“Arvadım sizdən yaxşı bişirir…” – Kremlin xüsusi aşpazları və SSRİ rəhbərlərinin kaprizləri
19-04-2022, 17:03
Sovet dövründə yüksək ranqlı dövlət məmurlarının komfortlu və rahat yaşayışı üçün onlara kifayət qədər geniş imtiyazlar verilib. Baş katiblər, Mərkəzi Komitənin katibləri və şöbə müdirləri, nazirlər və komitə sədrləri mənzil, bağ evi, xidməti avtomobil, tibbi personal, mühafizə, aşpaz, bərbər, sürücü, bir neçə köməkçi, bağban və s. ilə təmin ediliblər.
Birincilərin qidalanma məsələsi isə xüsusi diqqətdə saxlanılıb. Bu məqsədlə Kremldə xüsusi mətbəx fəaliyyət göstərib.
Kreml mətbəxi hələ İosif Stalinin hakimiyyəti illərindən məmurların ixtiyarına verilib. Bu mətbəxdə çalışanların hamısı xüsusi orqanların əməkdaşları olub. Dəqiq ifadə etsək, ağ aşpaz xalatlarının altında rütbə gəzdiriblər. Xüsusi mətbəx və onun bütün işçi heyəti Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinin 6-cı şöbəsinin tabeliyində olub.
Kreml mətbəxində işə götürülənlər uzun müddət yoxlamalardan keçirilib, ən kiçik detallar belə nəzərə alınıb və işə qəbul olunduqdan sonra xəbərdarlıq edilib ki, ailə üzvlərindən başqa işlədikləri yer haqqında heç kimə məlumat verilməməlidir.
Xüsusi mətbəxin əməkdaşları adları ilə çağırılmayıb. Hər bir əməkdaşın öz nömrəsi olub. 01, 02, 03, 04 və sairə. Əməkdaşlar öz aralarında hansı rəqəmin kim olduğunu əzbər biliblər.
Siyasi Büronun hər bir üzvünə üç, büro üzvlüyünə namizədlərin hər birinə isə iki aşpaz xidmət göstərib. Aşpazlar qeyri-standart iş rejimində çalışıblar. İş günü səhər tezdən başlayaraq gecə yarıya qədər davam edib. Bundan əlavə, Kreml mətbəxinin işçiləri müntəzəm olaraq ezamiyyətlərdə, xidmət etdikləri məmurların istirahət edəcəkləri məkanlarda, bağ evlərində, hətta qatarda, gəmidə də xidmətlərini davam etdiriblər.
Dövlət büdcəsindən büro üzvlərinin aylıq qidalanmasına 400 rubl, büro üzvlüyünə namizədlərə isə 200 rubl vəsait ayrılıb. Mövcud dövr üçün bu vəsait heç də kiçik məbləğ sayılmayıb. Əgər məmurların ay ərzində yediklərinin qiyməti bu məbləği keçibsə, aradakı pul fərqini öz ciblərindən ödəyiblər. Bu məsələ Kremldə ciddi nəzarətdə saxlanılıb.
Hazırlanan qidaların keyfiyyətinə xüsusi nəzarət olunub. Həmin təamların dadına ilk olaraq həkimlər baxıblar. Elə bu ciddi nəzarətin nəticəsidir ki, Kreml mətbəxindən qidalananlar arasında heç vaxt zəhərlənmə halı baş verməyib.
Xüsusi mətbəxin aşpazlarından keyfiyyətli və dadlı təamların hazırlanması ilə yanaşı, onları arzulanan formada və yüksək səviyyədə təqdim edilməsi də tələb olunub. Məsələn, Yuri Qaqarinin şərəfinə Kremldə ziyafət təşkil olunanda ətdən hazırlanmış kotletlər raket formasında süfrəyə verilib. Yaxud, tortların üzərində Kremlin əksi və ya SSRİ-nin xəritəsi çəkilib.
Rəhbərlər onlar üçün hazırlanan qidalara tələbkarlıqla yanaşıblar. Xüsusilə də baş katiblər.
