Səməd Vurğun Məmməd Rahimdən niyə incimişdi?

18-03-2022, 11:00           
Səməd Vurğun Məmməd Rahimdən niyə incimişdi?
Kulis.az Orxan Həsəninin “Xoşbəxtlik və bədəxtlik haqqında” essesini təqdim edir.

...elə bilirdim indicə məni maşın vuracaq və axmaq bir cəsəd olacam...

Ayxan Ayvaz
Əyalətə köçəndən sonra dəhşətli həqiqətlə üz-üzə, göz-gözə dayandım: Zəif internet, dostlarsız həyat.

Tənhalığın da bir həddi olmalıdır. Daha bu qədər yox! Üstəlik hər şeydən könlüm üzülüb. Situasiyanın belini bir cümlə ilə qıraq: “Əlini atanda ovcuna yığılan havadan özgə heç nə tutmursan”.

Bax belə!

Əlbəttə, çətinlik yeniliyə məxsusdur. Zamanla alışırsan. Beləcə yaxın günlərdə sosial şəbəkə üzərindən möhkəm dostlaşdığım braziliyalı tarix müəllimi Bruno bəy (hərçənd özü LQBT nümayəndəsidir) və indoneziyalı tələbə Mi xanım sərin-sərin mücərrəd qaranlığın sakini oldular. Əziz dostlarım Rəvan Cavid, Müşfiq Şükürlü, Ayxan Ayvaz haqqında indi keçmiş zamanda düşünürəm.

Qüssəlidir! Yaxşı insanları itirmək həmişə çətin olub. Ona görə, Rəvan Cavid, Müşfiq Şükürlü, Ayxan Ayvaz, Bruno bəy və Mi xanımla arama hüdudsuz məsafə kimi girən ayazdan xeyli təsirləndim. Bir neçə dəfə şəbəkə operatorlarına zəng edib ağladım.

Yeknəsəq əyalət həyatının darıxdırıcılığını oxuduğum kitablarla kəsib-doğramaq istədim. Babam həyatda və həyətdəykən səhər o başda oyanır, axşamdan qalan qaralama qeyd dəftərimi nəzərdən keçirir, sonra alaqapıya çıxıb babamla söhbətləşir, ətini dənləyib kisələrə yığdığımız qarğıdalı gövdələrindən ocaq çatır, günorta yeməyində hərəmizə əlli qram tut arağı toqquşdurub ayrılırdıq.

O, 61 yaşın və əlil ayaqların dava-dərmanı arxasınca düşür, ayaqlarındakı şişdən, şəkərdən, duzlaşmadan, böyrəklərindəki daşların bir-birinə dəyib çıxardığı şən səsdən şikayətlərindi, mən isə kitablarıma doğru çəkilirdim – dörd tərəfdən əhatələndiyim hüdudsuz hüzur gettosuna.

O vaxtlar, yəni hələ babamın həyatda və həyətdə olduğu zamanlar qəsəbəmizdə nə varsa, müharibə sonrası depressiyasını yaşayırdı. Gecələr uzaq, mor dağlardakı döyüşləri izləmək üçün təpələrə qalxıb, tum çırtlaya-çırtlaya, siqaret darta-darta söhbətləşən əhali üçün müharibənin bitməsi əzablı ayrılıq xəbəri idi. Üstəlik pandemiyaya yoluxanların say çoxluğu kütləvi tənhalaşma yaradırdı. Emosiyaların qatı dumanı çəkilmişdi, itmişdi. Daha top səsləri eşidilmirdi və heç kim uzaqdakı dağlarda müharibəni canlı-qanlı izləmək üçün əziyyətlə qəsəbə kənarında duran çılpaq təpələrə dırmaşmırdı. Təpələrin yamacında küləyin ilhamla o tərəf-bu tərəfə sürüdüyü tum qabıqları və siqaret kötükləri qəsəbəmiz üçün bitmiş müharibənin maddi sübutları olmuşdu.

O vaxtlar, yəni hələ babamın vəfat etmədiyi zamanlar axşamüstü yaxın dostlarımla telefon əlaqəsinə çıxır, “vacib” məsələlər haqqında danışırdıq. Yeni hekayələr, yeni esselər, təkəmseyrək yazılan yeni romanlar.

O günlərdən birində yazıçı Mirmehdi Ağaoğlu ilə söhbətləşdik. Mirmehdi Ağaoğlu çox sevdiyim sənət adamı, eyni zamanda xətrini həddən ziyadə istədiyim bir şəxsdir. Mənim əvvəllər insanlarla bağlı ibtidai düşüncəm yaxşılar və pislərdən ibarət idi. Zaman dəmirə pas tökər. Yəni, hər şey dəyişir, o cümlədən düşüncələr.

