Hanniballıq, zorlama, qətllər törədilən cəhənnəm adası – Kennedinin bağlatdırdığı Alkatras həbsxanası.
24-03-2022, 10:53
Ən yeni tarix. Maraqlı faktlar.
Dünyada mövcud olan bir çox həbsxanalara rəsmi adı ilə yanaşı qeyri-rəsmi adlar da verilib. Alkartas həbsxanası isə fərqli bir ad və status qazanıb: “Əfsanəvi türmə”. Maraqlıdır, amerikalı məhbuslar üçün cəhənnəm adası olan bu cəzaçəkmə müəssisəsini əfsanələşdirən hansı səbəblər olub?
Alkatras türməsi Amerika Birləşmiş Ştatlarında, San-Fransisko körfəzində eyni adlı adada yerləşib. Türmə 1861-ci ildən hərbi həbsxana kimi fəaliyyət göstərib. Alkatrasın ilk “sakin”ləri məhz hərbi əsirlər olub.
1912-ci ildə Alkatrasda böyük tikinti işləri aparılıb, yeni korpuslar tikilib, mühafizə sistemi, kommunikasiya yenilənib və türmə federal status alıb. Alkatras dünyada fəaliyyət göstərən penitensiar müəssisələr arasında ən güclü mühafizəsi olan türmələrdən biri sayılıb. Amerikanın ən qatı cinayətkarları belə, Alkartası özlərinə ən qorxunc məkan sayıblar.
Həbsxananın daxili rejim qaydaları o dərəcədə sərt olub ki, hər bir məhbus sutkanın 24 saatı ərzində nəzarətdə saxlanılıb. Belə ki, Alkatras türməsində üç məhbusa bir nəzarətçi nəzarət edib. 600 kameradan ibarət olan türmədə bütün dəmir barmaqlıqlar və qapılar elektrik gərginliyinə qoşularaq hazır vəziyyətdə saxlanılıb. Məhbuslar aqresivləşdiyi, səs-küy saldığı halda buraxılan gərginlik onları dərhal “sakitləşdirib”.
Alkatrasın ən təhlükəli yeri isə məhbusların yeməkxanası sayılıb. Məhbuslar yalnız burada ünsiyyətdə ola biliblər və bütün söhbətlər, “müzakirələr” məhz burada aparılıb. Dustaqlar arasında hər hansı məsələdə razılıq əldə olunmayanda “döyüşlər” də yeməkxanada baş verib. Buna görə də yeməkxananın bir neçə yerində gözqamaşdırıcı qazlar olan balonlar quraşdırılıb.
Alkatrasda əsasən təkrar ağır cinayət törədənlər, xüsusi təhlükəli hesab olunan məhbuslar cəza çəkiblər. Türmədə məhbuslar kameralarda tək saxlanılıb. Onların ən adi şəxsi əşyalar saxlamaq hüququ olmayıb. Görüş və sovqat qəbul etmək tam ciddi nəzarət altında olub və məhdud şəkildə aparılıb. Ən adi rejim qaydalarını pozanlar görüş və sovqat qəbulundan məhrum ediliblər.
Alkatrasın fəaliyyət göstərdiyi dövrdə bu türmədən qaçmaq heç bir məhbusa nəsib olmayıb. Qaçmağa bir neçə dəfə cəhd olunsa da nəzarətçilərin silah atəşləri məsələni birdəfəlik həll edib.
Həbsxanalarda kiçik emalatxanalar da fəaliyyət göstərib ki, həmin emalatxanalarda məhbuslar işləyiblər. Burada işləmək dustaqlar üçün “istirahət” sayılıb. İşə “düzəlmək” hər məhbusa qismət olmayıb. Bunun üçün də xüsusi münasibətlər vacib olub. Bütün cəza müddətini kamerada tək oturmaqdansa, məhbuslar üçün işləmək onlara daha çox rahatlıq gətirib.
Alkatrasda sutka ərzində 13-15 dəfə məhbuslar yoxlanılıb, sayılıb, kameralarına baxış keçirilib. Kameralara işıq və su minimum məhdudiyyətlə verilib. Məhbuslara digər kameralarda olanlarla danışmaq, işarə etmək, nə isə ötürmək qəti qadağan edilib. Əks təqdirdə bu qanunu pozanlar sərt cəzalandırılıb.
1950-ci illərdən sonra Alkatrasda dustaqların saxlanılma şəraiti qismən də olsa yaxşılaşdırılıb. İdman meydançası salınıb, kitabxana fəaliyyət göstərməyə başlayıb, tibbi personalının sayı artırılıb və s. Amma bütün bunlar silsilə qətl törədənlər, zorlama maddəsi ilə həbs olunanlar və digər ağır cinayətlər törədənlər üçün çox da maraqlı görünməyib. Onlar türmənin rejim qaydalarını pozmaqda davam ediblər.
Zaman-zaman Alkatras türməsində böyük xərc tələb edən təmir-bərpa işlərinə ehtiyac yaranıb. Türməni normal vəziyyətə gətirmək üçün təxminən 5 milyon dollar vəsait lazım olub. Müzakirələrdən sonra ABŞ hökuməti bu vəsaiti ayırmaqdan imtina edib. 21 mart 1963-cü ildə Birləşmiş Ştatlarının baş prokuroru, Con Kennedinin qardaşı Robert Kennedi Alkatras həbsxanasının bağlanması haqqında əmr imzalayıb. Əmr belə əsaslandırılıb ki, adada yerləşən həbsxananın saxlanılmasına daha çox vəsait sərf edildiyindən onun fəaliyyəti məqbul sayılmır. Türmədəki məhbuslar Amerikanın digər türmələrinə köçürülüblər. Bu hadisəni məhbuslar özlərinin böyük şansı kimi qiymətləndiriblər.
Həbsxana qapadıldıqdan bir neçə il sonra onun yerində muzey açılıb. Hər il bu muzeyə bir milyondan artıq turist gəlir. Ərazidə aparılan abadlıq işləri Alkatras əfsanəsinə “kölgə” salsa da türmənin keçmiş fəaliyyəti ilə tanış olanlar heyrət və təəccüblərini gizlədə bilmirlər.
Dünyanın ən qorxulu türməsi sayılan Alkatras həbsxanasında hanniballıq (adam əti yemək – red.), eyni cinslilərin bir-birini zorlaması, məhbuslar arasında baş verən qətl hadisələri və digər bu kimi hadisələrin sayına görə Amerikanın digər cəzaçəkmə müəssisələrindən qat-qat çox olub. Bu səbəbdən də ən qatı cinayətkarlar üçün Alkatras həbsxanası ən arzuolunmaz türmə sayılıb.
Əlavə edək ki, “Əfsanəvi türmə” – Alkatras həbsxanası haqqında bir neçə bədii və sənədli film çəkilib.
İlham Cəmiloğlu.
Teref.az