Mir Cəfər Bağırov mart soyqırımında iştirak edib? - "Mən nəinki əhalini, heç öz qohumlarımı qoruya bilmədim..."

1-04-2022, 08:43           
Mir Cəfər Bağırov mart soyqırımında iştirak edib? -
Bu gün tarixdə azərbaycanlılara qarşı törədilən ən amansız və genişmiqyaslı soyqırımlardan biri olan 31 mart qırğınının anım günüdür.

Tarixçilər bu soyqırımlarda azərbaycanlı bolşevik, 20 il (1933-1953) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mir Cəfər Bağırovun da iştirak etdiyini iddia edirlər. Tarixdə ziddiyətli qərarları və mövqeyi ilə iz qoyan bu şəxs mart soyqırımı zamanı harada idi? O bu soyqırımın təşkilatçı və icraçılarından biri olubmu? Onun bu qırğınlara münasibəti necə olub? Bu və digər sualları EDNews üçün tarixçi professor Solmaz Rüstəmova Tohidi cavablandırıb.

Solmaz Rüstəmova-Tohidi. Azərbaycan tarixşünaslığının iki sütunu - kamilinfo.net

S.Tohidi M.C Bağırovun mart qırğını zamanı doğulub böyüdüyü Quba şəhərində olduğunu bildirib:

“Mir Cəfər Bağırov Qubada doğulub, burada təhsil alıb, çalışıb və karyerasının ilkin addımlarını da bu şəhərdə atıb. Odur ki, bir qubalı olmaqla, öz iradəsi, yaxud yaranan şəraitin hökmü ilə, hər halda 1918-ci ildə məhz Quba hadisələrinin kifayət qədər tanınmış iştirakçılarından biri kimi çıxış edib. Lakin onun adı, gözlənilənlərin əksinə olaraq Qubanın irticaya məruz qalan və müdafiə olunan sakinləri və ya başçıları arasında deyil, işğalçı qüvvələrin adı ilə yanaşı çəkilir və beləliklə, dərhal öz kiçik vətənində qınaq mənbəyinə çevrilir. Belə ki, həmin hadisələri araşdırmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində həm qubalılar, həm də Qubaya ilk daxil olmuş bolşevik dəstəsinin rəhbəri gürcü Gelovani tərəfindən Mir Cəfər Bağırov “bolşevik”, “qubalı qatı bolşevik”, “yerli bolşevik” kimi dəfələrlə xatırlanır.

Qubalılar, sözsüz ki, Bakı və Şamaxıda baş verən qırğınlardan xəbərdar idilər. Bakıda erməni, o cümlədən yerli ermənilərin vəhşiliklərindən xilas olan bir çox ailələr Qubaya qayıtmış və çox mətləbləri yerlilərinə anlatmışdılar.

Aprelin əvvəllərində, kiçik hərbi qüvvə və köməkçisi M.C.Bağırov ilə Qubaya gələn Gelovani məhz bu şəraitlə üzləşir, şəhər əhalisinin kifayət qədər dinc rəftarı qarşısında erməniləri həbsxanadan buraxdırır, ultimatumunu təqdim edir və onun qəbulu üçün qubalılara 2 saat vaxt verir. Şəhərlilər 2 gün sonra ultimatumu qəbul etməyə məcbur olur, şəhərdə sovet hakimiyyəti qurulur. Gelavani-Bağırovun başçılığı ilə qurulan bu hakimiyyət Qubada çox davam gətirə bilmir. Hakimiyyəti tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. 9-cu gün şəhərə silahlı hücum başlanır, Xaçmazdan gələn və yalnız ermənilərdən ibarət 150 nəfərlik “qırmızı” qüvvələrlə üç günlük şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin “ilk komandasını” Qubadan qovub çıxarır və beləliklə, Quba qəzasında Sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyulur. Mir Cəfər Bağırov da Gelavani ilə birlikdə Qubanı tərk edir. Sonralar M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi konkret şəxsin – məhz Əli bəy Zizikskinin adını çəkir. O hətta doğma şəhərində yerli din xadimləri tərəfindən ona qarşı ölüm hökmünün çıxarıldığını bildirir”.

Professor Tohidi Qubadan həmçinin qaçan Bağırovun erməni daşnaklarla birlikdə şəhəri almaq üçün yenidən qayıtdığını və ermənilərin Qubada törətdikləri qırğına şahidlik etdiyini qeyd edib:

“Gelovani və erməni dəstələri ilə birlikdə Qubanı tərk edən M.C.Bağırov sonralar yazır:

“...biz Petrovskdan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf geri çəkildik... Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Ora çatdıqda yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq. Məşvərətdən sonra dağıdılan dəstələrin yenidən təşkil edilməsi və Qubaya yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik... Çox çətinliklə Dəvəçiyə çata bildik. Bu zaman Bakı tərəfdən Daşnaksyutunun liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon göründü və o, bəyan etdi ki, Mərkəzin, şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan görürdüm”.

Bu “qəti imtinaya” və hadisələri “qabaqcadan gördüyünə” baxmayaraq Bağırov hər halda Amazaspın dəstəsinə daxil olur, hərçənd özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqamı da vurğulamağı lazım bilir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, ... mən onların himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir”.

Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur. 1918-ci ilin may ayının 1-də səhər, müsəlmanlara qarşı öz vəhşiliklərilə məşhur olan daşnak Amazaspın rəhbərliyi altında yalnız ermənilərdən ibarət 3 minlik nizami dəstə Quba şəhərini mühasirəyə alaraq, onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutmağa başlayır. Şəhərin alınması, müsəlman əhalisinin qırğını müxtəlif cür zorakılıqlarla müşayiət olunur. Elə birinci gün əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün 1012 nəfər - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı tələbələrdən ibarət olan kişilər qətlə yetirilir, müsəlmanların əmlakı talan edilir. Qətillər və talanlar sonrakı günlər də davam edir.

Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə - yeni hakimiyyətin qurulması - yerinə yetirmədiyi, əksinə müstəsna olaraq cəza missiyası daşıdığı heç kimdə şübhə doğurmurdu. Ermənilər küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırır, əvvəlcədən isə onların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Daha sonra evləri, bazarları, dükanları, anbarları və s. yandırırdılar. Meyitlər küçələrdə, evlərdə qalırdı. Şəhər rəisi Əli Abbas bəy Əlibəyov dəfələrlə meyitlərin dəfn edilməsi ilə bağlı müraciət etsə də, müsəlmanları bu yolla da cəzalandırmaq istəyən Amazaspdan rədd cavabı alırdı. Yalnız dördüncü gün, şəhəri üfunət iyi bürüməyə başlayanda erməni carçılar müsəlman kişiləri qollarına ağ sarğı bağlayaraq meyitləri basdırmağa çağırırlar. Şəhərin 60-dan çox sakini bu çağırışa cavab olaraq bayıra çıxır, lakin onların heç biri geri qayıtmadığından camaat yenidən gizlənir. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni hələ 6 gün də küçələrdə qalır.

Həmin günlər Quba camaatı dəfələrlə Mir Cəfər Bağırovu şəhərdə görür: gah onun mənzilində müsəlmanlar evlərinin yandırılmaması üçün erməni qoçularına haqq verirlər, gah “doqquzuncu gün müsəlmanlardan qarət edilən bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edərək yazırdı:

“Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.

“Mir Cəfər Bağırovun bu hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi?” sualına isə tarixçi belə cavab verib:

“Çox güman ki, yox. Onun özü də tərcümeyi-halında bir etiraf edir: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş verən dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.

S.Tohidi bütün bunlarla birlikdə Bağırovun Qubadakı qırğını dayandırmaq üçün bəzi addımlar atdığını və buna müəssər olduğunu da əlavə edib:

David Gelovani belə bir şəhadət edir:

“Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram alıb. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirir. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim”.

Mir Cəfər Bağırov öz tərcümeyi-halında D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini qeyd edir. Beləliklə, Mir Cəfər Bağırovun “o dəhşətli mənzərənin” qarşısının alınmasında imkansız olsa da, ən azından onun dayandırılması üçün bir təşəbbüs etdiyi və ən başlıcası, bu cəhdin də baş tutduğu təsdiq olunur”.

İkinci dəfə Qubaya gələn D.Gelovani “burada törətdiklərinə görə Amazaspı danlayır və ona şəhəri tərk etməyi təklif edir. Qısa tərəddüddən sonra Amazasap qoşunları ilə birlikdə şəhəri tərk edir və Quba qırğını sona çatır”.

S.Tohidi sonda Bağırovun düz 30 il sonra Quba həqiqətlərini SSRİ-nin ən ali kürsüsündən dilə gətirdiyini bildirib:

“Düz otuz ildən sonra Bağırov gözlənilmədən 1918-ci il Quba hadisələrini yenidən gündəmə gətirir. Respublikanın ali partiya yığıncağının tribunasında 1918-ci il hadisələrinə toxunan Bağırov öz nitqində rəsmi “vətəndaş müharibəsi” tezisini əsas tutsa da, bu məsələdə daha dərinə gedirək deyir:

“1918-ci ildə Bakı Xalq Komissarları Şurasındakı bəzi yoldaşların buraxdığı səhvlərdən məharətlə yararlanan daşnaklar və müsavatçılar, xüsusilə daşnaklar, bu məqamdan istifadə edərək bəzi yerlərdə vətəndaş müharibəsini əslində milli vuruşa çevirdilər, milli qırğınlar təşkil etdilər” deyərək bəzi həqiqətləri üzə çıxarır”.

Lakin Bağırov bununla da kifayətlənmir və mövzunu burada bitirmək mümkün olduğu halda sözünə davam edir:

“Amazasp, Abram Velunts, polkovnik Avetisov – axı bunlar Sovet hakimiyyətinin tərəfində deyildilər. Mən özüm şahidəm, mən, təəssüf ki, həmin hadisələrin iştirakçısıyam, bəzi yoldaşların təklifi ilə mən Amazaspın dəstəsində nümayəndə idim və görürdüm ki, onlar Qubada nələr edirlər, hələ Şamaxı və s. barədə danışmıram...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.