107 yaşında vəzifəyə qoyulan “sovetin “ensiklopediyası"- Hitler onu niyə şəxsi düşməni sayıb?
15-03-2022, 12:43
Ən yeni tarix.
O, 107 yaşında yeni vəzifəyə təyinat alıb, “İzvestiya” qəzetinin baş rəssamı vəzifəsinə. Boris Yefimov (Fridlyand) bu yaşında həmkarlarından yalnız bir məsələdə fərqlənib, redaksiya əməkdaşları saat 9-dan axşam saat 6-7-yə qədər işlədikləri halda, rəssamın iş günü axşam saatlarından xeyli keçənə, 10-11-ə qədər uzanıb. Rəssam olmasına baxmayaraq, Yefimovun həyat təcrübəsindən, gördüklərindən, bildiklərindən həm jurnalistlər, həm araşdırmaçılar, həm də tarixçilər yararlanıblar. I və II dünya müharibələrinin iştirakçısı, repressiya illərinin canlı şahidi, Xruşşov hakimiyyətinin qarışıqlığını, Brejnev dövrünün durğunluğunu, Andropovun sərtliyini, Çernenkonun hiss olunmamazlığını, Qorbaçovun yenidənqurmasını, SSRİ-nin süqutunu görən Yefimovu sovet dövrünün ensiklopediyası da adlandırıblar. Yefimov SSRİ-də ən populyar karikaturaçı-rəssam sayılıb. Onun karikaturaları xarici ölkələrdə də məşhurlaşıb. Adolf Hitler isə onu şəxsi düşmənlərinin siyahısına daxil edib.
Yəhudi əsilli Boris Yefimov 1900-cü ildə Kiyev şəhərində anadan olub. 5 yaşından şəkil çəkməyə böyük maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra o, hərbi xidmətə çağırılıb, I Dünya müharibəsinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Kiyev Dövlət Universitetində təhsil alıb.
Sonrakı həyatını Moskva ilə bağlayan Yefimov “Pravda”, “İzvestiya” qəzetlərində, “Krokodil” jurnalında rəssam işləyib.
Yefimovun böyük qardaşı Mixail Koltsov (Fridlyand) həmin dövrdə SSRİ-nin ən tanınmış jurnalistlərindən biri olub. O, “Pravda” qəzetində xüsusi müxbir, “Oqonyok” jurnalında redaktor, “Krokodil” jurnalında baş redaktor işləyib. Koltsov müəllifi olduğu “İspaniya gündəliyi” kitabı ilə daha da məşhurlaşıb. Yaradıcılığı ilə bağlı müntəzəm olaraq xarici ölkələrdə olması jurnalisti şübhə altına salıb. 1938-ci ildə “NKVD”-nin rəhbəri Nikolay Yejov Koltsov haqqında Stalinə yazılı məktub ünvanlayıb və onun həbsinə icazə istəyib. Koltsov “Pravda” qəzetinin redaksiyasında heç bir sanksiya sənədi təqdim edilmədən həbs olunub.
Qardaşının həbsindən üç gün sonra Yefimov mərkəzi mətbuatdan uzaqlaşdırılıb. Hər gün öz həbsini gözləyən rəssam bir müddət nəşriyyatlarda çalışıb. Nəhayət, 1940-cı ildə Yefimovun da adı həbs siyahısına düşüb. Bu dəfə siyahını Stalinə Beriya təqdim edib. Stalin adları nəzərdən keçirdikdən sonra göstəriş verib: “Yefimova toxunmayın”.
Qardaşının taleyi ilə maraqlanan rəssama bildiriblər ki, o, on il müddətinə sürgünə göndərilib və ailə üzvləri ilə yazışmağa icazə verilmir. Sonralar isə məlum olub ki, Koltsov həbsindən bir neçə ay sonra güllələnib.
1940-cı ilin sonlarında Yefimov Vyaçeslav Molotovun köməkliyi ilə yenidən “Pravda”ya qayıdıb.
