SOYUQ SAVAŞDAN QANLI MÜHARİBƏYƏ! Keçmişə səyahət...
3-03-2022, 08:06
I Yazı
Amerikanın aparıcı beyin mərkəzlərindən biri sayılan "Strafor qlobal təhlil və məlumat mərkəzi"nin icraçı direktoru, "Növbəti 100 il", "Amerikanın gizli müharibəsi", "Gələcək müharibələr" kimi məşhur kitabların müəllifi, nufuzlu analitik və təhlilçi Corc Fridman 28 dekabr 2018-ci ildə Polşada nəşr olunan "Do Rzeczy" qəzetinin müxbiri Pyotr Vloçikə müsahibə vermişdi.
Fridmanın zərərli düşüncələri: o, Polşanı qızışdırır!
O, müsahibədə "Növbəti 100 il" kitabında yazdıqlarına istinadən bir daha təkrar edirdi ki, müasir şəraitdə Polşanın geosiyasi əhəmiyyəti xeyli yüksəlib və artan xətt üzrə yüksəlməkdə davam edir. Fridman SSRİ dönəminə qayıdır və onun əsas çökmə səbəblərindən biri olaraq göstərir ki, 1980-ci illərdə xammalın qiymətinin düşməsinə baxmayaraq, Sovet müdafiə büdcəsi xeyli artmışdı. O, Qorbaçovun özünün etirafını xatırladaraq deyir ki, dünyanın 2-ci nəhəng gücünü məhz bu iqtisadi səbəb məhv edib. Fridman eyni vəziyyətin təkrarlandığını göstərir və deyir ki, hal-hazırda Moskva eyni aqibəti yaşayır və ona başqa sektorlarda lazım olan pulu sulahlanmaya xərcləyir ki, bu cür siyasət də neftin indiki aşağı qiymətlərində Rusiyanı zəiflədir, lakin bu ölkənin açıq zəifliklərinə baxmayaraq, polyaklar onu indiyədək nəhəng sayırlar, bu da çox yanlışdır.
Fridman daha sonra fikrini belə davam etdirir: "Məsələ "Rusiya" sözünün altında nəyi anlamağımızdadır. O, tamamilə yox olmayacaq, şərqdə hökmən nəsə qalacaq. Bu günki Rusiya dövlətinin 1960-1970-ci illərin həqiqətən güclü bir dövləti olan Sovet İttifaqıyla ümumi heç nəyi yoxdur. Onun çağdaş təcəssümü öncəkindən xeyli zəifdir, sıradakı indikindən daha zəif olacaq. Rusiya enən əyri xətt üzrə hərəkət edir. Ukrayna və Belarusda durum getdikcə daha az sabit olacaq. Polyakların seçimi qalmayacaq: ya bu sabitsizlik və qaçqınlarla yaşamalı olacaq, ya da... Polşa vaxt itirmədən hərəkətə keçməlidi". Jurnalistin "Hansı anlamda? Siz ki sərhədlərin yer dəyişməsini nəzərdə tutmursunuz" sualına analitik soyuqqanlı şəkildə belə cavab verir: "Şərqdə hərc-mərclik hökm sürürsə, niyə də yox?! Niyə belə hərc-mərcliyin qarşısını almaq üçün sərhədlər dəyişdirilməsin?!"
Fridmanın Ukrayna məsələsinə münasibəti də diqqət çəkicidi: "Ukrayna böyük problemdir! Lakin amerikalılar və rusiyalılar onun hesabına qarşılıqlı anlaşma əldə ediblər: birincilər Rumıniya və Karpatda, ikincilər isə Ukraynanın şərqi və Krımda qalırlar. Belə bir bufer zonası alınır: bilirik ki, nə onlar bizə hücum edər, nə də biz onlara. Ancaq belə bir təhlükə istisna deyil ki, Ukrayna dövləti, sadəcə, dağıla bilər. Hamımız bilirik ki, Ukraynanın Moskva üçün açar önəmi var..." (bu "açar" məsələsinə daha sonra qayıdacağıq - E.İ.)
