edama gedən məşhurlar son məqamda özlərini necə aparıblar, son sözləri nə olub?
Leninin yaxın silahdaşlarından biri olan Qriqori Zinovyev 16 dekabr 1934-cü ildə antisovet fəaliyyətə görə həbs edilib. O, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, 24 avqust 1936-cı ildə hökm dəyişərək güllələnmə ilə əvəz olunub.
26 avqustda Zinovyevi güllələnmə kamerasına aparanda o, edamı icra edənlərin ayaqlarına yıxılaraq çəkmələrindən öpüb, ağlayaraq yalvarmağa başlayıb:
“Sizdən xahiş edirəm, Allah xətrinə, İosif Vissarionoviçə zəng vurun. O, bizim həyatımızı saxlayacağına söz verib, yalvarıram sizə, zəng vurun, mənim sözlərimi ona çatdırın”.
Zinovyevlə birlikdə edama aparılan Lev Kamenev isə özünü təmkinli aparıb, onu sakitləşdirməyə çalışıb: “Qriqori, sakit olun, şərəflə ölmək lazımdır”.
Zinovyevin edamında “NKVD”-nin rəhbəri Henrix Yaqoda, onun müavini Nikolay Yejov və Stalinin mühafizə rəisi Karl Pauker də iştirak edib. Edamdan sonra Yejov Zinovyevə vurulan güllələrin gilizini özü ilə götürüb.
SSRİ-nin ilk beş marşalından biri olan Mixail Tuxaçevski vətənə xəyanətdə, antisovet fəaliyyətdə və terror aktlarının hazırlanmasında ittiham olunaraq hərbi kollegiya tərəfindən güllələnmə hökmünə məhkum olunub. 11 iyun 1937-ci ildə saat 23:35-də hökm hərbi kollegiyanın zirzəmisində icra olunub. Edamdan əvvəl Mixail Tuxaçevski çox qürurlu görünüb və son söz olaraq “Qırmızı orduya eşq olsun!” şüarını səsləndirib.
1936-1938-ci illərdə “NKVD”-nin komissarı (naziri) olan Nikolay Yejov 10 aprel 1939-cu ildə Lavrenti Beriyanın iştirakı ilə həbs edilib. Onu iki il rəhbərlik etdiyi “NKVD”-nin Suxanovka türməsində saxlayıblar. Yejov türmədə saxlanılarkən güllələnəcəyinə inanmayıb və həmin müddətdə çox inamlı görünüb. 3 fevral 1940-cı ildə Hərbi Kollegiyada Yejovun işinə baxılıb. Bir neçə maddə ilə- antisovet fəaliyyət, vəzifədən sui-istifadə, homoseksuallıqda ittiham olunan Nikolay Yejov güllələnmə hökmünə məhkum edilib.
O, həyatının son dəqiqəsində Stalinin şərəfinə şüar səsləndirib: “Yaşasın Stalin!”

Sovet-fin müharibəsindəki xidmətlərinə görə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunan, 1940-cı ildə marşal rütbəsi alan Qriqori Kulik 11 yanvar 1947-ci ildə həbs edilib. O, sovet hakimiyyətini ələ keçirmək istəyən qrupdakı fəaliyyətinə görə ittiham olunub. 24 avqust 1950-ci ildə Hərbi Kollegiyanın qərarı ilə Qriqori Kulik güllələnməyə məhkum edilib. Qərarın icrası elə həmin gün həyata keçirilib. Psixoloji durumunda problemlər yaranan marşal son günlərində yalnız bir ifadə işlədib: “Yoldaş Stalinə çatdırın ki, bizi burada incidirlər...”
Hər şeyə qadir olan “dəmir narkom” Lavrenti Beriya isə ömrünün son anlarında özünü çox aciz bir durumda göstərib.
Marşal Georgi Jukov Beriyanın edam gününü belə xatırlayıb:
“Beriya güllələnən zaman özünü ən sonuncu qorxaqlar kimi aparırdı. Çox aciz bir vəziyyətdə görünürdü. O, həmin anlarda ağlayırdı, diz çökmüşdü, özünü batırmışdı...”

Bəlkə də Jukov bu ifadələri ictimaiyyətin fikrini yayındırmaq üçün söyləyib. Çünki Beriyanın güllələnməsi ilə bağlı belə bir versiya da var ki, o elə həbs olunan gün heç bir məhkəmə olmadan güllənib.
Göründüyü kimi Stalin rejimində yetişən “qəhrəmanların” çoxu sonradan vətən xaini çıxıblar. Onlar həmin şəxslər olublar ki, bir vaxtlar Stalinin əlindən ən böyük rütbələri, dövlət mükafatlarını alıblar. Sonralar isə adları repressiya siyahılarının ilk sıralarına yazılıb. “Hər şeyi kadrlar həll edir” söyləyən Stalinin kadr siyasəti həqiqətən də çox mürəkkəb olub. Bu kadr münasibətlərində ortaya çoxsaylı suallar çıxır. Bəzi məqamlarda haqlı ilə haqsızı seçmək çətinlik yaradır. Amma bir məsələdə Stalinə haqq qazandırmaq olar. Vətənə xəyanət edənlər mütləq cəzalandırılmalıdır, kimliyindən, vəzifəsindən, rütbəsindən, təltiflərindən asılı olmayaraq.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.