İndi həyatın adi, dramatik axınında yaxşı və ya pis adamın mövcud olacağına inamım sıfıra bərabərdir. Əminəm ki, insanların yaxşı və ya pis olacaqlarını düşünmək üçün sadəcə vaxtları yoxdur. Hər şey təbii prosesdə yoğurulur. Həyat bir mənada bataqlıqda çabalamaqdır və bu çabalamağın insanı nəyə çevirəcəyi haqqında qəti fikir söyləmək mümkün iş deyil.

Yazıçı Mirmehdi Ağaoğlunun bədii nəsr nümunələri, eyni zamanda ədəbiyyata, sənətə olan vurğunluğu mənim üçün pandemiya günlərində maska kimi fövqəladə əhəmiyyət kəsb edirdi. Biz qısa söhbətlərdə ədəbiyyat istisna hər şeydən boş məsafə ilə ayrılırıq. Yaxşı və pis insanlar haqqında olan mücərrəd düşüncələrim buxarlanıb hava olur.

Ol gün söhbətin ömrü uzun çəkdi. Gecənin birində zəng! Onsuz gecə 12-dən sonra bütün rəqəmlər eynidir.

– Yatmamısan?

– Yatmaq nədir? Zəngini gözləyirdim. – zarafatla.

O danışdıqca, həyatla aramdakı amansız mübarizəyə çevrilən yazmaq hissi rəngini dəyişirdi. Yaxın günlərdə dərc olunan “çiy” bir mətn haqqında danışırdıq danışmağına ancaq, söhbət hiss olunmadan xoşbəxtlik mövzusuna əyildi. Əslində bu yazını mənə yazdıran xoşbəxtlik haqqında düşüncələrimin kəskin dəyişməsi, daşların yerindən oynayıb suyu bulandırmasıdır. Söhbət zamanı ifadə gücüm zəif oldu, lakin çox keçmədən, elə səhəri günü uzun-uzun düşünüb nəticə hasil etdim. Mən nəticə deyirəm, Siz rabitəsiz düşüncə yığını deyin.

Demək, Mirmehdi Ağaoğlu məişətin yazıçı üçün faciəvi tərəflərini açdı. Mən isə məişətdən xilas olub həyatını ədəbiyyata həsr edən müəlliflərin belə xoşbəxt olmadığına əminliyimi bildirdim. Əks arqument ciyərimi dağıtdı:

Yazıçı heç vaxt xoşbəxt olmur. Ta Seyiz Əzim Şirvanidən bu yana. Düzdür, SSRİ-dövründə, müəyyən zamanlarda yazıçılar xoşbəxt idi. Bu da maddiyatla bağlıydı. Dövlət kitaba yüz minlərlə pul ayırırdı. O zamanlar məhz buna görə çap olunmaq müşkül iş idi. Bizim kimi 3-cü dünya ölkələrində, müəlliflər öz kitablarından qazanc əldə edə bilmirlər və buna görə yazıçının xoşbəxt olması mümkün deyil.

Razılaşmaya bilməzdim. Arqument real və dəqiq idi. İzahdan sonra söhbət özgə mövzulara əyildi. Ancaq xoşbəxtlik və bədbəxtlik hisləri haqqında sonra uzun-uzun düşündüm.

Son günlər həyatla aramdakı iplər elə çözülmüşdü ki, xoşbəxtlik kimi, bədbəxtlik də xeyli bayağılaşmışdı. Məsələn, xoşbəxt insan epizodu haqqında düşünəndə ətim çimçişir. Düzüdür, hislər anın əsiridir. Hər şey müəyyən məkan və müəyyən zaman məsafəsində mövcuddur. Ümumən, itiləşən təsəvvürlərimin əksində tünd hislərin qıcıq doğurmağı danılmaz həqiqətə çevrilib. İndi xoşbəxtliklə bağlı düşüncələr mənə necə də bayağı görünür.

İnsanlar doğulurlar, ölümü öyrənirlər və ölürlər. Bu dramatik xronologiyadır. Xoşbəxtliyin mənə dəhşətli dərəcədə bayağı görünməsi, bəlkə də, artıq xoşbəxtlik haqqında olan cümlə düşüncələrimi, hislərimi soyuq bir təbəssümlə silib süpürəyimdir. Bu barədə düşünmürəm. Onu qazanmaq istəmirəm. Xoşbəxt hiss etdirəcək şeylərdən alacağım qısa həzləri görməzdən gəlirəm. Və ümumiyyətlə bu barədə düşünəndə xəcalət çəkirəm, istəyirəm ölüb yerin dibinə girim.