Müzakirəmizi elə buradaca dayandırıb, "Ukrayna problemi"nin əsil səbəbinin nə olduğu qənaətini hasil edə bilərdik. Bircə onu əlavə edərdik ki, Fridmanın bəhs etdiyi "bütün iqtisadiyyatı xammal ixracatı üzərində qurulan" ölkələri, hələ bu ölkə Rusiyadırsa, necə sıradan çıxarmaq ABŞ-ın patronajlığı altında olan Qərb dünyası üçün prioritet məsələdi. Nə qədər strateji məhsul olsa da, xammalının qiymətinə nəzarət edə bilməyən ölkələri Qərb bir andaca iflas etdirib, özündən asılı vəziyyətə sala bilir. Ancaq tərəf-müqabil ABŞ kimi uzun müddət imperialist ruhda köklənən Rusiyadırsa, vəziyyət dəyişir. O zaman rəqibin ətrafındakı ölkələr hərbi cəhətdən gücləndirilir, onun zəif damarına basılaraq təxribata çəkilir və birbaşa münaqişənin ortasına sürüklənir. Bu, ABŞ-ı o qədər də maraqlandırmır ki, belə siyasət zərərlidir, bütün dünya üçün ciddi problemlər yarada bilər. Məqsəd rəqibi çökdürməkdir, o zaman fərq etməz, 40 milyonluq Ukraynanı da qurban vermək olar. Nə fərqi var, o torpaqlar Ukrayna adlandırıldı, ya Reç Pospolitiyanın varisi olan yenilənmiş Polşa? Əsas odur ki, Rusiya çökdürülsün, qınına çəkilməyə məcbur edilsin və bitib-tükənməyən sərvəti Qərbə daşınsın.
Ukrayna məsələsinə 3 müxtəlif baxış
Yuxarıda da qeyd etdiyim kimi, Fridmanın bu fikirlərilə kifayətlənib, özümə qətiyyən əziyyət verməz, geniş təhlilə ehtiyac duymazdım. Çünki azacıq təhlil və analiz qabiliyyəti olan hər kəs onsuz da məsələnin mahiyyətini, pərdə arxasında oynanılan oyunları, yəni aysberqin görünməyən tərəfini anlayır və bilirlər ki, əslində, "Ukrayna problemi"nin arxasında nələr yatır, bu problemi hansı güclər yaradıb, nəticə nəyə hesablanıb. Məsələnin əsil mahiyyətini, dərinliyini anlayanlar da 3 qrupa ayrılır:
- birbaşa Rusiyanın mövqeyini müdafiə edənlər, onu hər məsələdə haqlı sayanlar;
- Qərbin maddi və digər imtiyazlar verərək ələ aldığı liberallar qrupu. Bu qrupda olanların əsas işi Qərbin hər addımını "xilaskarlıq" və "ədalətin bərbası" kimi qələmə vermək, bütün çirkinliklərini isə, necə deyərlər, "malalamaq"dan ibarətdir;
- məsələyə daha ədalətli yanaşan və hər şeydən əvvəl bu çirkin geopolitik oyunda Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutanlar.
Maraqlı bir məqam da odur ki, liberallar qrupu 3-cü qrupu, bundan sonra şərti olaraq "Azərbaycançılar qrupu" adlandıracağımız qrupu 1-ci qrupla, yəni Rusiyaya meylli olan qrupla eyniləşdirirlər. Əslində isə belə deyil, bu qrupda kifayət qədər milliyətçi düşüncə sahibi, hər zaman anti-Rusiya mövqeyi ilə tanınan xeyli sayda fikir sahibi insanlar var.
Mən bu yazı dizimi yuxarıda adlarını çəkdiyim qruplara daxil olan analitik və təhlilçilər üçün nəzərdə tutmamışam. Onsuz da onlar mənim yazacaqlarımı bilirlər, hətta bir çoxları məndən də yaxşı bilirlər, daha çox məlumat sahibidirlər. Mən bu yazı dizimi hadisələr başlayan gündən mövzuyla bağlı sual verən, əsil həqiqətləri öyrənmək istəyən dostlarım və geniş ictimaiyyət üçün nəzərdə tutmuşam. Çünki mən belə hesab edirəm ki, bir çox vətəndaşlarımız, sadəcə, Rusiyaya olan haqlı nifrətləri üzündən liberallar qrupunun təsirinə düşərək, Qərbi az qala, mələk obrazında görürlər. Halbuki heç də belə deyil. Düzdü, ABŞ-ın patronajlığı altında hadisələrin episentrində olan Qərb Dünyası müəyyən mənada mələkdi, ancaq unutmayaq ki, Şeytan da bir mələkdi!
