SSRİ-nin daxili işlər naziri özünü niyə güllələyib? – Nikolay Şelokovun intihar məktubu

30-04-2022, 08:28           
SSRİ-nin daxili işlər naziri özünü niyə güllələyib? –
18 illik hakimiyyəti dövründə Leonid Brejnev öz mövqelərini, mütləq hakimiyyətini qorumaq üçün kadr siyasətinə son dərəcə diqqət və həssaslıqla yanaşıb. Baş katib yüksək ranqlı məmurların qruplaşmalarından, ona qarşı çıxacaqlarından ehtiyat edib. Bu narahatlığını aradan qaldırmaq üçün Brejnev qabaqlayıcı tədbirlər görüb, siyasi nüfuzu yüksək olan dövlət məmurlarını böyük “ustalıqla” üz-üzə qoymağı bacarıb və bununla da Kremldə siyasi qruplaşmaların yaranmasına imkan verməyib.

Baş katibin bu cür siyasi oyunlarının əsas hədəflərindən birinə isə SSRİ daxili işlər naziri Nikolay Şelokov çevrilib. Uzun illər sovet-partiya sistemində çalışan Şelokovun Brejnevlə hələ əvvəllərdən dostluq münasibətləri olub. Brejnev bu dostluğu yüksək qiymətləndirib, baş katib postuna keçəndə Şelokovu ölkənin ən mühüm strukturlarından birinə, Daxili İşlər Nazirliyinə rəhbər təyin edib.


1966-cı ildə nazir kürsüsündə əyləşən Şelokov çox qısa müddətdən sonra ölkənin ən “vacib” fiqurlarından biri sayılıb. Bunun birinci səbəbi baş katiblə nazirin yaxın münasibətləri, ikinci səbəb isə Şelokovun daxili işlər orqanlarına yeniliklər gətirməsi olub. O, xüsusilə şəxsi heyətin sosial rifahının daha yaxşı olması üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Nazir kürsüsündə əyləşəndə Şelokov tanınmış ziyalılarla yaxın münasibətlər qurub, onların problemlərinin həllində yardımçı olub. Brejnevdən daim dəstək alan nazir ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəallığı ilə fərqlənib.

Nikolay Şelokovun və onun rəhbərlik etdiyi qurumun yalnız bir məsələdə, Dövlət Təhlükəsizliyi Komitəsi ilə münasibətdə problemləri yaranıb. Xidməti məsələlərdə tez-tez baş-başa gələn iki yüksək çinli məmurların arasında soyuq münasibət hökm sürüb. Bunun səbəblərindən biri o olub ki, bir çox hallarda Brejnev Dövlət Təhlükəsizlik Komitəsinə aid olan məsələləri Daxili İşlər Nazirliyinə həvalə edib, yaxud da əksinə, daxili işlər orqanlarının səlahiyyətinə aid bəzi tapşırıqlar Dövlət Təhlükəsizlik Komitəsinin icraatına verilib. Xüsusilə, ölkədə böyük səs-küyə səbəb olan korrupsiya faktları ilə bağlı araşdırmalarda iki qurumun başçıları üz-üzə gəlməli olublar.



26 dekabr 1980-ci ildə Dövlət Təhlükəsizlik Komitəsi katibliyinin rəis müavini Vyaçeslav Afanasyevin “Jdanovsk” metrostansiyasında xətt milis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilməsi isə Şelokovla Andropov arasında gərginlyi bir az da artırıb. Onu da qeyd edək ki, bu qətl hadisəsində heç bir siyasi motiv olmayıb, cinayət sadəcə tamah məqsədilə törədilib.

Təbii ki, iki məmur arasında yaranmış gərgin münasibət və konfliktdən Brejnevin də xəbəri olub. Ancaq baş katib bu gərginliyi aradan qaldırmağa cəhd göstərməyib. Çünki iki mühüm strukturunun rəhbərlərinin soyuq münasibəti Brejnev üçün sərfəli sayılıb. O, elə düşünüb ki, DİN və DTK-nın mehribanlığı gələcəkdə onun taxt-tacı üçün problem yarada bilər.

