Balaca qızın bədəninə yazılmış yazılar və keçmişə aparan xatirələr....
9-04-2022, 16:20
O gün sosial şəbəkələrdə balaca bir ukraynalı uşağın bədəninə yazılmış yazıdan bəhs edən statusların çoxluğu diqqətimi çəkdi. Ölümlə üzləşmək ehtimalı yüksək olan valideynlər uşağın bədəninə onun adını və çatdırılacağı ünvanı qeyd etmişdilər...
Həmin foto mənim yadıma haradasa 20 il əvvəl götürdüyüm bir müsahibəni xatırlatdı. Qarabağ savaşı zamanı ermənilərə əsir düşən soydaşımız müsahibəsində demişdi ki, əsir saxlanıldığım yerdə xeyli azərbaycanlı vardı. Gecə ilə ermənilər mənə dedilər ki, səni sabah Azərbaycana qaytaracağıq. Sənin əvəzinə isə Azərbaycan erməni döyüşçünü geri verəcək. Mübadilənin baş tutmasına saatlar qalmışdı. Əsir azərbaycanlılar mənim bədənimə müxtəlif yazılar yazdılar. Hər kəs öz adını, əvvəl yaşadığı ünvanı, salam çatdırmaq istədiyi əzizinin adını qeyd etmişdi. Bədənimdə bir nöqtəlik belə yer qalmamışdı. Düşünürdüm ki, bir azdan azad olacam. Və nə qədər əsirlə bağlı əzizlərinə xəbər çatdıracam...
Səhər erkən ermənilər məni zindandan çıxardı. Soyunmağımı əmr etdilər. Bədənimdəki yazılara diqqət etdilər. Sonra məni divara tərəf itələdilər. Yüksək təzyiq altında olan suyu yanğınsöndürən maşından mənə doğru tuşladılar. Qarlı, şaxtalı bir səhər buz kimi soyuq suyun altında bədənimə yazılmış yazılar silinib gedirdi...
Bir də onda ayıldım ki, ermənilər məni sürüyə-sürüyə aparıb qayaya sökədilər. Bir az keçdi. Öz dilimizdə danışan insanlar mənə yaxınlaşdı. Erməni əsirliyindən qurtulduğuma görə onlar məndən çox sevinirdilər. Mən isə bədənimə yazılmış yazıların pozulmasına görə özümü günahkar bilirdim və çox məyus idim...
Bəlkə də o müsahibəni verən adamın özü də bu statusu oxuyacaq. Ümid edirəm ki, o, sağdır...
Elbəyi Həsənli
Terefəaz