Bu səbəbdən də mən hadisələrə aydınlıq gətirmək üçün 75-80 il geriyə (daha çox geriyə getmək mümkündü, ancaq hesab edirəm ki, bu qədər müddət də həqiqəti anlamaq üçün yetər), II Dünya Savaşından həmən sonraya - Soyuq Savaş kimi tanınan dönəmin başlanğıcına səyahət etməyi təklif edirəm.
SSRİ almanlara qarşı savaşı təkbaşına qazana bilərdimi?
Məncə, ilk cavalandırmalı olduğumuz sual budur. Çünki qərbçi mövqedən çıxış edənlər iddia edirlər ki, ABŞ-ın Lend-liz proqramı olmasaydı və müharibədə 2-ci cəbhə açılmasaydı SSRİ Almaniya üzərində qətiyyən qalib gələ bilməzdi. Gəlin baxaq görək, doğrudanmı həqiqət bu cürdür?
Əvvəlcə Lend-liz proqramının mahiyyəti haqqında qısa məlumat verim: bu, İkinci Dünya Müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdı. Lend-liz haqqında qanun (Lend Lease Act) - bu qanunun tam adı "Amerika Birləşmiş Ştatlarının Müdafiə Aktı" adlanır (An Act to Promote the Defense of the United States) - hələ Almaniya SSRİ-yə hücum etməmişdən öncə 11 mart 1941-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunub. Aktın adından da göründüyü kimi, əsas məqsəd ABŞ-ın öz müdafiəsi ilə bağlıdı. İkincisi, bu yardım proqramı heç də qarşılıqsız verilmirdi. Adından da göründüyü kimi, "lend" borc vermək, "lease" isə kirayə vermək, müvəqqəti icarəyə vermək anlamına gəlir. Proqramın mətnində də açıq şəkildə göstərilir ki, ABŞ-ın müttəfiq dövlətlərə verdiyi borclar, həmçinin salamat qalmış hərbi texnika müharibədən sonra geri qaytarılacaq, çünki onlar qarşılıqsız verilməyib, borc verilib, kirayə verilib. Buradan o məntiq çıxır ki, düşmənlə sən savaşacaqsan, sənin 30-35 milyon insanın həlak olacaq, ancaq mənim sənə düşmənlə savaşmaq üçün verdiyim yardımı düşməni məhv etdikdən sonra geri verəcəksən. Elə bu cür də oldu: ABŞ-ın Qərbi Avropadakı müttəfiqləri bu proqram çərçivəsində aldıqları borcu o ölkələrdə ABŞ bazalarının qurulması və onlardan alınacaq kirayə haqqından imtina etməklə ödədilər. SSRİ isə müharibə zamanı ona dəymiş olan ziyan üçün təzminat olaraq, Almaniyadan almalı olduğu məbləğin 10 dəfələrlə azaldılmasına razı olmaqla bu borcu ödəmiş sayıldı.
Lend-liz proqramı çərçivəsində ABŞ-ın SSRİ-yə etdiyi "yardım" digər ölkələrlə müqayisədə olduqca kiçik bir rəqəmdir: o vaxtın puluyla 10 milyard 982 milyon ABŞ dolları. İngiltərəyə edilən yardım bundan tam 3 dəfə çox olub. Halbuki müharibənin əsas ağırlığı SSRİ-nin üzərinə düşürdü - Almaniya bütün hərbi gücünün 90 faizdən çoxunu Şərq Cəbhəsində cəmləşdirmişdi, Qərbdə demək olar ki, müharibə getmirdi. Digər bir mühüm məqam da ondan ibarətdir ki, müharibə nəticəsində SSRİ-yə dəyən ziyan o dövrün puluyla ən az 250-300 milyard dollar təşkil edirdi. Ancaq Podsdam Konfransında Almaniyadan savaş təzminatı olaraq 20 milyard dollar tələb olundu ki, bunun da ancaq yarısı SSRİ-yə veriləcəkdi. Bu məbləğ ABŞ və İngiltərənin tələbiylə qəbul olundu və bununla razılaşmayan SSRİ-yə yalnız o güzəşt edildi ki, Lend-liz proqramı çərçivəsində ona edilən yardımların qarşılığı alınmayacaq.