Sonralar verdiyi müsahibələrdə Yefimov həmin ağır illəri belə xatırlayıb:
“Mərkəzi mətbuata qayıtmağıma Molotov kömək etdi. Müharibə başlananda mən hərbi müxbir kimi fəaliyyətə başladım. Amma bu sahədə işləyənlərdən fərqli olaraq mənim üçün nə qonorar var idi, nə də məzuniyyət. Bir sözlə desəm, Stalinin vəfatına qədər hər gün həbs olunacağımı gözləyirdim. Stalin olduqca qəddar və amansız bir adam idi. Qardaşımın heç bir günahı olmadan, Yejovun bir kəlmə heç bir dəlil-sübutsuz onu “xalq düşməni” adlandırması ilə Stalin güllələnmə hökmünü verdi. Mənim sağ qalmağım isə möcüzə sayıla bilərdi. Yəqin ki, Stalinə lazım idim. Stalin siyasi karikaturalara qarşı maraqlı idi. Müharibədən sonra müttəfiqlərin arasında soyuqluq yaranmışdı. Həmin ərəfədə məni Kremlə çağırdılar. Jdanov məni qəbul edib bildirdi ki, Stalinin sənə tapşırığı var. Diqqətlə qulaq asdım. Tapşırıq Eyzenhauerin karikaturasını yaratmaq idi. Evə qayıtdım. Bu tez əmələ gələn iş deyildi. Amma gecikdirmək də olmazdı. Həmin gün üçün düşündüm ki, cizgiləri atım, qalan işi də sonra görərəm. Eskizi hazırladım. Axşam radioda futbol reportajı var idi, işimi kənara qoyub azarkeşliyimə başladım. Səhəri günü arxayınlıqla işimi davam etdirirdim ki, təxminən günorta saat 3 radələrində telefon zəng çaldı. Dəstəyi qaldırdım. Xəttin o başından ciddi bir səs eşidildi:
İndi sizinlə yoldaş Stalin danışacaq.
Bir necə dəqiqədən sonra Stalinin səsi eşidildi:
Jdanov sizinlə bir satira haqqında söhbət edib. Siz bir siyasi fiqurun karikaturasını yaratmalısınız. Yəqin ki, başa düşdünüz söhbət kimdən gedir. Elə təsvir yaratmaq lazımdır ki, həmin şəxs dişlərinə qədər silahlanmış görünsün.
Yoldaş Stalin, mən elə siz dediyiniz kimi də etmişəm.
Axşam saat 6-da gözləyirik.
Deyilən vaxta cəmisi iki-üç saat vaxt qalmışdı. Bütün diqqətimi cəlb edib işi yekunlaşdırdım. Saat 6-da karikaturanı gəlib apardılar. İşimə necə qiymət verəcəkləri mənim ölüm-qalım məsələm idi. Səhəri gün zəng edib məni Mərkəzi Komitəyə çağırdılar. Bu dəfə də məni Jdanovun kabinetinə apardılar. Mən karikaturanın altında kiçik bir şəkilaltı da yazmışdım. Karikaturaya diqqət edəndə gördüm ki, yazdığımın üstündən qırmızı karandaşla düzəliş ediblər. Nəhayət, Jdanov dilləndi:
Bəyənildi, yalnız şəkilaltı ifadəyə yoldaş Stalin düzəliş verdi. Düzdür, bu karikaturada bir problem var, mən onu yoldaş Stalinə də göstərdim. Eyzenhauerin arxasını çox böyük çəkmisiniz. Amma bu, Stalinin xoşuna gəldi.
Həmin karikatura “Pravda” qəzetində tirajlandı...”
Yefimovun Hitlerin şəxsi düşməninə çevrilməsinin də öz tarixi var. 1943-cü ildə Yefimovun mətbuatda gedən karikaturaları “Hitler və onun sürüsü” adı ilə kitab şəklində çap olunub. Kitabda Hitlerin, Göbbelsin, Herinqin, Bormanın, Ribbentropun, Himmlerin və nasist Almaniyasının digər rəhbərlərinin karikaturaları toplanıb. Həmin kitab Hitlerin əlinə düşəndə fürer əsəblərinə hakim kəsilə bilməyib: “Yefimov güllələnməlidir, yox, Yefimov dar ağacından asılmalıdır...”
Ən yüksək titullara sahib olan Yefimov ömrünün son günlərinə qədər fırçasını yerə qoymayıb. Rəssam 2008-ci ildə 108 yaşında vəfat edib.
İlham Cəmiloğlu.