Batin alimi yazır: Novruz bayramının gi­zli sirləri

19-03-2022, 08:03           
Batin alimi yazır: Novruz bayramının gi­zli sirləri
Novruz bayramı haqqında çox yazılar yazılmasına baxmayaraq, bu bayramın əsas mahiyyəti hələ də sirr olaraq qalır. Mən bu bayram haqda bir neçə məqalə yazmışam və göstərmişəm ki, məşhur Firdovsiyə görə bu bayram Cəmşidin göydə Kəyan taxtı qurub, divlərin çiynində bu taxta çıxdığı və göydə günəş tək qərar tutduğu gündür. Quranda göydəki taxtda bərqərar olan Şah - Allah adlandırılır. Başqa sözlə, Novruz bayramı - Rəhman Allahın ərşə yüksələrək göydə Ra günəş Allahına, yəni Ra-Amona çevrildiyi gündür. Sufilərdə Ra günəş Allahı "Vəhdətin günəşi" adlanır ki, bu da firon Amonun, yəni pir Əmanın İlahdan (ilkin materiya) yaratdığı Ra günəşi ilə vəhdətə nail olması mənasındadır. Hürufi deyimlərinin birində bildirilir: «Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin (müqəddəslərin) parıldayan almazıdır». Deməli, sufilər “vəhdət” deyəndə, ilkin materiyadan yaradılmış Ra günəş diski (şarı) ilə birləşən firon Amonun ruhu nəzərdə tutulur ki, bu da kosmosu idarə edən Allahın ruhu mənasındadır. Sufilərdə “Vəhdət əl Vücut” rəmzi də var ki, bu da İlah mənasında olan ilkin materiyanın "Vücudu" ilə vəhdət təşkil edən firon Amonun ruhu deməkdir. Buradan isə belə çıxır ki, Novruz bayramı - firon/pir Əmanın, İlahdan (ilkin materiya) göydə Allah yaradıb, onu idarə edən Ra-Amon/Rəhman Allaha çevrilməsinin bayramıdır. Əgər o günə qədər, yəni təxminən 14 milyard il dünyanı, əvvəli və sonu olmayan İlah (ilkin materiya) idarə edirdisə, o gündən sonra dünyanı Allah (El-İlah), yəni pir/firon Əman/Amonun ruhu idarə etməyə başladı.

İsmaili natiqlərinin batini məntiqində Rəhman Allahın dövrü ümumilikdə 7760 il sürür ki, bunun 5514-cü ilində axirət olmalıdır. Batinilərdə axirət - Rəhman, yəni Ra-Amon Allahın Kəyan taxtını Öz varisi Mehdiyə verməsidir ki, bu zamandan sonra dünyanı Mehdi idarə edəcəkdir. Ra-Amon (RMN) rəmzi qədim mənbələrdə Raman, Ərmən (RMN) və s. kimi də yazılır. Mətnlərə görə Azərbaycan Atabəglər Ailəsinin banisi Məhəmməd Sökmən Xelatı aldıqdan sonra özünü Ərmən, yəni Ra-Amon adlandırmışdı. Belə çıxır ki, Ra-Amon, yəni Rəhman Allah - Azərbaycan Atabəglər Ailəsinin banisi olan Məhəmməd Sökmən şahdır. Batinilərdə Sökmən rəmzi Sak-Amon kimi oxunur və buradakı sak rəmzi qədim Misir yazılarında saxu (sahu) kimi keçərək, insanın ölümsüz ruhunu bildirir. Deməli, Sökmən şah elə pir Amonun göydə ölümsüzlük qazanmış ruhudur. Başqa sözlə, Rəhman Allah - Azərbaycan Atabəglər Ailəsinin banisidir. Xelat (Gelad/Xalda) Mülkü isə Əhdi-Ətiqdə Allahın - "Mənim Geladım" adlandırdığı mülkdür. Mənbələrdə bu mülk - "Xəllədə Mülkə-Hu" adlanır və Cəlairilərin Qacar şahlar nəslinə aid edilir.
Qacar rəmzi - İbrahim oğlu İsmailin anası Həcər mənasındadır. Tövratda və digər mənbələrdə Həcər rəmzi Aqar kimi keçir və "aqarlılar" adı da ismaililərin (izmaililər) ümumi adını bildirirdi. Aqar rəmzi qədim Misirin Qor yolu ilə gedən fironlar nəslinin rəmzidir. Batinilərdə qadın obrazı - İlahın, yəni sufilərin "Hu" adlandlrdığı ilkin materiyanın rəmzidir. Bu məntiqdə İsmail rəmzi də İslam (Salam/Səlim/Şelomo) rəmzi kimi "İsa-Aləmi" (Şiə-Aləmi) , yəni "Ruhlar dünyası" fikrini ifadə edir. Mənbələrdən məlumdur ki, göydəki bu cənnət beytini İbrahim peyğəmbər, oğlu İsmaillə (İşmael) tikmişdir. Daha doğrusu İbrahim tikmiş, İsmail isə "seyr etmişdir". Beyt tikildikdən sonra burada İlahi od əmələ gəlmiş və bura cənnətə çevrilmişdir. Həcər/Aqar - İbrahim peyğəmbərdən "ayrılandan" sonra Sünikin göylərində yaradılan müqəddəs "səhraya" köçmüşdür. Aqarlılar, yəni Həcər oğulları da sonrakı mərhələlərdə ismaililər kimi qeyd olunmağa başlamışlar və onların Xelat/Gelat eli - ifrat Gelati-Şiə ismaililərinin müqəddəs ocağına çevrilmişdir.
Bütün bunlar o deməkdir ki, Novruz bayramı - Azərbaycan Atabəglər Ailəsinin Xelat göylərində yaratdığı ruhlar dünyasının, yəni Xüld cənnətinin var olduğu gündür ki, bu gündən sonra dünyanı Rəhman Allah idarə etməyə başlamış və ölən möminlərin ruhları da Onun Xüld cənnətində ikinci həyat qazanırdılar. Batini məntiqdə Novruz - Azər, yəni Osiris Allahı, Təbriz isə Azər-Beyti, yəni Osiris Allahının Xelat göylərindəki Evi deməkdir və s.
Bütün bu yazılanlar haqda daha geniş məlumatlar, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı elmi məqaləmdə, fakt və mənbələrlə geniş izah olunmuşdur.

Firudin Gilar Bəg
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.