Yeni edam üsulu “ixtira” edən "NKVD" zabiti Berq – sonda onun özünü də güllələnməyə həmin maşında aparıblar.
13-04-2022, 17:35
Ən yeni tarix. Maraqlı faktlar.
Səmərələşdirici təkliflər, ixtiralar adətən hansısa bir sahənin inkişafına təkan verir, məhsuldarlığı artırır. Amma tarixdə elə “kəşf”lər də olub ki, onların tətbiqi heç də xoşməramlı olmayıb. Qanlı repressiya illərində “NKVD”-nin Moskva vilayət idarəsinin əməkdaşı İsay Berqin ixtirası kimi.
30 iyul 1937-ci ildə “NKVD” başçısı Nikolay Yejovun imzaladığı 00447 nömrəli əmrlə “NKVD üçlükləri”i yaradılanda güllələnməyə məhkum edilənlərin sayı o qədər artıb ki, hökmün icra olunması problemə çevrilib. Qeyd edək ki, “NKVD üçlükləri”nə 5-6 dəqiqəlik formal prosedurdan sonra müttəhimləri güllələnməyə məhkum etmək və sürgünə göndərmək barədə qərar çıxarmaq səlahiyyəti verilib.
Moskvada da güllələnmə hökmlərinin icra edilməsində problemlər yaranıb, həm yer baxımından, həm də ştatlı “cəllad”lar az olduğundan çətinliklər yaşanıb. Bunu nəzərə alan Nikolay Yejov yeni ölüm poliqonlarının yaradılması ilə bağlı növbəti əmrlər imzalayıb. Bu əmrlərin biri Moskva ətrafında yerləşən Butovo da “NKVD”-nin atıcılıq poliqonunun güllələnmə və dəfn poliqonuna çevrilməsi ilə bağlı olub.
1937-1938-ci illərdə Butovo poliqonunda 20 min 765 nəfər güllələnib. Təkcə 1937-ci ilin 27 oktyabr tarixində, bir sutka ərzində 562 nəfərin həyatına son qoyulub.
Poliqonda “cəllad”ların sayı əvvəlcə 5, sonra 7, daha sonra isə 12 nəfərə çatdırılıb. Amma “plan”ı yerinə yetirmək üçün bu say yetərli olmayıb. Ölüm hökmünə məhkum edilənlərin güllələnmə növbəsi gözləməsi təhlükə yaradıb. Qaçmağa cəhd, poliqon əməkdaşlarına hücumlar, qiyam etmək kimi hallar adi hadisələrə çevrilib.
“NKVD”-nin Moskva vilayət idarəsinin zabiti, dövlət təhlükəsizliyi baş leytenantı, güllələnməyə məhkum olunanların digər türmələrdən Butovo paliqonuna daşınmasına cavabdehlik daşıyan İsay Berq vəziyyətin mürəkkəbliyini nəzərə alaraq “cəllad”lara kömək məqsədi ilə rəhbərlik qarşısında təklif irəli sürüb, yeni “ixtira”sı ilə prosesin yüngülləşəcəyinə əmin olduğunu bildirib.
İsay Berq təklif edib ki, məhkumlar xüsusi hazırlanmış yük maşınlarında daşınsın. Daşınma zamanı həmin maşınların kuzovuna qaz buraxılsın. Belə olan halda onlar poliqona çatana qədər öləcəklər və yalnız onları basdırmaq lazım gələcək. Bununla da Butovo poliqonunda sıxlıq azalacaq və güllələmə icraçılarının da işi nisbətən yüngülləşəcək.
Təklif “NKVD” rəhbərliyi tərəfindən bəyənilib, hətta bu “ixtira”ya görə İsay Berq “NKVD-nin fəxri işçisi” döş nişanı ilə təltif olunub.
Yeni “ixtira” çörək daşıyan maşınların üzərində tətbiq edilib. Bu da təsadüfi seçilməyib. Üzərində “çörək” yazılan maşında təkərlər üzərində ölüm kamerasının olmasından əhali şübhələnməyib, təşvişə düşməyib. Digər tərəfdən, gecə-gündüz Moskvanın küçələrində şütüyən “çörək” maşını repressiya xofu içində yaşayan şəhər sakinlərində “çörək boldur” təəssüratı yaradıb.
Maşınların kuzovu içəri tərəfdən dəmirlə üzlənib, altı yerdə rezin şlanqlar üçün yer açılıb, qaz balonları kabinəyə, oturacağın alt hissəsinə yerləşdirilib.
“Çörək” maşınlarına 40-50 nəfər məhkum pərçim edilib. Maşın hərəkətə başlayandan sonra qaz kabinədən kuzova buraxılıb. 40-50 dəqiqə ərzində içəridə olanlar boğularaq ölüblər. Bununla da, maşın son mənzilə çatanda birbaşa poliqonda qazılmış xəndəklərin yanında yer alıb.
İsay Berqin bu “ixtira”sı 1938-ci ilin sonuna qədər tətbiq olunub. Həmin ilin dekabrında Lavrenti Beriya “NKVD” rəhbərliyinə keçəndə İsay Berq köhnə komandanın üzvü, Nikolay Yejovun yaxın adamı kimi vəzifəsindən uzaqlaşdırılıb. Amma “ixtiraçı”nın cəzası təkcə işindən azad olunması ilə bitməyib.
İsay Berq vəzifəsindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq həbs edilib. Məhkəmədə hakim tərəfindən “təkərlər üstə ölüm kamerası” faktı səsləndiriləndə o, iddialarla razılaşmayıb, “NKVD” rəhbərliyinin tapşırıqlarını icra etdiyini bildirib. Onun haqqında qaldırılan cinayət işi yenidən istintaqa göndərilib. Növbəti istintaq bir həftə ərzində İsay Berqin antisovet fəaliyyətini, trotskiçi olduğunu “aşkar” edib.
7 mart 1939-cu ildə SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının hökmü ilə İsay Berq ən ağır cəzaya, güllələnmə hökmünə məhkum edilib. Hökm həmin gün icra olunub. “İxtiraçı”nı məhkəmə zalından güllənmə məkanına öz “ixtira”sında aparıblar. Amma kuzova qaz buraxılmayıb, çünki qaz buraxanın özü kuzovda olub. Sadəcə, güman etmək olar ki, o, qaz buraxılacağını gözləyə-gözləyə, dəhşətli psixoloji iztirab çəkib.
Qeyd edək ki, İsay Berq 1905-ci ildə Moskvada anadan olub. 1920-ci ildə, 15 yaşı olanda ordu sıralarına yazılıb, 20 yaşında bölük komandiri vəzifəsində xidmət edib. Sonrakı xidmətini Birləşmiş Dövlət Siyasi İdarəsində (OQPU) davam etdirib. 1934-cü ildə “NKVD” yaradılanda qurumun Moskva vilayəti İdarəsində xidmətə qəbul edilib.
İsay Berq güllələnəndə 34 yaşı olub.
Stalinin vəfatından sonra qohumları İsay Berqin bəraəti ilə bağlı müvafiq qurumlara müraciət etsələr də müsbət cavab almayıblar. Yalnız 1962-ci ildə “NKVD”-nin Moskva vilayəti idarəsinin rəisi Redensin bəraəti məsələsi qaldırılanda İsay Berq də (hər ikisi ölümündən sonra) bəraət alıb.
İlham Cəmiloğlu.