Klassiklər niyə Allaha inanmağı önərirlər?! Tanrı geni nədir?!
18-04-2022, 09:03
Klassik ədəbiyyatda sufizmdəki “Tövhid” anlayışı demək olar ki, eyni ilə müasir fəlsəfədəki Panteizm məfhumu ilə eynilik təşkil edir. Belə ki, hər iki predimetdə vəhtədül-vicud fikri irəli sürülür. Qeyd etmək lazımdır ki, hər bir dində, fəlsəfədə habelə məzhəblərdə yaradan – Tanrı anlayışı müxtəlif olaraq qəbul edilir. Məsələn; aqnosizm, deizm cərəyanlarındakı Tanrı məsələsi monoteizm dinlərində xüsusən də İslamdakı Allah anlayışı ilə demək olar ki, fərqlidir. Hətta, təktanrılı dinlərdə, həmçinin məzhəblərində belə Allah anlayışı müxtəlif olaraq qəbul edilir. Belə ki, yəhudiliyin Yehovası ilə İslam dininin Allahı mahiyyət etibarı ilə eyni olsa da aralarındakı fərqlər həddən artıq çoxdur. Eyni zamanda İslam dinindəki sufizm məzhəbləri ilə şiəlik(cəfəri fiqhi) arasındakı fərqlərdən biri də Tövhid anlayışıdır. Bu məsələyə misal olaraq biz sufizmdəki Fəna-fənafillah(Allahda yox olma) predmetini, Şiəlikdə isə axirət məfhumunu nümunə verə bilərik.
Biz Xətayişünaslıq ənənələrini davam etdirdiyimiz üçün bu tezisimizdə Xətayinin Nəsihətnaməsindən beytlər təhlil edəcəyik.
Sığın fəzli-həqə, ey talibi-rah
Ki, dоst eşqin özünə eylə həmrah.
Təvəccöh qıl, təvəccöh оl kərimə,
Cəmali-ənvəri, zati-qədimə.
Təvəkkül qapusunda sən müqim оl,
Təriqi-eşq içində müstəqim оl.
Təfərrücəhli оl aləmdə sadiq,
Təhəyyür şö’leyi-didarə aşiq.
Şeirdə Xətayi gənclərə Allaha inanmağı, Allahla dost olmağı məsləhət görür. Nəsihətnamənin bu hissəsini biz minacat adlandıra bilərik. Çünki klassik ədəbiyyatda əsərlər Allahın tərifi ilə başlayar, peyğəmbər və imamların(və ya xəlifələrin) tərifi ilə davam edərdi. Bu klassik ənənədən önəmli bir sual meydana gəlir.
Nəyə görə klassiklər gənclərə Allaha iman gətirməyi və müqəddəslərə inanmağı nəsihət edirdilər?!
İnsan psixologiyası bəzən depressiya halında olduğu zaman insan özü tək qalıb kimdənsə yardım istəyir. Yardım istədiyi varlıq nə onun yaxınları, nə də sevdiyi şəxslərdir. Adətən depressiyada olan şəxslər Allaha dua edərək rahatladıqlarını qeydə edirlər. Müasir elmdə dua anlayışına Kainata göndərilən mənfi enerji və kainatdan alınan müsbət enerji deyilir. Yəni bir yaradana inanmaq və ona dua etmək insan psixologiyasında təcəssüm etmişdir. Məsələyə yapon fəlsəfəsindəki Aikido cərəyanı aspektdən yanaşsaq insanı insan edən enerji hesab olunur qənaətinə gəlmiş olarıq. Qeyd edək ki, Aikido cərəyanında Ki hissəsi ruh və enerjini eyniləşdirir. Xülasə, fikrimizcə, Tanrıya inanmaq psixologiya və enerjidən aslıdır.
