Yenə ala-ala getmişik...
17-04-2022, 00:01
Yenə ala-ala getmişik.
Canyataq, Gülyataq, Mehmana, Heyvalı (Drombon), Umudlu, Zəylik və Sərsəng su anbarı.
Demək, ərazidə üzbəüz mövqedə olan bir zabitlə danışıram. Dedim, təbrik edirəm, qarşınızdakı yerləri almışıq. Dedi, yaxşı da, mənim xəbərim yoxdur, qoy yuxarı ilə danışım görüm düzdü?
Xəritəyə bir baxın. Bu ərazilərin götürülməsi üçün keçirilməli olan əməliyyat genişmiqyaslı olmalıdır. Ötən dəfə də Sırxavəndi almışdıq, iki gün sonra ermənilər təlimdə Sırxavənd istiqamətindən topu Əskərana atırdılar.
Bəli, Azərbaycan ordusu ərazidə sakit dayanmır. Aparılan psixoloji müharibəyə xüsusi bir don da geyindirməyə çalışır. Ordu siz düşündüyünüzdən də qısa müddətdə o əraziləri götürə bilər. 55 dəqiqəyə Fərrux əməliyyatını həyata keçirən ordu, bir düşünün digər yerlərdə nələr edə bilər.
Məsələ hərb deyil. Birdəfəlik bunu anlamaq lazımdır. Məsələ siyasidir. Ordunun hər hərəkətinin qarşısda Rusiya sülhməramlıları qaratikan kolu kimi bitir. Məsələ heç Rusiya ordusunun gücü də deyil. Rusiyanın digər yöndən etdiyi təzyiqlərdir. Ukraynada nə qədər bataqlığa batmış olsa da, Rusiya Azərbaycan kimi ölkələr üçün hələ də təhdiddir.
Siyasət meydanında baş verənlərə gəldikdə, nədənsə hər kəs Paşinyanın səmimi olduğuna inanır. Şəxsən mən elə düşünmürəm. Paşinyan sülh, sülh deməklə əslində ölkəsini Qarabağ bəlasından qurtarmaq istəyir. Bu doğru. Ancaq Qarabağ problemi həll olsa, iki ölkə üzərində Rusiyanın təsiri sıfıra enəcək. Mənim gördüyüm erməni tərəfinin etməyə çalışdığı özü aradan çıxıb, Qarabağda Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdır. Əslində bunun işartıları da var. Son vaxtlar bölgədə baş verən ən xırda hadisəyə görə Rusiya Müdafiə nazirliyi münasibət bildirir.
Bu isə heç də ürəkaçan hal deyil. Danışıqlarda hər mövzuya toxunulur, bir tək sülhməramlılar xaric. Hesab edək iki ölkə arasında sülh imzalandı. Bəs sülhməramlı?
Səxavət Məmməd