Deputatla baş nazirin "yol əhvalatı"... ... və ya Qarabağ, yoxsa Quba?

8-04-2022, 15:52           
Deputatla baş nazirin "yol əhvalatı"... ...
Neçə gündür hər kəsin diqqəti Bakı-Quba yolundadır. Daha dəqiqi MM üzvü, Qubadan deputat seçilən, hər zaman ciddi məsələləri MM-də qaldran, ölkədə gündəm yarada bilən Vahid Əhmədov, bu dəfə baş nazirə ünvanlı çıxış edib. Daha dəqiqi tələb qoyub ki, ölkənin ali rəhbərliyinə müraciət etməyimizi istəmirsinizsə, Bakı-Quba yolunun yenidən bərpası və sürətlə inşası üçün işə başlayın. Əslində bu çıxış həm lazımdır, həm lazım deyildi. Bütün hallarda bu formada, yəni hədə və şantaj elementi ilə lazım deyildi. Amma problem olaraq qoyulması da vacibdir. Çünki Quba Azərbaycanın ən böyük turist şəhərlərindən biridir, Şimal magistralının üstündə yerləşir, vacib rayonlardandır. Yol isə həmişə lazımdır. Yol, mədəniyyət, tərbiyyə və özünə münasibət göstəricisidir. Amma Azərbaycanın Qarabağ boyda problemi olduğu üçün ikinci dönəm müstəqillik müddətində demək olar ki, bütün sahələrdə axsamalar, problemlər yaşanıb və yaşanmaqdadır. Bu problem yolların inşasından da yan ötməyib. Bəlkə də Azərbaycan bu işiləri çoxdan tamamlaya bilərdi. Qarabağ müharibəsinə hazırlıq və indi də böyük qələbə yenə bir çox şeyi arxa plana keçirməyi və ya ertələməyi tələb edir. Qarabağ Azərbaycanın olmasa olmazı, öncə VƏTƏNdir şüarıdır. Və bu yolda birinci mədəni, təybiyyə, əxlaq göstəricisi olandan başlamaq lazımdır, YOLDAN! Bütün əhvalatlar, siyasi və iqtisadi proseslər o yoldan başlayır Azərbaycan üçün.
***
Yuxarıd da qeyd edildiyi kimi deputat Vahid Əhmədov Bakı-Quba yolunun təmir olunması ilə bağlı məsələ qaldırıb. Normaldır ki, o, deputat seçildiyi rayona gedən yolun rahat olmasını istəyir. Ancaq, məsələ orasındadır ki, sayın deputat informasiyanın verilməsində texniki səhvə yol verir. Məsələn, Nazirlər Kabinetinə təzyiq göstərmək məqsədilə NK-nın rəhbərliyinin Qubada evlərinin olmasını yüngül-acı eyhamla, bir az populist, hətta ittiham tərzində təqdim edir. Belə götürəndə çox adamın Qubada işi də var, evi də, bələ biznesi də. Bunu kontekstdən çıxarıb demək ki, baş nazir öz evlərinə gedəndə bu problemləri görür, bu etik və səliqəli görünmür. Qubada öz evi olan birinə isə ümumiyyətlə, yaraşmır.
***
Əslində Quba yolu çoxdan problemlidir deyənlər olacaq. Bu fikrə onu da əlavə edirəm ki, nəinki Quba yolu, ölkəmizdə bir çox daxili yollar var, azı Quba yolu vəziyyətindədir. Hələ çoxunu demirəm... Məsələ bu ki, illərdir Azərbaycan müharibəyə hazırlaşdı. Hər kəs fərdi və sosial problem deyəndə dövlət susdu, rəsmi bir kəmə də açıqlamadan müharibəyə hazırlaşdı, ordu qurdu. Qələbə üçün alt zəmin yaratmaqla məşğul oldu. Çünki dövlətin gələcəyi və möhkəmlənməsi üçün hər kəsin özünə dəvə görünən fərdi problemləri yox, məhz ali məqsədlərə hesablanmış işləri önəmlidir. Bu yolda zaman itkisinə yol vermək olmazdı. Azərbaycanda hətta bir xeyli məmur özbaşınalıqları məhz bu məqsədlə reaksiyasız qaldı. Əsas hədəf, məqsəd QARABAĞ idi çünki. İndi o qələbə əldə olunub və məhz bu səbəbdən yol və digər məsələlərdə fərdi marağa söykənən işləri təxirə salmaq gərəkdir. Azərbaycan dövlət öz gələcəyi üçün Qarabağı tikir. Qarabağa gedən bütün yollar, habelə Gəncədən Zəngilana, Zəngilandan İran vasitəsilə Naxçıvana və sair yollara bu dəqiqə Quba yolundan min kərə önəmlidir. Niyə? Çünki bu dövlətin, ölkənin və xalqın həm də milli təhlükəsizlik məsələsidir. Deməli, NK daxıl hər kəs, ən aşağıdan, ən yuxarıyacan, şəxsi maraqları yox, prioritetləri, milli maraqları müdafiə etməli, önəmsəməlidir.