Bu məsələdə çox ciddi bir nüans da var. Müharibənin başlanğıcında Almaniyanın total və sürətli hücumu nəticəsində SSRİ bir çox strateji obyektlərindən məhrum oldu. Hava hakimiyyəti demək olar ki, tamamilə Almaniyanın əlinə keçmişdi. Çünki savaşın ilk günlərində faşistlərin əsas hədəfi hərbi aerodromlar oldu və onların əksəriyyəti sıradan çıxarıldı. Yenilərini istehsal etmək isə qısa müddətdə demək olar ki, mümkün görünmürdü. Çıxış yolu Beriyanın sayəsində mümkün oldu. Onun təklifiylə və rəhbərliyi altında hələ işğal olunmamış ərazilərdəki bütün sənaye obyektləri sökülərək Şərqə - Urala və Qazaxıstana daşındı. Bununla birlikdə 10 milyon insan da köçürüldü. Bu müddət ərzində nə ABŞ, nə də Britaniya SSRİ-yə 1 ədəd mərmi belə göndərmədilər.
Artıq 1941-ci il dekabrın sonları, növbəti, 1942-ci ilin yanvar ayının əvvəllərində Çelyabinsk, Sverdlovsk, Nijniy-Tagil, Omsk, Tomsk, Novosibirsk şəhərlərində və Qazaxıstanda quraşdırılan yeni zavodlarda çox sayda hərbi texnika - tanklar, təyyarələr istehsal olunmağa başlandı. ABŞ-ın Lend-liz proqramı çərçivəsində SSRİ-yə ilk yardımı da məhz bu tarixdən sonra gerçəkləşdirildi. Halbuki iki dövlət arasında 29.09.1941-ci il tarixdə keçirilən Moskva Konfransında bağlanmış sazişdə (01.10.1941-ci ildə imzalanıb) nəzərdə tutulurdu ki, yardımlar ən geci 1 həftə ərzində ünvana çatmalıdı. Lakin verilən sözə əməl olunmadı, yalnız SSRİ özü yeni hərbi texnikalar istehsal etməyə başladıqdan sonra yardımlar edilməyə başlandı. Bir məqamı da nəzər-diqqətlərə çatdırım ki, sazişə görə SSRİ-yə Lend-liz proqramı çərçivəsində edilməli olan yardımın həcmi edilən yardımdan 7-8 dəfə çox nəzərdə tutulmuşdu.
Müharibədə ikinci cəbhənin açılması məsələsinə gəlincə, burada da xeyli qaranlıq məqamlar var. Hələ 1941-ci ildə almanlar Moskvaya yaxınlaşdığında Qərb dünyası hər vəchlə 2-ci cəbhənin açılmasını yubadırdı. Əgər ikinci cəbhə vaxtında açılsa idi, SSRİ bir az nəfəs alar, müdafiə sistemini daha effektli şəkildə qurmaq üçün vaxt qazanardı. Ancaq Qərbin əsas məqsədi rəqib olaraq gördüyü iki nəhəng qüvvənin - faşist Almaniyası ilə Sovet kommunizminin bir-birini gücdən salması və zəiflətməsi idi. Elə bu səbəbdən də Tehran Konfransında Stalinin təkidlərinə baxmayaraq, ABŞ və Qərb dünyası ikinci cəbhəni açmağa tələsmirdi.