Kreml mətbəxinin dörd aşpazı həftə ərzində növbə ilə Stalinin bağında çalışıblar. Tez-tez baş tutan gecə ziyafətlərində aşpazlar Stalinin göstərişi ilə kababı böyük zaldakı daş sobada bişiriblər. Stalin hər dəfə bu prosesi diqqətlə isləyib və “kababı belə bişirməzlər” deyə aşpazlara iradını bildirib.
Nikita Xruşov da aşpazları tez-tez danlayıb. Ən çox işlətdiyi ifadə isə “Nina Petrovna (həyat yoldaşını nəzərdə tutub) sizdən yaxşı hazırlayır” ifadəsi olub.
Leonid İliç Brejnev aşpazlara qarşı daha nəzakətli davranıb. Həkimin göstərişi ilə Brejnevə günorta yeməyində müxtəlif tərəvəzlərdən şorbalar hazırlanıb. O, bu şorbalardan etika naminə imtina etməyib. Ancaq mühafizəçilərin söylədiklərinə görə, Baş katib kabinetinin arxasındakı istirahət otağında nahar edəndə həmin şorbalardan bir-iki qaşıq yedikdən sonra tualetə boşaldıb. Brejnevin daha çox sevdiyi yemək soyuq kotlet olub. Buna görə də kotlet bişirildikdən sonra soyuducuda saxlanılıb. Ümumiyyətlə Leonid İliçin çənə və protez problemini bilən aşpazlar adətən Baş katibin rahatlığı üçün yumşaq yeməklər hazırlayıblar.
Kreml mətbəxinin gərgin iş qrafiki bayram günləri və xarici ölkələrin nümayəndə heyətlərinin SSRİ-yə səfərləri zamanı olub. Böyük ziyafətlər mətbəx işçilərindən gərgin zəhmət tələb edib. Məhz belə günlərdə maraqlı hadisələr də baş verib.
Bolqarıstan nümayəndələrinin rəsmi səfəri zamanı ziyafət verilərkən süfrəyə kiçik fasilələrlə müxtəlif yeməklər verilib. 7-8 kiloqramlıq bütöv qızardılmış donuz balasını xidmətçi süfrəyə gətirəndə Brejnev tost deməyə başlayıb. Baş katibin süfrə arxasındakı nitqi qırx dəqiqədən artıq çəkib. Bu müddət ərzində xidmətçi siniyə qoyulmuş donuz balasını bir əli ilə saxlamağa məcbur olub.
Amerika Birləşmiş Ştatlarının prezidenti Nikson SSRİ-yə səfəri zamanı öz aşpazı ilə gəlsə də, Kreml mətbəxində hazırlanan yeməklərlə qidalanıb. O tez-tez mətbəxə keçməyi xoşlayıb. Buna görə də amerikalı mühafizəçilərin tez-tez mətbəxdə peyda olması yerli aşpazlarda narahatlıq yaradıb. Bununla yanaşı Niksonun klassik musiqi həvəskarı olması ucbatından səfər ərəfəsində hər gün bu janrda olan musiqiyə qulaq asmaq Kreml aşpazlarını bezdirib.
Hindistanın baş naziri İndira Qandi Moskvada səfərdə olarkən öz istəyi ilə səhər yeməyini tək yeyib. Kreml mətbəxi ona yüksək səviyyədə xidmət göstərib. Hindistanlı siyasətçi xanım səhər, günorta və axşam yeməklərində menyudan asılı olmayaraq süfrədə iri boşqabda qara kürünün olmasını xahiş edib.
Adi iş günlərində xüsusi mətbəxdə 20 növdən artıq şorbalar və xörəklər hazırlanıb. Həkimlərin göstərişi ilə bu yeməklərin hər birinin öz sahibi olub. Bu qidalar məmurların sağlamlıq durumuna uyğun hazırlanıb.
Arabir aşpazları danlasalar da, ümumilikdə Kreml məmurları öz mətbəxtlərindən narazı qalmayıblar. Bu mətbəxdən istifadə edən ən rahat məmur isə Suslov olub. Həmkarlarından fərqli olaraq o, aşpazlardan nərə balığı deyil, kartof püresi ilə 3 ədəd sosiska hazırlanmasını istəyib. Siyasətdə kaprizli olan Suslov Kremldəki son gününə qədər öz sadə menyusunu dəyişməyib.
İlham Cəmiloğlu