Ukraynanın “qızıl dövrü”nün brendləri – “FED”, “Vesna”, “Dnepr” və Putinin də 30 qəpiyə sahib olduğu “Zaporojets”.

20-03-2022, 11:28           
Ukraynanın “qızıl dövrü”nün brendləri – “FED”, “Vesna”, “Dnepr” və Putinin də 30 qəpiyə sahib olduğu “Zaporojets”.
Ən yeni tarix. Maraqlı faktlar.
Sovet dövründə Ukrayna istər sənaye, istərsə də aqrar sahədə istehsal həcminə görə təkcə SSRİ-nin digər müttəfiq respublikalarını deyil, Avropanın da bir çox ölkələrini üstələyib. Xüsusilə, müharibədən sonrakı dövrdə Ukraynanın inkişafı üçün Kreml büdcədən vəsait ayırmaqda səxavətini əsirgəməyib. Sözsüz ki, bu, səbəbsiz olmayıb. Mövcud olduğu 70 ilin 29 ilində SSRİ-yə məhz ukraynalılar rəhbərlik edib: 1953-cü ildən 1964-cü ilə qədər Nikita Xruşşov, 1964-cü ildən 1982-ci ilə qədər Leonid Brejnev. Bu dövrü Ukraynanın qızıl dövrü də adlandırırlar.
Sovet Ukraynası energetika sahəsində daha güclü inkişaf edib. Məhz sovet dövründə Ukraynada ondan artıq atom elektrik və su elektrik stansiyaları tikilib. 1984-cü ilə qədər ümumittifaq elektrik enerjisi istehsalının 17 faizdən çoxu Ukraynanın payına düşüb. Eyni zamanda metallurgiya, kimya sənayesi və maşınqayırma sahəsində də Ukrayna istehsal gücünə görə birincilər sırasında dayanıb.
1965-ci ildə Ukraynada sovet vətəndaşları üçün əlçatan olan, “xalq avtomobili”, “Zaporojets” istehsal olunmağa başlayıb. Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ilk avtomobili də məhz “Zaporojest” olub. Prezident bu maşını cəmisi 30 qəpiyə əldə edib. Belə ki, Putinin anası bu maşını lotereyada udub.
SSRİ-nin ən böyük traktor zavodlarından biri Ukraynada yerləşib. Xarkov Traktor Zavodu 1982-ci ildə iki milyonuncu traktorunu buraxıb. Artıq 1986-cı ildə zavod dünyanın 36 ölkəsinə traktor satıb.
Ukraynanın məşhur brendlərindən biri “FED” fotoaparatları sayılıb ki, onlar təkcə SSRİ deyil, bir sıra xarici ölkələrdə də populyarlıq qazanıb. Bu aparatlar “FED” Xarkov Maşınqayırma Zavodunda istehsal olunub.

Ukraynanın ən populyar brendlərindən biri də “Vesna” maqnitafonu olub ki, bu maqnitofan hər bir ailənin arzusuna çevrilib. “Vesna” 1963-cü ildən Kiyev və Zaporojye şəhərlərində istehsal olunub.

Ukraynada eyni adlı televizorların istehsalı da sovet vətəndaşlarının televizor tələbatının ödənilməsində böyük rol oynayıb.
Mətbəx kombaynları da SSRİ-də ilk dəfə Ukraynada istehsal olunub. Möcüzə-maşın adlandırılan “Mriya” mətbəx kombaynı ölkənin birinci şəxslərinin mənzillərindəki mətbəxlərdə də ən sevimli əşya sayılıb. Dnepropetrovskda istehsal olunan kombaynlara xarici ölkələrdə də tələbat olub. Bu kombaynlar SSRİ-nin xarici valyuta xəzinəsini zənginləşdirib.
Dnepropetrovskda istehsal olunan digər bir məişət texnikası, “Raketa” tozsoranlarına isə tələbat o qədər böyük olub ki, onu əldə etmək üçün müəssisə və təşkilatlarda növbə siyahısı hazırlanıb.
Ukrayna istehsalı olan “Dnepr” soyuducuları öz dövründə məşhur brend sayılan “ZİL” Moskva soyuducularından heç də geri qalmayıb. Sovet vətəndaşları öz seçimlərində həm qiymətinə, həm də tutumuna görə “Dnepr”ə daha çox üstünlük veriblər.
1956-cı ildən istehsal edilməyə başlanan “Xarkov” elektrik üzqırxanları ən qısa müddətdə Ukraynanın brendlərindən birinə çevrilib. Bu məhsul o qədər populyarlıq qazanıb ki, uzun illər elektrik üzqırxandan il ərzində 1 milyon ədəd buraxılıb.
Ukrayna ərzaq məhsulları ilə də məşhur olub. Aqrar sahənin inkişafı sayəsində bu respublikanın ərzaq məhsulları keyfiyyəti ilə fərqlənib. Ağartı məhsulları, un məmulatları, mineral suları, meyvə-tərəvəzi və s. qida məhsulları ilə Ukrayna seçilib. Yaxından, uzaqdan Kiyev şəhərinə istirahətə, xidməti ezamiyyətə təşrif buyuranlar “Kiyev tortu”nun, “Kiyev kotleti”nin, Ukrayna borşunun, noxud şorbasının, maçankanın və Ukrayna mətbəxinin digər təamlarını dadmamış bu şəhəri tərk etməyiblər.
Sovet dövründə Ukrayna ali təhsil ocaqları ilə də fərqlənib. 1920-ci ildə respublikada 27 ali təhsil ocağı fəaliyyət göstərdiyi halda. 1985-ci ildə onların sayı 149-a çatıb. Universitet və institutların daha çox fəaliyyət göstərdiyi şəhər isə Xarkov olub. Bu şəhər Ukraynanın tələbə paytaxtı da adlandırılıb. Ukraynanın hər yeddi alimindən biri məhz Xarkovda çalışıb.
Ukraynanın ən məşhur və ən tanınmış brendləri isə bu ölkədə anadan olan, sovet elminə, təhsilinə, səhiyyəsinə, hərb sahəsinə, mədəniyyət və incəsənətinə, kosmonavtikasına və digər sahələrə böyük töhfələr vermiş insanlarıdır.
Təəssüf ki, zamanında SSRİ-nin bütün sahələr üzrə ən aparıcı respublikası olan Ukrayna bu gün həmin SSRİ-nin varisi tərəfindən hərbi təzyiqlərə məruz qalır...
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.