QƏLƏBƏ YAXUD MƏĞLUBİYYƏT?

18-03-2022, 00:01           
QƏLƏBƏ YAXUD MƏĞLUBİYYƏT?
Çaldıran döyüşü və onun yaratdığı şüuraltı psixoloji təzyiq əsrlərdir ki, hər bir azərbaycanlının içini sıxır. Lakin çox nahaq.
Əsas problem isə Şah İsmayılın kimin qarşısına çıxmasında deyil. Hadisənin məğzi bunda idi ki, köhnə cəngavər təbəqənin - qızıl dövrünün adamı olan Qızılbaş hökmdarı artıq sel kimi onun üstünə axan dəmir dövrünün qarşısına çıxırdı. Qarşısında da dəmir toplar, dəmir tüfənglər dururdu.
Və bu mənada əslində Çaldıran döyüşü "ənənə ilə yeniliyin" qarşıdurması kimi də qiymətləndirilə bilər. Bir tərəfdə odlu ürək və soyuq silah, digər tərəfdə odlu silah və soyuq ürək...
Həmişə bu döyüşün adı gələndə, bir neçə ilə əvvəl Hollivudda çəkilmiş "Sonuncu Samuray" filminin final epizodlarını xatırlayıram.
19-cu əsr. Döyüş meydanının bir tərəfində yeni, bir tərəfində də köhnə döyüşçülər. Hər ikisi eyni xalqın nümayəndələri… Yeni dövrün gətirdiyi spesifik qaydaları qəbul etməyən, öz şərəf və ləyaqət kodeskindən vaz keçməyi sadəcə bacarmayan və nəhayətdə, döyüş meydanından qaçmaq imkanı olsa da qaçmayan, könüllü şəkildə «yeni batalyonlar»ın odsaçan pulemyotlarının üstünə hücum edən "köhnə" Samuray ordusu... Və ölüm. Şərəfli ölüm... Qələbəyə bərabər məğlubiyyət.
Bu filmdə Hollivud rejissorları «köhnə»nin məhv olmasını texniki inkişafın labud faktı kimi göstərsə də, öz cəngavər ənənəsindən imtina etməyən, dəmir dövrün odlu silahlarından istifadəni şərəfsizlik hesab edən sonuncu samurayların güllə yağışı altında ölümünü faciəlikdən çıxardıb, bacardıqca gözəl, romantik və təsirli şəkildə göstərməyə çalışıb:
Bəli, köhnə, "Ali ənənə" məhvə məhkumdu, lakin onun yerinə gələn "yeni" də, əfsus ki, bütün ali dəyərlərdən məhrumdur, dəmir kimi soyuqdur. Ona görə də məhv olan köhnə, qələbə çalan yenidən daha çox sevgiyə layiqdir.
Filmin sonunda, qaliblərin özlərini bürümüş xəcalət hissini rejissorlar çox yüksək səviyyədə çatdıra biliblər. Bəli, onlar tüfənglərin, topların və pulemyotların vasitəsiylə qələbə çaldılar, lakin məğlub etdikləri rəqibin şücaətinə onların özü də qibtə edir və bu qələbə onlara sevinc yox, yalnız utanc hissi gətirir.
Sanki qalib tərəfin hər bir əskəri razıdır ki, kaş mən də əks tərəfdə olaydım, güllə yağışı altında öləydim, amma əsl samuray kimi öləydim…
Şah İsmayılın Qızılbaş ordusunun top tüfəng sıraları üzərinə hücumunu da, şəxsən mən eyni cür görürəm. Şah İsmayıl çox gözəl başa düşürdü ki, qarşısına çıxan düşmən "dəmir toplardan özünə qəsr düzəldib arxasında gizlənibsə", deməli bu, tarixin labüd gedişatıdır, bundan sonra həmişə belə olacaq, sən seçim qarşısında qalacaqsan.
Ya zamanəyə uyğunlaşıb onlar kimi olmaq, odsaçan dəmirlərin arxasına çəkilmək, ya da qılıncını siyirib öz ordunun önündə şücaətlə hücuma keçmək...
Şah İsmayıl könüllü şəkildə ikincisinə üstünlük verdi. Çünki birinci yolla getsəydi, Şah İsmayıl olmazdı.
İlqar Fəhmi
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.