Hitleri yandıran adam – Erix Kempka sovet əsgərlərini 200 qram araq içməklə aldadıb.

29-04-2022, 11:47           
Hitleri yandıran adam –
Ən yeni tarix. Maraqlı faktlar.
O, doqquz il Adolf Hitlerin şəxsi sürücüsü olub və bu illər ərzində fürerə böyük sədaqətlə xidmət edib. Amma Erix Kempka Hitlerə sonuncu “borcunu” ödəyə bilməyib.

Fürer intihar etdikdən sonra onun meyidinin yandırılması üçün Kempkaya 200 litr benzinin gətirliməsini əmr ediblər. Ehtiyat yanacaq bazası bunkerdən bir az aralı olduğuna görə sürücü sovet döyüşçülərinin hədəfinə düşməkdən ehtiyat edərək həmin kiçik məsafəni qət edə bilməyib. Kempka bunkerin qarşısındakı xidməti avtomobillərdən benzin çəkməyə məcbur qalıb. Amma lazım olan 200 litr benzin yığılmayıb. Sonralar Erix Kempka bu hadisəni təəssüf hissləri ilə xatırlayıb.
Kempka 1910-cu ildə Oberhauzen şəhərində anadan olub. Ailədə 10 uşağın olması, maddi durumun ağırlığı ona normal təhsil almağa imkan verməyib. O, səkkizillik təhsilindən sonra elektrik peşəsinə yiyələnib və “DKW” avtomobil şirkətində mexanik işinə düzəlib.
Kempka 1930-cu ildə nasist partiyasına daxil olub. Az sonra o, bacarıqlı mexanik kimi Hitlerin qarajında işləmək təklifi alıb.
Kempka öz memuarlarında Hitlerin sürücülərə münasibəti haqqında yazaraq qeyd edib ki, fürer sürücü seçimində heç kimə etibar etməyib, namizədlərlə özü söhbət aparıb, sürücülərin texniki biliklərinin yüksək olmasına isə xüsusi diqqət yetirib. Bu məsələdə Kempkanın bəxti gətirib. Hitler onunla iki saatlıq söhbətdən sonra Kempkanı özünə ikinci sürücü təyin edib.
1936-cı ildə Hitlerin əsas sürücüsü vəfat etdikdən sonra Kempka onun yerinə təyin edilib.
Hitler şəxsi sürücüsünə böyük imtiyazlar və səlahiyyətlər verib. Kempka eyni zamanda Hitlerin qarajının rəisi vəzifsini də daşıyıb. Birbaşa Hitlerə tabe olan Kempka özünü yüksək ranqlı dövlət məmurlarından heç də aşağı saymayıb. Hətta bəzi vaxtlarda yüksək çinlilərin adi bir xahişini yerinə yetirməkdən də imtina edib.
Hitler Kempka üçün bütün lazımi şəraiti yaradıb. Artıq 1937-ci ildə sürücü böyük mənzilə, şəxsi avtomobilə sahib olub. Onun bütün xərcləri, ərzaq, tibbi xidmət, geyim təminatı və s. hökumətin hesabına qarşılanıb.
II dünya müharibəsinin hər dəqiqəsini Hitlerin bir addımlığında keçirən Kempka bir çox tarixi hadisələrə, Hitlerin görüşlərinə, səfərlərinə, qələbə inamına, çətin anlarına, məğlubiyyət məyusluğuna, sonuncu günlərinə şahidlik edib. Fürerin Yeva Braunla sonuncu şam yeməyində də süfrəyə məhz Kempka xidmət edib.
Almaniyanın məğlubiyyəti yaxınlaşdıqca Kempka öz gələcək aqibətinin necə olacağını yaxşı anlayıb. Buna baxmayaraq, o, Hitlerin son dəqiqəsinə qədər onun yanından uzaqlaşmayıb. Nəhayət, Hitlerin və Yeva Braunun meyitlərinin yandırılmasından sonra Kempka Berlindən qaçmağa cəhd edib.
1945-ci ilin mayın 1-də Kempka mülki paltar geyinərək metronun tunelləri ilə şəhərin kənarına çıxmağa çalışıb. Məhz metronun içərisində sovet döyüşçüləri onu yaxalayıblar. Əvvəldən tanıdığı yuqoslaviyalı bir qadın özünü qabağa ataraq rusların qarşısında əsl “şou” göstərib, göz yaşlarını axıdaraq bildirib ki, Kempka onun həyat yoldaşıdır və almanlara, müharibəyə heç bir aidiyyatı yoxdur. Sovet hərbçiləri qadının göz yaşlarına mərhəmətlə yanaşaraq bildiriblər ki, əgər belədirsə, onda siz SSRİ-nin qələbəsi şərəfinə içməlisiniz. Ruslar Kempkaya araq süzüblər, o, mis qabdakı arağı başından yuxarı qaldırıb “qələbənin şərəfinə” deyərək başına çəkib. Beləliklə, Kempka 200 qram arağın hesabına ruslardan canını qurtarıb və özünü Berxtesqadenə çatdırıb. Amma burada o, amerikalı hərbçiləri aldada bilməyib. İyulun 18-də Kempka həbs edilib.
Kempka cəmisi iki il həbs cəzası çəkib. 1947-ci ildə azadlığa buraxıldıqdan sonra o, Münhendə yaşayıb.
1950-ci illərdən sonra Kempka müəllifi olduğu kitablarla məşhurlaşıb. Onun “Hitleri mən yandırmışam” kitabı isə daha böyük populyarlıq qazanıb.
Kempka jurnalistlərə açıq adam olub, müsahibə verməyi xoşlayıb. Jurnalistlərlə söhbətində o, hər şeyi açıq-saçıq danışıb, hətta adi etika normalarına da məhəl qoymayıb. Amerikalı jurnalistlərə verdiyi müsahibədə Kempka qeyd edib ki, Göbbelsin həyat yoldaşı Maqda Hitleri dəlicəsinə sevib, o, fürerin yanında əyləşəndə qadının ehtiraslanmasının şahidi olub.
Borman haqqında xatirələrini jurnalistlərlə bölüşən Kempka qeyd edib ki, Bormanın Yeva Braundan zəhləsi gedib. Sürücü vurğulayıb ki, Braunun meyitini bunkerdən həyətə çıxaranda Borman sanki kartof kisəsi daşıyırdı.
Müharibədən sonrakı illərdə həyatından heç də narazı olmayan Kempka yazdığı kitablardan, Hitler və II dünya müharibəsi ilə bağlı çəkilən filmlərdə məsləhətçi qismində aldığı qonorarla maddi vəziyyətini normal səviyyədə saxlaya bilib, dolanışığından şikayətlənməyib.
Erix Kempka 1975-ci ildə, 64 yaşında vəfat edib.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.