Həyat o qədər uzundur ki, bəzən eyni şeyləri bir neçə dəfə yaşayırıq. Bu hisdən sevinən, keçmişi qəlbində narahatlıq xalı olmadan xatırlayan insanlara paxıllığım tutur. Kaş mən də eyni şeyi ikinci dəfə yaşayanda gözlərimi ikrah toru tutmaya, kaş mən də keçmişi xatırlayanda narahat ruhlar sarmaşıq olub isti-isti boğazımdan bədənimə sürünməyə.

Eyni şeyləri bədbəxtlik haqqında da düşünürəm. Xoşbəxtliyə baxanda bədbəxtlik istismar olunmuş hisdir. Onun bazarında al-ver həmişə diri olub. Dərd zivəsindən pal-paltar kimi asılan şairlər, yazıçılar bu bazarın tanış müştəriləridir. Onlar həyatdan güc-bəla qopardıqları bədbəxtliyi dəyər-dəyməzinə satıb əvəzində şeir, hekayə alırlar. Eşqdən alovlar çatılır. İnsan əzablarının yüksək bədii çalarlarla əks olunmuş forması. Bu cür bədii əsərləri oxuyanda çox utanıram. Obrazlar bədbəxt tale yolundan keçib əxlaqi cəhətdən təmizlənirlər və nəhayət, insan ulu əzabların sayəsində durulub bulaq kimi saflaşır. Yox. Mənlik deyil! Sən allah, bəsdi!

Dostlarım mənə problemlərindən, narahatlıqlarından danışanda əzab çəkirəm, çünki onlara kömək etməkdə, doğrudan da, acizəm və onlar mənə öz problemlərindən, narahatlıqlarından danışmaqla mənə acizliyimi xatırladırlar.

Yaxın bir dostum vardı. Düz beş ildir virtual sevgi münasibəti yaşayırdı. Yaxın günlərdə qız zəng edib dostuma söyləmişdi ki, məni evləndirirlər, gəl, xilas et, qaçıb gedək Türkiyəyə. Həyatımızın sonunacan xoşbəxt yaşayaq. Dərdsiz, qəmsiz, nəşə içində. Dostum çıxılmazlığını mənə açmışdı və o danışdıqca içimdən od püskürmüşdü. Birincisi ona görə ki, dostum heç vaxt heç yana getməyəcəkdi. Reallıqla barışıq, komfort zonasına sadiq adam idi, qızla hər gün bir saat, iki saat telefonla danışmağı, o zəng edəndə söndürüb özü yığmağı, Vatsapda gözlərindən ürək çıxan ifadələr göndərməyi dostum üçün sevginin ən gözəl sübutu idi. İkincisi o, qəhrəman zad deyildi. Belə şeylər ya kinolarda olur, ya da o kinolara inanan adamların həyatında.

Dostum, doğrudan da, qəhrəman olsaydı, bu beş ildə heçdən bir dəfə gedib sevgilisini görərdi. Qız başqası ilə evlənəcəkdi. Dostum da kor peşman ortada veyil qalacaqdı. Vəssalam. Mənim isə bu çıxılmaz durumdan dişim bağırsağımı gəmirəcəkdi. Gedib içəcəkdim, qəm dəryasında yelkənsiz gəmi olub sərt dalğalarla boğuşacaqdım, dalğaların sivri dişləri göyərtəmi gəmirəcəkdi, şimşəklər çaxacaqdı, bir neçə gün boşluqda sovrulacaqdım və sairə. Bu mənasız və bayağı “level”ləri keçdikdən sonra həyat yenidən adiləşəcəkdi. Və yaşadıqlarımı xatırlayıb başımı təəssüf formasında yelləyəcəkdim. Axı bunların mənası nədir?

Bədbəxt hadisə yaşayanda çalışıram onu gizlədim. Başıma gələn bədbəxt hadisənin başqaları tərəfindən bilinməsi məni dəhşətli dərəcədə utandırır. Hətta bəzən televizorda, ya sosial şəbəkələrdə insanların bədbəxt talelərindən danışmasını dinləməkdə aciz qalıram. Bu qətiyyən mənim o insanlara etinasızlığım deyil. Elə bilməyin, qəlbimdən bir Kamaz “qrabel” asılıb. Onlara görə üzülürəm, pis oluram, içimdə Allaha yalvarıram ki, məzlumun dərdini bütün insanlar arasında bərabər paylasın. O zaman heç kim böyük bədbəxtliyin fərqində olmaz və məsələ, yerli dibli qapanar. Sonra utancaqlığım məni çilədən çıxarır. Utandığımdan gedib çarpayının altına girmək istəyirəm. İnsan öz bədbəxtliyi haqqında necə belə rahatlıqla danışa bilər? Anlamıram.

