Atasını güllələdilər, arvadına 186 milyon ödədi, Yekəxanada villa - ONU TANI
28-04-2022, 00:03
Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə azərbaycanlı milyonçu Fərhad Əhmədovdan bəhs edəcəyik
“Biznesdə dost ola bilməz. Uşaqlıqda sevimli kitabım Cek Londonun "Dəniz canavarı" idi. Mən də tənha canavaram. Mənim heç vaxt biznes şərikim olmayıb. Biznesdən kənar dostlarım, əlbəttə ki, var”.
Bunu müsahibələrinin birində milyonçu Fərhad Əhmədov demişdi. Bir dəfə isə milyonlarını qazandığı Rusiyanın mətbuatında onun haqqında belə yazmışdılar: “Fərhad Əhmədov az saylı milyonçulardandır ki, qazandığı varidatının mənbəyini sübut etmək onun üçün çətin deyil. “Forbes” isə onu “self-made man” (uğuruna görə, özünə borclu olan şəxs” kimi dəyərləndirmişdi...
Keçmiş zavod direktorunun oğlu, gələcəyin qaynaqçısı, matrosu, xəz texnoloqu və nəhayət, neft-qaz maqnatı 15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub. Amma onun atası Teymur Əhmədov əslən Qubadlı rayonundandır. Uşaqlığını da elə Göyçay şəhərində keçirib. Elə oradaca orta məktəbi bitirib.
Fərhad Əhmədovun atası Teymur Fərəc oğlu uzun illər Göyçay Konserv zavodunun direktoru olub. Ata Əhmədov 1969-cu ildə həbs edilir. O, dövlət əmlakını talamaqda ittiham olunur. 1971-ci ildə məhkəmə onun haqqında ən ağır cəza - güllələnmə hökmü çıxarır. Hökm elə həmin il də həyata keçirilir.
Az sonra yeniyetmə Fərhad Bakını tərk edir, Moskvaya yollanır. Deyilənə görə, Bakıda qatar minəndə cibində 48 manat pulu varmış. Rus ilini isə demək olar ki, bilmirmiş. O, Moskvada 85 nömrəli texniki-peşə məktəbinə daxil olur. Qaynaqçı peşəsinə yiyələnir. Bundan sonra bütün sovet gəncləri kimi hərbi xidmətə yollanır. 3 il hərbi dəniz qüvvələrində xidmət çəkir. Ordu da nizamlı xidməti komandanlığın diqqətindən yayınmır. Ona ali məktəbə daxil olmaq üçün xüsusi zəmanət məktubu verirlər. Əsgərlikdən sonra sənədlərini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna verir. Amma atasının məlum məhkumluğu ucbatından sənədlərini qəbul etmirlər. Belə olan halda, Əhmədov fikrini dəyişir. Sənədlərini Moskva Baytarlıq Akademiyasına verir və daxil olur.
1983-cü ildə o, artıq "Xəz məmulatlarının texnologiyası və əmtəəşünaslığı" ixtisası üzrə diploma malik idi.
1987-ci ildə 32 yaşlı Fərhad qəfil Londonda peyda olur. O, “Tansley Trading” şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayır. Bir dəfə ondan soruşmuşdular: “SSRİ beton sərhədlərini necə keçib Avropaya gedə bildin?”
Gələcəyin milyonçusu belə cavab vermişdi: “Mən o divarda balaca bir yarıq tapdım və qaça bildim”.
“Transley Tradinq” qısa zamanda ciddi uğurlar qazanır. Onun tərəfdaşları arasında “Qazprom” kimi nəhəng şirkətlər də var idi. Şirkət neft, eləcə də xüsusi neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olurdu. O, 1993-cü ildə “Transley Tradinq”in adı dəyişdirilərək “Farko Qrup” qoyur. “Farko Qrup” Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan “Nortqaz” şirkətinin Direktorlar şurasının üzvü olur. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayır.
O, bir ara siyasətə də baş vurur. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra “Nortqaz”ın prezidenti vəzifəsindən könüllü istefa verir. Yeri gəlmişkən, o, Rusiyada senator seçilən yeganə azərbaycanlıdır.
2005-ci ildə Rusiyanın qaz inhisarçısı “Qazprom”un təzyiqi altında “Nortqaz”ın səhmlərinin 51 faizini ona güzəştə gedir. 2012-ci ildə Əhmədov ona məxsus 49 faiz səhmləri 1,375 mlrd. dollara "Novatek" şirkətinə satır. Sahibkarlıq fəaliyyətinə paralel olaraq İ. M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin qiyabi aspiranturasını bitirir, iqtisad elmləri namizədi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.
2006-cı ildə F.Əhmədov ilk direktoru atası olan Göyçay Konserv zavodunu alır. Az sonra həmin zavod Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyəti adlanır. Fərhad Əhmədov ilkin mərhələdə layihəyə 55 milyon dollar xərcləyir. Məlumata görə, iş adamının indiyədək Azərbaycandakı layihələrə qoyduğu maliyyə vəsaitlərinin ümumi həcmi 200 milyon dollardan artıqdır.
O, üç dəfə evli olub. Sonuncu xanımı Tatyana ilə boşanma məhkəməsi isə keçən il medianın ən çox müzakirə etdiyi mövzulardan idi.
London məhkəməsinin qərarı ilə Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar təzminat ödəməli olur. Tatyana Əhmədova bu məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edir.
Əhmədovun əsas hobbisi qiymətli rəsm əsərləri toplamaqdır. Onun rəsm kolleksiyasında Ayvazovskinin 24 əsəri var. Kolleksiyasında xeyli Azərbaycanlı rəssamın da rəsmləri saxlanılır. O, amerikalı rəssam Marka Rotko “Untitled Yellow and Blue” əsərinə isə 46,5 milyon dollar ödəyib.
İş adamı Fərhad Əhmədov 2022-ci ildə sərvəti ən çox artan 10 rusiyalı biznesmen arasında yer alıb. ”Forbes” jurnalı xəbər verir ki, iş adamının sərvəti 1 ildə 300 milyon dollar artıb. Əgər 2021-ci Azərbaycan əsilli iş adamının 1,4 milyard dollar sərvəti var idisə, 2022-ci ildə bu rəqəm 1,7 milyard dollara çatıb.
Deyilənə görə, milyonçu çox vaxt İsmayıllı rayonunda Yekəxana gölünün yaxınlığında tikdirdiyi villasında olur. Çünki bu ərazidə onun sahəsi min hektarlarla ölçülən torpaq sahəsi və meyvə bağları var...