Döyüş meydanı şərəf meydanıdır - Nifrət etdiyin tərəfə hörmətlə döyüşmək başqa şeydir.
23-04-2022, 16:25
Müharibənin yazılmış və yazılmamış qanunları var. Yazılmış qanunları az-çox hər kəs bilir.
Yazılmış qanunlara dövlətlər beynəlxalq hüquq və məhkəmələr qarşısına çıxmamaq üçün əməl edirlər. Yazılmamış qanunlarsa sırf meydanda yaranır. Əməl etmək borc deyil, ancaq əməl edənlər hörmətin ən alisinə layiq olurlar. 44 günlük müharibə zamanı Azərbaycan dövlət olaraq qanunlara xüsusi önəm verirdi. Hər şeyi şikayət edən Ermənistan bir dənə də olsun qanun pozuntusu barədə şikayət etməyib. Məsələ ondadır ki, yazılmamış qanunlara da sahədə əməl edən çoxlu sayda komandirlər var idi. Şimal cəbhəsində ermənilərin bir tağımı tam mühasirəyə düşmüşdü.
Teref.az yazır ki, bunu hərbi jurnalist Səxavət Məmməd deyir. Daha sonra Səxavət Məmməd deyir:
Onlara təslim olmaları barədə çağırış edildi. Qüvvələr nisbəti bildirildi. Erməni komandir sona qədər döyüşəcəklərini deyəndən sonra hərəkətə keçildi və hamısı döyüş meydanında öldü. Nifrət etdiyin tərəfə hörmətlə döyüşmək başqa şeydir.
Birinci müharibə zamanı da oxşar hallar olub. Neçə erməni komandirinin azərbaycanlı döyüşçülər haqqında xoş sözlərini eşidib, oxumuşam.
Rusiya işğalçı tərəfdir. Bununla yanaşı Rusiya ləyaqətli müharibə anlayışını da itirib.
Bunun psixoloji səbəbləri olsa belə, şəxsən mənim üçün qəbul olunan hal deyil. Mariupoldakı vəziyyətə baxanda Rusiya tərəfinin nə etmək istədiyini çözmək olmur. Hər şey bir yana qarşında dayanan, düşmən saydığın, hətta nifrət etsən belə o döyüşənlərə hörmət hissi yaranmalı idi. Rusiya tərəfi təslimçiliyi belə aşağılayıcı tərzdə tələb edir.
Şəxsən mən Mariupoldakı döyüşçülərin təslim olmasını istəmirəm, hətta hamısı döyüşdə ölsə, acından, susundan son anda özlərini öldürmək həddinə çatsalar belə. Çünki açıq görünür ki, hücum edən tərəf ləyaqətli davranmayacaq. O cür döyüşçülərin əsir düşməsini heç arzulamıram. Bu onlara ölüm arzusu deyil, layiq olmadıqları davranışa məruz qalmamaları arzusudur.
Teref.az