Bütün reallıqları son detallarına qədər görməyi bacaran Andropov Şelokovu yolunun üstündən götürməyə, onunla açıq mübarizəyə başlamağa tələsməyib. Şelokov isə bu mübarizədə tələskənliyə yol verib.

10 sentyabr 1982-ci ildə Şelokovun Brejnevlə dörd saata yaxın məxfi görüşü keçirilib. Həmin vaxt Andropov Mərkəzi Komitənin katibi vəzifəsində işləyib. Şelokov Brejnevdən partiyaya qarşı çıxması ilə bağlı şübhələrə görə Andropovun üç günlük həbsinin “xeyir-dua”sını alıb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Andropovun yaşadığı Kutuzov prospektindəki mənzilini mühasirəyə alıblar.



Əməliyyatın keçirilməsi üçün xüsusi plan hazırlanıb, yollar nəzarətə götürülüb. Andropovun ayıqlığı və DTK əməkdaşlarının çevikliyi sayəsində Şelokovun “Milis qiyamı” 11 nəfərin yaralanması, 1 nəfərin ölümü ilə ustalıqla yatırılıb, əməliyyatda iştirak edən milis işçiləri həbs olunublar. Bu hadisə Mərkəzi Komitədə qeyri-rəsmi şəkildə müzakirə edilib, Kreml məmurları müvəqqəti də olsa sakitliyi bərqərar edə biliblər. Andropov isə baş verən hadisələri yaddaşına həkk edib.

Nəhayət, Andropov üçün qisasın, “Milis qiyamı”nın cavabını verməyin məqamı yetişib. Brejnevin vəfatından sonra hakimiyyətə gələn Andropov bir aydan sonra Şelokovu nazir vəzifəsindən azad edib. 1983-cü ildə o, Mərkəzi Komitənin üzvlüyündən xaric olunub, ordu generalı hərbi rütbəsi alınıb, 1984-cü ildə Sosialist Əməyi Qəhrəmanı və sovet-alman müharibəsi illərindəki təltiflərindən başqa bütün dövlət təltiflərindən məhrum edilib. Şelokov vəzifədən sui-istifadədə, korrupsiyada ittiham olunub. Onun haqqında qaldırılan cinayət işi 21 cilddən ibarət olub. Bu cinayət işində sabiq nazirin vəzifədən sui-istifadə edərək qanunsuz əldə etdiyi bağ evləri, mənzillər də öz əksini tapıb.

Ümumilikdə Şelokovun dövlətə vurduğu ziyanın məbləği yarım milyon rubldan artıq hesablanıb. Hətta o da məlum olub ki, Şelokov qaynanasından da səxavətini əsirgəməyib. O, 64 yaşlı qaynanasını daxili işlər orqanlarında xidmətə götürüb, ona mayor rütbəsi verib. Bu faktlar sabiq naziriə birbaşa həbsxananın yollarını göstərib.



Şelokovdan rəsmi şəkildə dövlət təltifləri olan ordenlərini təhvil vermək tələb olunanda sabiq nazir cavab verib ki, gəlib özünüz apararsınız. Qərara alınıb ki, rəsmi şəxslər ordenləri götürmək üçün dekabrın 13-də sabiq nazirin mənzilinə gedəcəklər və bu haqda Şelokovu da məlumatlandırıblar.

Nikolay Şelokov dekabrın 13-də general libasını geyinib. Bir fincan kofe, bir neçə qədəh konyak içib. 420 rubl pulu stolun üstünə qoyub və yazıb: “Kommunal xərcləri və xidmətçinin pulunu ödəyərsiniz”. Stolun üstündən onun yazdığı ikinci kağız da tapılıb: “Ölülərdən ordenləri geri almırlar”. Bu, sabiq daxili işlər nazirinin sonuncu yazısı olub. Nikolay Şelokov tüfənglə özünə atəş açaraq intihar edib.

İlham Cəmiloğlu
Gündem.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.