***
Bir ildə üç aeroport, 1600 kilometrə qədər yol, nəhəng tunellər salmaq, Zəfər yolu boyda ağır keçidli layihəni tamamlamaq, onlarla irili-xırdalı körpü salmaq, ağıllı kəndlər inşa eləmək, bağlar salmaq, elektrik, su xətləri çəkmək, Şuşada Azərbaycan dövlətinin mənəvi paytaxtında, iri layihələr reallaşdırmaq və sair, bütün bunları nəzərə almadan bir qədər də hədə tonunda görəsən niyə danışdı Vahid müəllim?!
Özü də Avtomobil Yolları Dövlət Agentliyinin saytında Qarabağda yeni yolların çəkilişi və məqsədi ilə bağlı daha geniş məlumatlar var ikən. Eyni zamanda baş nazir MM-də hesabatı zamanı rayonlararası və kəndlərarası yollarla bağlı məsələ qaldıran deputatlara məhz bunu izah etməyə çalışdığı məqamda.
Əslində indi ölkədə Vahid müəllim statuslu hər kəs insanlara anlatmalı ki, prioritetimiz Qarabağdır, ordakı işlər yoluna qoyulmalıdır. Və ölkədə vətəndaşın, parlamentdə deputatın, qaldırdığı bütün problemlərin həllinə eyni vaxtda başlanılması mümkün deyil. Çünki əks halda dövlət Qarabağın bərpası işini dayandırmalıdır. Bəlkə hansı dairələr bunu arzulayır? Sirr deyil, dünyada bəzi güclər və düşmənlər də məhz buna nail olmağa çalışmaqdadırlar. Düzü bütün bunları, dövlət işlərində böyük təcrübəyə malik bir deputatın bilməməsi və ya anlamadığı inanılası deyil. Eyni zamanda, insan ona da inanmaq istəmir ki, hər kəs bir oyunun, bir planın içindədir, dövlətin qarşısına xalqı çıxarmağa çalışmaqdadır.
Hər halda son üçün pozitivə yüklənməkdə fayda var deyək. Odur ki, V.Əhmədovun çıxışına bir də pozitiv nəzər salıram. İnformasiya texnikasından düzgün istifadə olunmamaq məsələsinə qayıdıram o üzdən. Zənimcə məlum çıxışında Vahid müəllim NK rəhbərliyini həm də tərifləyib. O, “NK-nın Qubada evi olan rəhbər şəxsləri də(düzü söhbətin kimlərdən getdiyini bilmirəm, amma zənnimcə Vahid müəllimin də Qubada evi olmamış deyil))-J.M) öz evlərinə elə həmin problemli yolla gedirlər” deməklə, onların kimsədən fərqlənmədiklərini söyləmiş olub...
Nə deyək təki bütün baş verənlərin sonunu belə tatlıya bağamaq üçün çoxlu yozum və səbəblərimiz olsun. Biz də rahat yollarla gedib, xoş, ovqatlı xatirələr yaşayıb, yol əhvalatlarımızı bölüşək. Ən əsası da odur ki, danışanda, deyəndə, yazanda, necə deyərlər, əl yeri qoyaq. Bir-birimizə deməyə sözümüz, gülümsəməyə üzümüz qalsın. Hər zaman deyə bilək ki, hara yol çəksən, yolun aydın, daş-kəsəksiz, düşmənsiz olsun AZƏRBAYCAN! SƏNƏ YAXŞI YOL!..
Jalə Mütəllimova
08.04.2022.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.