2005-ci ildə Amerika Xərçəng İnistutunun professoru Dean Hamer DNT üstündə tədqiqatlar aparmış və elmə məlum olmayan yeni bir gen kəşf etmişdir. Sözügedən genə professor Hamer “Tanrı geni”(VMAT2) adını vermişdir. Dean Hamerin “The God Gene” adlı kitabından çıxış edərək söyləyə bilərik ki, həmin VMAT2 geni vasitəsi ilə insan genetik cəhətdən yaradıcıya ehtiyac duyur. Belə ki, insanın acması yəni qidaya olan ehtiyacı, aşiq olması və bir məşuqa olan ehtiyacı fikrimizcə genlərdən aslıdır. Çünki insanın psixoloji xasiyyətlərinin 90%-i gendən-genə keçir. Ona görə də klassiklər gənclərə yaradıcıya genetik baxımdan ehtiyac duyduqları üçün Allaha inanmağı tövsiyyə edirdilər. Digər müqəddəs şəxslərə(peyğəmbər və imamlara) və dinə(İslama) inanmağın səbəbi isə Allahı tanımaqdır. Alman filosofu İmmanuel Kantın da qeyd etdiyi kimi “Din Tanrını tanımaq üçün yeganə vasitədir”. Çünki Allah özü mücərrəd varlıq olduğu üçün insanlara özünü bilavasitə təqdim etmir. Ona görə ki, insan təfəkkürü Allahı bütöv formada bilavasitə qəbul edə biləcək səviyyədə deyil. Fikrimizcə, Allah Maidə surəsi 35-ci ayəni sözügedən məsələ üçün nazil etmişdir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
İnsan təfəkkürünün həzm edə bilmə qabiliyyətinə nisbətən Allah özünü insanlara tanıtmaq üçün dinlər və peyğəmbərlər göndərmişdir. Ələxsus, Allah insanlara özünü tanıtmaq üçün peyğəmbərlər göndərirsə, məntiq elminə nəzərən deyə bilərik ki, insan da peyğəmbər vasitəsi ilə Allaha dua edə bilər. Qeyd etdiyimiz kimi Allah insanların təfəkkürünə uyğun formada özünü təqdim edib, onları ibadətə sövq edir. Bu məsələdə qeyd ediləsi vacib iki məqam var. Birincisi insanın ibadət etməsinin səbəbi öz nəfsani istəklərini tərk edib kamil əxlaqa yiyələnməsidir. Çünki, əxlaqla nəfs ziddiyyət təşkil edir, ibadət isə nəfsə hökm edir, deməli ibadət özü əxlaqı kamilləşdirir. İkinci məsələ isə Allahın özünü insanların təfəkkürünün qəbuletmə qabiliyyətinə görə təqdim etməsidir. Belə ki, Allah insanlara doğru yolu göstərmək üçün Suxruf vərəqləri, Tövrat, İncil və Qurani-Kərim göndərmişdir. Bu kitabların göndərilmə tarixləri və göndərilmə sırası bir xətt üzərindədir. Çünki hər bir qövmün müəyyən fikir tutumu vardır. Bu fikir tutumlarına uyğun formada müqəddəs kitablar göndərilir. Yəni, Tövratın yerinə Qurani – Kərim göndərilsəydi həmin o qövm heçbir məsələni anlaya bilməzdi. Məsələni sadə dildə izah etsək; yəni ki, orta məktəb şagirdi akademik səviyyəli universitet kitablarını dərk edə biləcək səviyyədə deyil, eyni zamanda universitet tələbəsinin gözünə orta məktəb kitabı oyun-oyuncaq kimi görünəcəkdir. Məhz ona görə də Allah hər qövmün dərk etmə qabiliyyətinə uyğun formada peyğəmbər və kitablar nazil etmişdir.
Mənbələr :
Qurani-Kərim Maidə surəsi 35-ci ayə
Dean Hamer – The God Gene
Xətai əsərləri- şərq-qərb nəşr Bakı 2005- səh 225
Ağayar Şükürov – Fəlsəfə - Bakı 2011
Mail Yaqub-Din fəlsəfəsi – Bakı 2009
Mürtəza Mütəhərri- Teizm seminarları parlaqimzalar nəşr Bakı-2015
Mürtəza Mütəhərri – Materializmə yönəlmənin səbəbləri parlaqimzalar nəşr Bakı-2016
Tanrıverdi Əliyev
Teref.az