Tüpürülən dəyərlər: Gizli və açıq fahişəliyin müharibə örnəyi - Səxavət Məmməd yazır

3-03-2022, 08:15           
Tüpürülən dəyərlər: Gizli və açıq fahişəliyin müharibə örnəyi -
Rusiya-Ukrayna müharibəsi, əslində, bu günə qədər yazılmış, müdafiə edilmiş, bizə aşılanmış bütün dəyərlərin sadəcə maraqların toqquşmasına qədər keçərli olduğunu göstərir.


Bəli, Rusiya işğalçıdır, qınamaq lazımdır. Bunu etməyin yolu qarşısında durmaqdan keçir. Rusiyanın işğalçı, imperialist olduğunu mütləq Ukraynanı işğal etməyə başlayanda görmək lazım idi?

Qərb mediası gəlib istənilən bir Azərbaycan vətəndaşına sual versə, 20 Yanvar faciəsindən, Xocalıdan, Qarabağın işğalından bol-bol danışacaq. Ukraynada yaşananlar yeni bir şeydir? Yox! Axşam Türkiyə kanallarında ukraynalıların qaçmasını göstəriblər. Anam zəng elədi ki, onlara baxanda o günlərə qayıtdım, balaca bacın qucağımda, sən də yanımızda – topun, raketin altında qaçırdıq, axşam onları görəndə eyni hala düşdüm.

Azərbaycanlı qaçqın olanda, Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğala məruz qalanda hansı ölkənin media qurumları belə canfəşanlıq edib? Demirəm, etməsin. Ancaq bunu edərkən özünün yazdığı jurnalistika dəyərlərini tapdalayanda insanın gözündə hər şey sıfırlanır.

Qarabağ müharibəsi zamanı və müharibədən əvvəl Qərbdən qrant layihələr alan təşkilatlar Azərbaycan media nümayəndlərinin beyninə onu yeritməyə çalışırdılar ki, jurnalist tərəfsiz olmalıdır. Hətta dəfələrlə sosial şəbəkədə jurnalistlər arasında mübahisələr də olub. Ermənistana “düşmən” deyə xitab edilməli olduğunu illərlə Azərbaycan jurnalistlərinə aşılayıblar. Bunu etməyənləri bu dəyərlərə önəm verənlər, içi mən qarışıq, qınamışıq. Ancaq indi məlum olur ki, əslində, belə bir dəyər sadəcə elə bizim kimi ölkələrin jurnalistləri üçün keçərli imiş.

Bu hadisələr hazırda gözümüzün qarşısında baş verir. Sabah o dəyərləri azərbaycanlı jurnalistə necə aşılayacaqlar? Necə deyəcəklər, tərəfsiz olun?

Adı dünya ilə bir olan BBC şərhçisi deyir:

“Mən hər gün mavi gözlü avropalıların və sarışın uşaqların Putinin raketləri ilə öldürüldüyünü görürəm. Bunlar Yaxın Şərq bölgələrindən qaçmağa çalışan qaçqınlar deyil. Bu insanlar Şimali Afrikadakı ərazilərdən də uzaqlaşmağa çalışmırlar”.

Təkcə bu cümlələrdə irqçilik, ayrı-seçkilik, milliyətçilik, “bizdən olmayanın canı cəhənnmə” tipli nə desəniz, var.

ABŞ-nin NBC kanalının müxbiri isə bu ifadələri işlədir:

“Bunlar Suriyadan olan qaçqınlar deyil. Bunlar qonşu Ukraynadan olan qaçqınlardır. Bunlar xristian və ağdərililərdir”.

Burada nəinki irqçilik, milliyətçilik, hətta din ayrımı da var.

Müharibədən sonra konkret Avropa ölkəsinin çox ciddi nəşrlərindən biri məndən müsahibə istəmişdi. Suallardan əvvəl yazmışdılar ki, cavablarda irqçilik, millətçilik, qarşı tərəfə nifrət hissi aşılamayan prinsiplərə əməl edin. Həmin Qərb mediasının mənə qoyduğu şərtə tüpürdüyünü görəndə beynimdə hər şey sıfırlandı.

Azərbaycanda artıq elə bir vəziyyət yaranıb ki, Ukrayna-Rusiya müharibəsi haqqında real şeyləri yazmaq istəyənlər qınağa tuş gəlməmək üçün əsl diplomat olublar. Kim Rusiyanın tərəfinə bir cümlə yazır, dərhal “rus agenti”, “rusun iti” adlandırılır. Beləcə, fındıq boyda beyinləri ilə rus agentləri aşkarlayırlar. Əslində, Qərbin mövqeyi ilə eyni düşüncəyə sahib olanlar və Qərbin direktivlərini canfəşanlıqla yayanlar da özlərini ifşa etmiş olmur?

Bu aralar belə fikirlə çox rastlaşıram, yazırlar, deyirlər: Ukraynanın tərəfini tutmaq vicdan, şərəf məsələsidir. Bu insanlar deyir ki, siz düşünməyin, biz sizin yerinizə düşünəcəyik və bizim dediyimiz müzakirəyə açıq deyil, müzakirəyə açanlar da rus casusu olurmuş. Bu insanlar həm də özlərini demokrat adlandırırlar. Arqument gətirmək isə qadağandır. Bir anlıq düşünək, Rusiya Meksikada hərbi baza qurmaq istəyir və anlaşırlar. ABŞ-nin mövqeyi nə olar? Meksikaya gül atar? Hə, mən də elə düşünmüşdüm.

Çox ciddi müharibə gedir. Ancaq deyirlər ki, Ukrayna tərəfinin uğurlarından yazmaq, danışmaq lazımdır. Bir qrup kütlə də hər yazılana inanır. Şəxsi mövqeyim Rusiyanın işğalçı siyasətini pisləməkdən ibarətdir. Əslində, mənim üçün bütün işğalçılar fahişədir. Sadəcə olaraq Qərb işğalçılığını demokartiya, insan haqqları kimi bəzək verərək həyata keçirir və işğal etdiyi heç bir yerə də bunun aparıldığını görən olmayıb. Rusiya isə bəzək-düzəksiz, kobud desək, hozu kimi işğalçılıq edir. Daha geniş baxanda mahiyyət dəyişir? Yox! Biri bəzəkli, digəri isə bəzəksiz fahişədir!

Ukrayna-Rusiya müharibəsindən çıxaracağımız daha bir dərs: Heç kimə, heç bir gücə güvənmək olmaz. Dünyada sadəcə maraqlar və ən əsası, alver var. Güclü dövlətə gedən yol isə güclü vətəndaşdan, güclü cəmiyyətdən keçir.

Səxavət Məmməd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.