Bu hissi təkcə həyat hadisələri üzərindən deyil, oxuduğum kitablarda da hiss edirəm. İstənilən əsərdə norma gözlənilməlidir. Mətn atmosferindən, zamanından, məkanından asılı olmayaraq həyatın qaynar dramatizmini əks etdirdiyi, kürəyini bu dramatizmə söykədiyi halda, demək olar, uğurludur.

Məmməd Rahimin kiçik kitabxanamın dərinliyində it-bata düşən kitabını yaxın günlərdə tapdım. Kitabı ətim ürpəşə-ürpəşə oxudum. Xatirələri ilə bağlı hissədə ümumiyyətlə başımı götürüb qaçmaq istədim Hara? Üzü müəmmaya!

Hadisə səhv etmirəmsə, 1926-cı ildə baş verir. Məmməd Rahim və Səməd Vurğun bulvarda söhbətləşirlər. Səməd Vurğun o zamanlar Qubada müəllim işləyir və tətil səbəbindən Bakıya qonaq gəlib. Gəlib və Məmməd Rahimlə görüşüb, çıxıblar dəniz kənarına. Söhbət gedir... Şairimizin biri deyir, Bakı yaman gözəlləşib, o biri deyir vətənin qədrini bilmək lazımdır, vətənimiz gözəldir, ona görə yaxşı yazmalıyıq. Bu yerdə digəri onun sözünü kəsir, əlbəttə, vətənin qədrini bilməliyik, ona görə ki, Lənkərana neçə cinsdə quş növü gəlib-gedir, digərini onun sözünü ağzında qoyur və Molla Pənahdan şeir oxuyur. Adam kitabı yarıda kəsib “bu nəyin qafası?” demək istəyir, ancaq həyata qarşı elə etinasızlaşmışam, çiçəklərimi elə soldurmuşam ki, artıq səbrimin sərhədsizliyinə əminəm, ona görə davam edirəm. Səməd Vurğun bir bənd şeir oxuyur və şeirin müəllifindən xəbərsiz olduğunu söyləyir. Məmməd Rahim gülür, Səməd Vurğun bu gülüşdən incimiş kimi olur. Deyir, niyə gülürsən, məgər şeir yaxşı deyil? Deyir, şeirin müəllifi mənəm. Süpriiz! Onlar çayxanaya gedirlər. Xatirə burada bitir.

Məmməd Rahimin öz şeirini Səməd Vurğuna oxutdurmaq üçün xatirə yazmağı məni dəhşətli dərəcədə utandırdı. Sovet ruh halı və xoşbəxtliyi haqqında çox danışmaq olar. Yazıçı Mirmehdi Ağaoğlu söylədiyi kimi çox zaman , ideologiyaya xidmət edən kitablara yüz minlərlə pul ayrılırdı. Buna görə yazıçılar xoşbəxt idi.

Əyalətdə yaşamaq, könlümün hər şeydən üzülməsi məndə görmədiyim adamlar üçün darıxmaq vərdişi yaratdı. Darıxdığım adamlardan biri Ma'dır. Sosial şəbəkədən tanış olmuşuq. Almandır, 61 yaşı var. Berlində inşaat şirkətində mühəndis işləyir. Söhbətimiz elə şirin axdı ki, onu babamla tanış etmək fikrinə düşdüm. Babam sağ idi, yaşayırdı və biz hər səhər görüşür, ətini dənləyib kisələrə yığdığımız qarğıdalı gövdələrindən ocaq çatıb həyətdə isinirdik. Sınıq-salxaq ingiliscəmlə altmışı haqlamış, fərqli mədəniyyətlərin nümayəndələri olan bu qocalara tərcüməçilik etməliydim. Həm də görüntülü söhbətdə.

Babam Ma’ın qulağındakı sırğadan, Ma isə babamın qabar basmış əzablı əllərindən diksindi.

Babam həyatı boyu ailədən kənarda həyat sürməmişdi. Gözlərini həyata yalqız bağlayacağını qəbullanan Ma üçün xoşbəxtlik idi bu!

Ma tək və azad idi, dünyanı gəzmişdi, ev dərdi olmamışdı, sabahı düşünməmişdi. Qaçqınlıqla, evsizliklə, ölüm və naməlum gələcək qorxusu ilə yaşayan babam üçün xoşbəxtlik idi bu!

Daha həyata təəccüblənməyi unudan, tükənmiş emosialarla gündən günə təpik döyən, xoşbəxtlik və bədbəxtlik arasındakı nazik ipdə kəndirbazlıq eləyən mənim üçün heç nə ifadə eləmirdi bunlar! Heç nə, əziz dostlar!

Orxan Həsəni












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.