Əli Naxçıvani - Dünya bəhailərinin lideri...
28-04-2022, 08:59
Əli Naxçıvani 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakıda anadan olub. Onun atası Əli Əkbər Naxçıvani isə, 1865-ci ildə Ordubadda doğulub. Gənc yaşlarında anasının təsiri ilə bəhailiyi qəbul edən Əli Əkbər həmçinin şair, aktyor, tərcüməçi kimi fəaliyyət göstərib. Onun Lev Tolstoyla məktublaşdığı da söylənilir. Əli Əkbər bəhai icmasının tanınmış şəxslərindən biri olub. Bəhaizmin yaradıcısı Bəhaullahın böyük oğlu və davamçısı Əbdül-Bəhanın 1912-ci ildə ABŞ-a səfəri zamanı Əli Əkbər Naxçıvani onu müşayət edənlərdən biri olub. Onun həyat yoldaşı, fələstinli Fatimə də bəhai olub.
Əli Naxçıvani iki yaşında ikən atası Əli Əkbər vəfat edir. Bundan sonra ailə Hayfaya, Fatimənin qohumlarının yanına köçür. Burada böyüyən Əli 1939-cu ildə Beyrut Amerika universitetini bitirir. Elə, həmin ildən də Tehranda işləməyə başlayır və burada yerli bəhailərdən birinin Violetta adlı qızı ilə evlənir. Bir müddət Təbriz və Şirazda da çalışan Əli Naxçıvani İran bəhailərinin Ruhani Məhfilinin (şurasının) üzvü seçilir.
O, 1951-1953-cü illərdə Uqandada, 1953-1961-ci illərdə isə Kamerunda yaşayır və bəhailiyi təbliğ edir. 1956-cı ildə bəhailərin Mərkəzi və Şərqi Afrika üzrə Ruhani Məhfilinə, 1961-ci ildə isə Beynəlxalq Bəhai Məhfilinə üzv seçilir.
1948-ci ildə Bəhiyyə adlı qızı, altı il sonra Mehran adlı oğlu olur.
1963-cü ildə bəhai icmasına rəhbərlik etmək, ortaya çıxa biləcək sualları həll etmək və dövrün yenilikləri qarşısında dinin çevikliyini təmin etmək üçün Yüksək Ədalət Evi deyilən qurum yaradılır. Əli Naxçıvani onun doqquz üzvündən biri seçilir və Evin yerləşdiyi Hayfaya köçür. Beş ildən bir baş tutan seçkilərlə səkkiz dəfə bu quruma seçilir, 2003-cü ildə isə 84 yaşı olmasını əsas gətirərək namizədliyini irəli sürmür.
1999-cu ildə Əli və Violetta Naxçıvanilər Lüksemburq vətəndaşlığını qəbul edirlər.
Əli Naxçıvanı 2006-cı ildə doğulduğu Bakıya gəlir. Azərbaycan Bəhailəri Dini Mərkəzinin təşəbbüsü ilə keçirilən “Gələcək dünya sivilizasiyası: Kiçik və Böyük sülh” mövzusunda tədbirdə məruzə ilə çıxış edir.
Əli Naxçıvani 2019-cu il oktyabrın 11-də, 100 yaşı tamam olandan 22 gün sonra Fransada vəfat edib.
Qızı Bəhiyyə Naxçıvani 1978-ci ildə Amherst Massaçusets universitetində doktorluq işini müdafiə edib. Əvvəllər Belçikada, indi isə Fransada Avropa və Amerika ədəbiyyatından dərs deyir. Bir neçə roman müəllifidir. “Çox oxuyan qadın” romanı məşhur azərbaycanlı bəhai Tahirə Qürrətüleyn haqqındadır.
Mehran Naxçıvani isə Kanadada yaşayır, tanınmış iqtisadçıdır.
PS: Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib. Bu dinə görə, Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir. İlahi dinlərin birliyi bu dinin təməl prinsiplərindən biridir. Bəhailərə görə, Allahın tək bir dini var və o minilliklər ərzində təkamül edib. Bu inanca görə, insanlar eyni Allah tərəfindən bərabər yaradılıb. Hazırda dünyanın 200-dən çox ölkəsində təxminən 5 milyon nəfər bəhai inancının daşıyıcısıdır.