İkinci Dünya Müharibəsinin əsas iki dönüş nöqtəsi olan Stalinqrad mühasirəsi və Kursk tank döyüşlərindən sonra ABŞ və Qərb gördülər ki, SSRİ-nin qələbəsi qaçınılmazdı, o, təkbaşına da faşistləri məğlub edə bilər. Yalnız bundan sonra onlar ikinci cəbhəni açmaq fikrinə düşdülər, çünki piroqdan pay almaq niyyətində idilər. Onlar Avropanın bütünlüklə Sovet təsir dairəsinə düşməməsi üçün 06 iyun 1944-cü ildə "Overlord əməliyyatı" ilə ikinci cəbhəni açdılar. Bu tarixdə kommunistlər cəbhənin cənub bölgəsində artıq Rumıniya sərhəddini keçmiş, digər bölgələrdə Macarıstan və Polşa sərhədlərinə dayanmışdı. Yalnız Belorusiya cəbhəsində və Pribaltikada almanlar hələ də Sovet torpaqlarında qalırdılar. Bu da Belorusiya ərazisinin bataqlıq olmasıyla əlaqədar idi.
Ayrıca onu da deyim ki, ikinci cəbhə açılmamışdan 1 il öncə bütövlükdə savaşın taleyini həll edən Stalinqrad və Kursk döyüşlərində almanlar hərbi texnikalarının 50 faizini, canlı qüvvəsinin isə 1/3-ni itirmişdi. ABŞ və Qərb dünyası situasiyanın belə tərsinə dönüşünü gördükdən sonra tez-tələsik Normandiyaya desant çıxararaq ikinci cəbhəni açdılar və paralel olaraq, Almaniyanın Hitler əleyhinə olan siyasi və hərbi dairələri ilə separat danışıqlara başladılar. Bu gizli görüşlərin nəticəsi olaraq, Qərb cəbhəsindəki alman qüvvələri ABŞ-ın "Avropanı kommunist təhlükəsindən qurtarmaq" səfsətəsinin təsiri altına düşüb, müqavimət göstərmir və ikinci cəbhəni açanların sürətlə irəliləməsinə şərait yaradırdılar.
Beləliklə, müttəfiq qüvvələr Almaniyanı təslim olmağa, tam kapitulyasiyaya imza atmağa məcbur etdilər. Almaniya 02 may 1945-ci ildə təslimiyyət aktına imza atdı. İki ay yarım sonra, 17 iyul 1945-ci il tarixdə anti-Hitler koalisiyasının 3 nəhəng derjavası - SSRİ, ABŞ və Böyük Britaniya rəhbərliyi Berlin yaxınlığında, Podstam şəhərində görüşdülər.
Konfransdan xeyli əvvəl 11 may 1945-ci il tarixdə İngiltərənin Baş naziri Uinston Çörçil ABŞ prezidenti Harri Trumenə məktub yazır. Məktubda belə bir maraqlı cümlə var: "Предлагаю провести встречу "большой тройки" в каком-нибудь неразрушенном городе Германии, но за пределами русской военной зоны, чтобы обеспечить себе психологическое преимущество..."
Bəzi mütəxəssislər Soyuq Savaşın başlanğıc nöqtəsi olaraq Yalta Konfransını, bəziləri də Uinston Çörçilin Fulton nitqini göstərirlər. Yalta Konfransında qarşılıqlı narazılıqlar olsa da, bu, siyasi münaqişə həddinə çatmamışdı, ən azından Ruzvelt buna imkan vermirdi. O, müharibənin əsas ağırlığını daşıyan SSRİ-nin maraqlarını heçə saymağı düzgün hesab etmirdi. Çörçilin məlum nitqi zamanı isə Soyuq Savaş artıq başlamışdı. Məncə, Soyuq Savaşın başlanğıc tarixi kimi yuxarıda bəhs olunan məktubun yazılma tarixini göstərə bilərik. Dünənki müttəfiqlər indi qarşı duran tərəf kimi görünürdülər. Digər tərəfdən, Trumen də bir Ruzvelt deyildi, qatı anti-SSRİ əhval-ruhiyyəli bir prezident idi. Podsdam Konfransı narazılıqları açıq şəkildə ortaya çıxardı...
Ardı var
Fərəməz Allahverdiyev